Ənənəvi media yeni dövrün çağırışlarına uyğun transformasiya olunmalıdır

Yeni media və texnologiyaların sürətli inkişafı ənənəvi televiziya, qəzetçilik və jurnalistikanın transformasiyasını zəruri edir, Azərbaycan mediası isə bu dəyişikliklərə uyğunlaşmaq istiqamətində fəaliyyətini davam etdirir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova Medianın İnkişafı Agentliyinin (MEDİA) Milli Mətbuat Gününə həsr olunan tədbirdə deyib.

S.Məmmədova bildirib ki, televiziya qəzetçilikdən və milli mətbuatdan daha gənc olsa da, yarandığı gündən mətbuat ənənələri ilə ayaqlaşmağa, bəzi istiqamətlərdə isə innovativ yanaşmalar tətbiq etməyə nail olub.

Onun sözlərinə görə, hazırda bütün dünyada ənənəvi televiziya, qəzetçilik və jurnalistika transformasiya mərhələsindən keçir.

"Yeni media, müasir yayım platformaları və innovasiyalar ənənəvi platformaların transformasiyasını tələb edir. Azərbaycan mediası da dəyişən dünyanın müasir tələbləri ilə ayaqlaşmağa və yenilənməyə çalışır", - deyə o qeyd edib.

S.Məmmədova bildirib ki, televiziya kanallarında rəqəmsal platformalarda fəaliyyətin təkmilləşdirilməsi, əməkdaşların multibacarıqlarının inkişaf etdirilməsi, efir konsepsiyasının və məzmunun yenilənməsi istiqamətində yeni layihələr həyata keçirilir.

 

O qeyd edib ki, Media və Yayım Şurasının yaradılması media idarəçiliyi sahəsində son dövrün ən mühüm addımlarından biridir.

"Media və Yayım Şurası təkcə inzibati tənzimləmə funksiyasını yerinə yetirməməli, eyni zamanda media nümayəndələrinin problemlərinin müzakirə olunacağı və həlli istiqamətində dəstək veriləcəyi instituta çevrilməlidir", - deyə o vurğulayıb.

S.Məmmədova çıxışında Azərbaycan Radiosunun 100 illik yubileyinə də toxunaraq bildirib ki, televiziya radionun üzərində formalaşıb və radio ölkədə peşəkar jurnalistikanın inkişafında mühüm rol oynayıb.

O vurğulayıb ki, radio jurnalistikası onun peşə fəaliyyətində xüsusi yer tutur və səsin jurnalist üçün ən böyük dəyərlərdən biri olduğunu hesab edir.

"Jurnalistikanın çoxsaylı janrları var. Mənim üçün səsimlə tanınmaq peşə fəaliyyətimin ən böyük dəyərlərindən biridir", - deyə S.Məmmədova əlavə edib.