Şou-biznesimizda nə baş verir?

Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftbəbecər"i (32-ci say) təqdim edir.
Müğənni Lalə Dadaşovadan xeyli vaxtdır səs-soraq yoxdur. Axırıncı dəfə xanım sənətçini efirdə meyxana deyən görmüşdüm. İki gün öncə "Günəbaxan" verilişində qonaq olub. Amma bu dəfə meyxana deməyib, keçmiş gəlinindən danışıb. Keçmiş gəlini də kim olsa yaxşıdır? Tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarova. Deyib ki, oğlu ilə Mehriban Xanlarova iyirmi il öncə bir-birini dəli kimi seviblər, sevgili olublar, evləniblər, sonra da ayrılıblar. Amma dəli kimi yox, ağıllı şəkildə. Sadəcə, bir şeyi başa düşmədim ki, iyirmi ildən sonra bu haqda danışmaq nəyə lazım idi? Reklamlar...
Xoşqədəm Hidayətqızı haqda yazanda çoxları elə bilirlər ki, bu qadınla ədavətim, şəxsi-qərəzliyim var. Əsla. Ömründə bircə dəfə üzbəsurət ünsiyyətimiz olub. O da ki Doğuşla toylarında. Xəbər yazmışdım, gəldi baxdı, dedi ki, di verin getsin. Mən də onda xeyli gülümsəmişdim. Çünki çoxları yaxşı bilirlər ki, Hidayətqızı mətbuata baş redaktor kimi gəlmiş nadir azərbaycanlılardandır. Yəni jurnalistikaya xəbər yazmaqla başlamayıb, məndən fərqli olaraq. Sözüm onda yox.
Bu xanım bir neçə gün öncə onun adından sosial şəbəkədə profil açanları əməlli-başlı təhqir edib. Onun fikirlərini öz dilimdən yazmağa utandığımdan dediklərini olduğu kimi təqdim edirəm. Oxuyun:
"Dostlar, daha bir nəfər mənim adımdan saxta profil açıb. Vallah, dəhşətə gəlirəm. Bu qədər də saxtakarlıq olar? Adam da atasından, öz adından imtina edər? Bəlkə, nə vaxtsa atam onun anası ilə görüşüb?"
Hidayətqızı ardınca saxta profillərdən birinin ekran çəkimini paylaşıb və əlavə edib ki, bu saxta profilin sahibi onun atasının adını çəkməklə, anasının nə yuvanın quşu olduğunu göstərir.
"Artıq məcburam ki, bu səviyyəsizlərin dilində danışım. Axı nə qədər adıma saxta profil açılar? Müəyyən həddə çatanda, dostluqda kifayət qədər insan olanda artıq ad dəyişilir və məlum olur ki, mənim adıma səhifə açan kişiymiş. Nə deyəsən??? Amma mən yazıq hər zaman adını kişi qoyanlarla savaşmışam. Bu günə qədər bir qadınla üz-üzə gəlməmişəm. Bu günə qədər bir qadın haqqımı tapdalamadı, mənə xəyanət etmədi, satmadı. Söhbət yaxşılıq etdiklərimdən, əl tutduqlarımdan gedir".
Bu uzunluqda sitatı sizə elə-belə təqdim etmədim. Bu xanım hələ başa düşmür ki, ictimailəşmiş sima hər zaman insanlar üçün maraqlıdır. Azərbaycanda "Monika Beluççi" adıyla minlərlə səhifə açan xanım var. Onda belə çıxır ki, Monika Beluççinin atası həmin adamların anasıyla görüşüb? Bunu birdəfəlik anlamaq lazımdır. Yəni belə məqamlarda daha soyuqqanlı olmaq lazımdır. Ən rahat variant isə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməkdir. Çünki tamaşaçı efirə Xoşqədəmin atası Hidayət kişinin "cavanlıq macəraları" haqda moizəyə qulaq asmaq üçün baxmır.
Gənc aktrisa Pərvin Abıyeva yeni avtomobil alıb. Avtomobiliylə şəkillər çəkdirən aktrisa bildirib ki, bundan əvvəl "Hyundai SantaFe" sürüb və o avtomobili yolları rahat öyrənmək üçün alıb. Sonra camaat deyir ki, pul yoxdur. 25 yaşlı və cəmi 1-2 rol oynamış aktrisa 20-30 minlik maşını "uçebka" üçün sürür. Necə deyərlər, sağlıqla.
Aktrisa əlavə edib ki, bahalı maşın sürəndə insanlar başqa cür düşünürlər. Məsələn, deyirlər, "daydayı", "sevgilisi" var. Pərvin xanım, vallah, camaatı da qınayası deyil. Bir dəfə 18 yaşlı müğənniciyi danışdırırdılar. Dedi ki, maşınımın qiyməti 30 min manatdır, bunu sürməyə utanıram. İndi özünüz düşünün, həmin müğənni hətta anasının qarnından çıxan gündən oxumağa başlasaydı, halal yolla o maşını ala bilərdimi? Yəni, Məşədi İbad demişkən, camaat belə şeylərə bir növ adətkərdə olub. O ki qaldı sizin avtomobilinizə, xeyirli olsun. Kimin almağını isə özünüz və Allahınız bilir. Düz deyirsiniz, şou-biznesdə çoxları kiminsə hesabına yaşayır. Nəinki yaşayır, hətta nəfəs alırlar. İnanmaq istəyirəm ki, siz yaşayışınızı da, maşınınızı da özünüz təmin edirsiniz. Hər zaman bu cür qalın, özünüz demişkən, ən bahalı aktrisa olun. Allah sağ olan bütün peşəkar aktrisalarımıza rəhmət eləsin.
Saytlardan biri əməkdar artist Baloğlan Əşrəfovu "öldürüb". Sənətçi deyir ki, nə olur-olsun, həmin saytı məhkəməyə verəcəyəm. Mən də deyirəm sonra qohum-əqrəba jurnalist olduğumu biləndə mənə niyə birtəhər baxır...
Gənc müğənni Aysel Əlizadə qeyri-adi evlilik təklifi istəyir. Məsələn, bu təklif ölkədən kənardan olmalıdır. Sitat:
"Mənim üçün qeyri-adi evlilik təklifi ölkədən kənar, gözümüzün alışdığı, əlimiz çatan məkanlardan uzaq olmalıdır. Çətinliklə başa gələ bilən, yuxu kimi bir mənzərə olsun istəyirəm. Ən əsası - bunları mənə sevəcəyim insan etsin. Görüntü xatirinə toy edib, gəlinlik geyinmək istəmərəm. Ömür boyu sevib, xoşbəxt ailələrdən olmağı arzu edirəm".
Aysel xanıma elçi düşmək istəyənlərə bir məsləhət. Bakıdan oturursunuz taksiyə, düz Yalamaya. Oradan keçirsiniz Rusiya tərəfə. Elə iki yüz metr sərhəddən o tərəfə keçsəniz, bəsdir. Sonra Aysel xanıma etirafınızı edirsiniz. Soruşsa, deyin ki, ölkədən kənardayam. Sonra təzədən oturursunuz taksiyə, keçirsiniz Quba ərazisinə və oradan da Bakıya. Bu da olur qeyri-adi evlilik təklifi.
Gənc aktyor Səməndər Rzayev müsahibəsində deyib ki, vaxtilə efirdə Rəqsanədən danışdığına görə bir "dayday" tərəfindən hədələnib. Rəqsanə xanım, uşaq çox pis qorxub, hazırda gərgin vəziyyətdədir, dərin depressiya yaşayır. Zəhmət olmasa, "dayday"ınıza deyin də...
Sonda bir xəbər yazacaqdım. Amma axır vaxtlar məni də yaman bərk hədələyirlər. Yoxsa yazardım ki, nazir müavininin oğlu bir müğənnini saxlayır. Müğənni də jurnalistləri hədələyir ki, yazsanız, özünüzə problem olar. Allah hamınızı güldürsün.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре