Rabitəbank-dan inanclı insanlara və uşaqlara şad xəbərlər var

Rabitəbank tərəfindən İslam dininin hökmlərinə uyğun olan və dini inanclı insanların rahat istifadə edə biləcəyi yeni, innovativ  "İslam depozit məhsulu" yaradılıb. Day.az xəbər verir ki, bu barədə media nümayəndələri ilə görüşündə "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov məlumat verib.

Milli Mətbuat Günü ərəfəsində Rabitəbankın baş ofisində media nümayəndələri ilə görüş təşkil edilib. Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edən Aydın Hüseynov etibarlı informasiya mənbəyi kimi media qurumları ilə tərəfdaşlığa böyük önəm verdiyini qeyd edib: "İnanırıq ki, güclü kommunikasiya yalnız məlumat paylaşmaq deyil, qarşılıqlı etimad yaratmaqdır. Məhz bu etimad media ilə qurduğumuz uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir. Rabitəbank olaraq biz media ilə açıq dialoqa, şəffaf kommunikasiyaya və peşəkar əməkdaşlığa hər zaman xüsusi önəm veririk. Bu görüş də sizinlə fikir mübadiləsi aparmaq, bir-birimizi daha yaxından tanımaq və gələcək layihələr üçün yeni imkanlar yaratmaq baxımından bizim üçün önəmlidir" - deyə bankın rəhbəri qeyd edib.

Aydın Hüseynov həmçinin geniş elektron təqdimatla çıxış edərək Rabitəbank-ın strateji hədəfləri, rəqəmsal inkişaf istiqamətləri, innovativ məhsulları və gələcəyə baxışı haqqında danışıb. Bankın bır sıra yeni məhsulları haqqında ilkin məlumatları paylaşıb.

Rabitəbank yeni innovativ xidmətlərdən bu kimi pərakəndə məhsullarını təqdim edir: avans krediti, digi nağd pul, Kartmane taksit, digi depozit, mudaraba və murabaha (İslami kredit), Kartmane junior, Kartmane Gamer, Rabitə İnvest.

Aydın Hüseynov deyir ki, müsəlman ölkəsi olaraq Azərbaycanda mömin insanlar  bank xidmətlərindən kənarda qaldıqları üçün İslam depozit məhsulunu yaratmağa qərar verdi və bununla da Rabitəbank yerli bank sektorunda İslam bankçılığı xidməti verən ilk bank oldu. İdarə Heyətinin sədri qeyd edib ki, İslam bankçılığı "mudaraba və murabaha" adlı maliyyə modellərini təqdim edir. Bu modellər Azərbaycanda şəriət prinsiplərinə uyğunlaşdırılmış, həm fiziki şəxslər, həm də bizneslər üçün faizsiz maliyyə məhsullarını əhatə edir. Xidməti izah edən A.Hüseynov müştəriləri faiz ödəməkdən azad edən bu kredit növü haqqında nümunələr göstərərək, onların istinadları və əminliyi barədə də danışdı.

A.Hüseynov Rabitəbank-ın İslam İnkişaf Bankı ilə əməkdaşlığına da toxunaraq, İslam İnkişaf Bankı Qrupunun 51-ci illik toplantıları çərçivəsində Bakıda keçirilən Özəl Sektor Forumunda (PSF 2026) mühüm beynəlxalq əməkdaşlığa imza atdıqlarını xatırlatdı.

Aydın Hüseynov digər innovasiyalar barədə də məlumat verərək bildirdi ki, Rabitəbank ilk dəfə olaraq "Anbar maliyyələşməsi" modelini həyata keçirib.   

Bank həmçinin uşaqlara yönəlik "Kartmane junior" və "Kartmane Gamer" kartlarını yaradıb və "Rabitə junior mobile" mobil tətbiqini təsis edib, bu proqramları oyun elementləri ilə zənginləşdirib. Aydın Hüseynov deyir ki, bu layihələrinə görə də Rabitəbank ölkəmizdə ilkə imza atıb. "Kartmane junior" və "Kartmane Gamer" kartlarının və mobil tətbiqinin üstünlüyü ondan ibarətdir ki, uşaqlar alış-veriş etməklə bərabər, həm də oyunlar oynamaq, əyləncəli vaxt keçirmək, həmçinin keşbek (cashback) və uduşlar qazanmaq imkanı əldə edirlər. Bu tətbiqlərdə valideynlərin uşaqların kartlarına nəzarət edə bilmək imkanı da yaradılıb.    

Media konfransda "Rabitəbank" ASC-nin İdarə Heyəti Sədrinin  1-ci müavini Orhan Gültekin də elektron təqdimatla çıxış edərək bankın fəaliyyət və xidmətləri, strateji hədəfləri barədə danışıb, həmçinin jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Mətbuat konfransından sonra jurnalistlərin bankın baş ofisi ilə tanışlığı təşkil edilib, departamentlərin fəaliyyətləri barədə məlumat verilib. Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə bankın hədiyyələri təqdim edilib.