Dövlətlərin məhvinə gətirib çıxara biləcək "bakterioloji silah"

Day.Az представляет новость на азербайджанском языке
Separatizmlə mübarizə bəzi qüvvələrə sərf etmir.
"Hazırda separatizm kabusu bütün dünyanı dolaşır. Bu proses artıq bir neçə ildir davam edir. Çünki böyük siyasi qüvvələr oynadığı oyunlarda separatçılardan, ümumən isə çox təhlükəli olan bu tendensiyadan öz məqsədlərinə çatmaq üçün alət kimi istifadə edirlər. Nəticədə separatçılıq geniş vüsət almağa başlayıb".
Bunu Milli.Az-a beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri İlqar Vəlizadə İraqın şimalındakı Kürdüstan regionundan sonra İspaniyanın Kataloniya vilayətinin də müstəqilliyə nail olmaq referendum keçirilməsini və bu fonda dünyada separatizm meyllərinin artmasını şərh edərkən deyib.
Separatizmi bakterioloji silaha bənzədən politoloqun fikrincə, bəzi dövlətlər onunla mübarizədə maraqlı deyillər: "20-ci əsrdə, "Soyuq müharibə" vaxtında viruslardan müharibə məqsədilə istifadə etmək üçün müxtəlif proqramlar vardı. Bunun üçün laboratoriyalar qurulurdu. Amma vəziyyət mürəkkəbləşəndən sonra bakterioloji silahdan istifadəyə BMT səviyyəsində qadağa qoyuldu. Çünki təhlükələr kifayət qədər böyük idi. Separatizm də həmin o virus, bakterioloji silah kimi bir şeydir.
Lakin hələ də BMT səviyyəsində buna sərt münasibət bildiribməyib. Əslində, bütün bu proseslərin qarşısını almaq üçün hansısa bir mexanizm hazırlanmalı və təsdiqlənməlidir. Çünki belə hallarla pərakəndə şəkildə mübarizə heç vaxt səmərə vermir. Hansı köklərdən qaynaqlanmasına baxmayaraq, separatizm bütün hallarda mənfi siyasi haldır və onunla mütləq mübarizə aparılmalıdır. Amma biz görürük ki, separatizmlə mübarizə bəzi hallarda kiməsə sərf etmir. Müxtəlif regionlarda gedən proseslər onu göstərir ki, dağıdıcı qüvvə kimi separatçılar çox "yaxşı" alətə çevrilib və böyük oyunçular çox da böyük səy göstərmədən onlardan istifadə etməklə məqsədlərinə çata bilərlər".
Ekspertin sözlərinə görə, separatçılığı dəstəkləyən qüvvələr demokratiya pərdəsi altında siyasi şantajdan istifadə etməyə çalışırlar: "Bir neçə onilliklərdir ki, İspaniyanın Kataloniya bölgəsində, ümumiyyətlə İspaniyada mürəkkəb proseslər, transformasiya baş verir. Bu ölkənin daxilindəki regionlar daha çox muxtariyyət qazanmağa başlayıblar. İspaniya federativ dövlət olmasa da, burada federallaşmağa doğru siyasi model formalaşıb. Kataloniya ilə yanaşı Valensiya, Qalisiya və Bask vilayətləri də tədricən daha çox imtiyazlar qazanmağa başlayıblar. Məsələn, iş hətta o yerə çatıb ki, Kataloniya Avropa İttifaqının hansısa regional qurumunda təmsil olunur, amma İspaniya yox.
Demək olmaz ki, bu gün İspaniyada milli azlıqlara qarşı hansısa qeyri-normal münasibət var və artıq elə vəziyyət yaranıb ki, onlar yalnız müstəqillik yolu ilə öz mövcudluqlarını qoruyub saxlaya bilərlər. Bu göstərir ki, separatçılığı dəstəkləyən qüvvələr demokratik şüarlarla pərdələnməyə üstünlük verir və siyasət yürüdərkən real demokratik vasitələrdən istifadə etməyə çalışmır, mərkəzi hakimiyyətlə heç bir dialoqa getmirlər. Onlar yalnız şantaj xarakterli siyasi təzyiq vasitəsilə dialoq aparırlar. Həm İspaniya, həm İraqdakı referendumlar da siyasi təzyiqin bir formasıdır və separatçı qüvvələr bu formadan istifadə etməyə çalışırlar".
İ.Vəlizadə hesab edir ki, BMT də daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən separatizmə qarşı hələ də sərt reaksiya verilmir: "Maraqlısı odur ki, həm İraqda, həm də İspaniyadakı referendumlara beynəlxalq səviyyədə reaksiyalar çox yumşaqdır. Nə qədər ki separatçılar belə yumşaq reaksiyalarla üzləşəcəklər, onların öz şantajlarını davam etdirmək, siyasi alver aparmaq və digər qüvvələrin əlində destruktiv alətə çevrilməsi üçün bir o qədər çox imkanlar yaranır. Bu bəladan qurtulmağın yeganə yolu isə referendumlar da daxil olmaqla bütün separatçı addımlara sərt reaksiya verilməsindən keçir. Əgər referendum mərkəzi orqanlar tərəfindən qəbul edilmirsə, birmənalı rədd edilməlidir.
Bu vaxta kimi ən demokratik referendum Şotlandiyada keçirilib. Həmin vaxt London onun keçirilməsinə razılıq vermişdi və nəticələrini tanıyacağını bəyan etmişdi. O da çox böyük siyasi kompromis əsasında təşkil olunmuşdu. Lakin referendumun nəticəsində şotlandların əksəriyyəti Böyük Britaniyanın tərkibindən çıxmağa razı olmadı. İndi yenə də referendumun keçirilməsinə dair təkliflər səslənsə də, artıq London buna razılıq vermir. Həmin vaxt separatçılara şans verilmişdi, lakin onlar bundan kifayət qədər istifadə edə bilmədilər. Bax, bu cür refendumlar məqbul, legitim hesab edilə və qəbul oluna bilər. Digər hallarda isə bu artıq referndum yox, sanki şoudur. Əgər söhbət demokratik referendumdan gedirsə, o bütün tərəflərin maraqları nəzərə alınmaqla keçirilməlidir. Lakin nə İraq Kürdüstanında, nə İspaniya Kataloniyasında, nə də Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda keçirilən referendumlarda titul millətin, mərkəzi hakimiyyətin mövqeyi, maraqları nəzərə alınmayıb. Ona görə də burada nəinki demokratik prosedurların tətbiqindən söhbət gedə, ümumiyyətlə, demokratiya sözü işlədilə bilməz!"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре