İngiltərədə qadınlar buna görə boşanırlar, bizim xanımlar isə dözür

Day.Az представляет новость на азербайджанском языке.
Hər kəsin ailəsində və ya ətrafında yatarkən xoruldayan insanlara rast gəlmək mümkündür. Bu insanlar yanında yatanlara verdikləri narahatlıqlarla yanaşı, öz orqanizmlərini də təhlükə altında qoyurlar. Bəs xoruldamaq nədir? Orqanizmdə hansı fəsadları yaradır? Bununla bağlı suallarımızı Mərkəzi Klinikanın Yuxu Mərkəzinin müdiri Yusif Nağıyev cavablandırdı.- Həkim, xorultu nədir və bu, xəstəlik sayılırmı?
- Xorultu bəzi insanların yuxuda olarkən nəfəs alması nəticəsində çıxardığı müəyyən səslərdir ki, bu, yuxarı tənəffüs yollarının səviyyəsində yumşaq toxumaların hava keçəndə hərəkətə gəlməsi nəticəsində yaranır. Hər bir insanın damağında yumşaq dilçək var. İnsan arxası üstə yatarkən həmin o yumşaq dilçək traxeyaya giriş tərəfə yönəlir və bu zaman orada əzələ tonusu yumşalır, mərkəz daralır. Nəticədə nəfəs alan zaman oradan hava keçərkən vibrasiya yaranaraq divarlara toxunur. Xorultu həmin o vibrasiyanın səsidir. Bu səslər yalnız böyüklərdə yox, uşaqlarda da yarana bilər. Bu gün birmənalı olaraq qəbul olunub ki, xoruldamaq ciddi xəstəlikdir və ya hansısa xəstəliyin simptomudur. Xoruldayan insan və onun ailə üzvləri mütləq həkim müayinəsindən keçməlidir.
- Xorultunun əsas səbəbləri nələrdir?
- Xorultunun yaranmasının konkret səbəbləri var. Uşaqlarda əsasən buna səbəb anatomik qüsurlar, badamcıqların böyüməsidir ki, bunlar girişdə udlaq səviyyəsində tənəffüs yollarını daraldaraq bu səsləri yaradır. Böyüklərdə və gənclərdə isə səbəb faktorları başqadır. Əsasən bu xəstəliyə artıq çəkisi olan insanlarda rast gəlinir, çünki piy qatının qalınlaşması nəticəsində tənəffüs yollarının girəcəyi daralır və insanın xoruldamağına səbəb olur. Statistikaya baxsaq, uşaqlarda 60-70 faiz xoruldamağın səbəbi anatomik qüsurlardırsa, böyüklərdə buna səbəb əsasən piylənmədir. 20 faiz göstərici isə burun çəpərinin əyriliyi, badamcıqların böyüməsi və digər anatomik xəstəliklərdir. Ümumiyyətlə, yatarkən hər bir insanda əzələ tonusu azalır, nəfəs zəifləyir, təzyiq enir, ürək vurmalarının sayı azalır və bədən boşalmış vəziyyətdə olur. Oyaq vəziyyətlə müqayisə etdikdə, yatarkən nəfəs yollarımız daralır. Lakin bəzi insanlarda bu daralma daha çoxdur və bunun nəticəsində bu xəstəlik yaranır. Bunun əsas səbəbi isə bəzi insanlarda anadangəlmə əzələlərdə zülalların çatışmazlığıdır.
- Xorultu insan orqanizmində hansı problemləri yarada bilər?
- Xorultunun yaratdığı ən ciddi fəsad insan yuxuda olarkən nəfəsinin dayanmasıdır. Xoruldayan insanı müşahidə edən zaman görürük ki, vaxtaşırı həmin o xoruldama səsi dayanır və 20-30 saniyəlik qorxuducu sükut yaranır. Bundan sonra o, 2-3 dəfə yuxudan oyanan kimi olur və elə bir nəfəsi rahatlayır, yuxuya gedərkən isə yenidən xoruldamaq başlayır. Bu zaman nəfəsin tam dayanması müşahidə olunur. Nəfəs yolları bağlanır, amma döş qəfəsinin hərəkəti, qarın divarının hərəkəti davam edir. Diafraqma, hansı ki ağciyəri işlədir, hərəkətdə olur və biz görürük ki, o, nəfəs almağa cəhd göstərir, amma nəfəs ala bilmir. Diafraqmanın hərəkəti daxili döş boşluğunda mənfi təzyiq yaradır. Bu mənfi təzyiq dili kökündən dartaraq içəri salır və traxeyiya girişi tam olaraq bağlayır. Bunun da böyük fəsadları ola bilər. Çünki biz nəfəs almasaq yaşaya bilmərik. İnsan bir neçə dəqiqə ərzində nəfəs almasa, beyin hüceyrələri ölür və bu da bioloji ölümə gətirib çıxarır. Tez-tez nəfəsin dayanması halları ağır oksigen çatışmazlığına gətirir ki, bu da insan orqanizmində miokard infarktı, beyin insultu, ürək aritmiyaları və hətta yuxuda qəfil ölüm ehtimalını xeyli artırır.
- Yorğunluqdan olan xorultu ilə daimi xorultunun arasında hansı fərqlər var?
- Fərqlər ondan ibarətdir ki, insan yorularkən əzələ tonusu boşalır və onun nəticəsində o, yuxuda olan zaman xoruldayır. Amma daimi xorultuda bunun yaranmasına səbəb ya anatomik problemlərdir, ya da anadangəlmə əzələ tonusunun zəif olmasıdır. Yorulma nəticəsində əmələ gələn xoruldamalar qısamüddətli olur və səsi də çox ciddi olmur. Amma daimi xoruldayan insanların xoruldamaları tam fərqlidir. Tədqiqatlar aparıblar ki, daimi xoruldayan insanın səsi birbaşa yanında yatan insanın beyninə təsir göstərir. Həyat yoldaşında depressiyalara, nevrozlarım yaranmasına gətirib çıxarır. İngiltərədə nikahların pozulmasının səbəbi kimi xoruldamaq üçüncü yerdədir. Bizim qadınlar isə dözümlü xalqın nümayəndələri olduğu üçün buna dözür. Amma xaricdə xoruldayan insanlarla ailə qurmurlar.
- Bəzi insanlar düşünür ki, bu xəstəliyin müalicəsi yoxdur. Xorultunu müalicə etmək mümkündürmü və müalicə əsasən necə aparılır?
- Bunun müalicəsi mümkündür. Yəni insan yatarkən xoruldayırsa, mütləq həkimə müraciət etməlidir. Azərbaycanda ilk dəfə olaraq bizim xəstəxanada Almaniyanın dəstəyi ilə yuxu laborotoriyası açılıb ki, bura və ya birbaşa qulaq, burun, boğaz həkiminə müraciət edə bilərlər. Hər iki yol qəbul oluna bilər. QBB həkiminə müraciət edildikdə, yuxarı tənəffüs yollarında müayinə aparılır. Əgər ciddi anatomik qüsurlar varsa, əməliyyat edirlər. Yox əgər belə qüsur yoxdursa, onda başqa müayinələr edirlər. Bəzi insanlarda aşağı çənə bir az arxaya sürüşür. Belə insanlarda çənənin arxaya getməsi birbaşa udlağın səviyyəsində olan traxeyaya girişi azaldır. Belə insanlarda əgər aşağı çənəni bir az önə çəkə biliriksə, onlarda xorultu olmayacaq. Stomatoloqlarda ağızdaxili xüsusi qurğular var ki, dişlərin üzərinə taxılır. Yatmamışdan öncə o qurğunu taxırlar və çənəni qabağa çəkir.
İkinci üsul isə yuxu laborotoriyasında müayinə aparılır. Xarici ölkələrdə QBB həkimləri əməliyyatdan öncə xəstəni yuxu laborotoriyalarında yuxu testindən keçirirlər. Əgər bu fəsadlaşmamış xorultudursa, yəni nəfəsin dayanması yoxdursa, o zaman əməliyyat yaxşı effektiv nəticə verir. Əgər yuxu testi nəticəsində ağır dərəcə diaqnozu qoyulursa, əməliyyat etmək məqsədəuyğun deyil. Çünki səs aradan qaldırıla bilər, amma əsas səbəb aradan qaldırılmadığı üçün fəsadlar yarana bilər. Əməliyyat nəticəsində bu sindrom bir az da ciddiləşər. Əməliyyat edilə bilməyən insanların müalicə üsulu isə CİPAP terapiyadır ki, nəfəs yolları bağlanan zaman bununla tənəffüs yollarına hava verilir.
- Xorultu nəticəsində yuxudan doymayan insanlarda gündəlik həyatda hansı fəsadlar yarana bilər?
- Araşdırmalara görə, yuxudan doymayan insanlar həyatının 15-20 faizini itirmiş olur. Təsəvvür edin ki, Azərbaycanda orta yaş həddi 75-dirsə, belə insanlar, xüsusilə kişilər (daha çox kişilər xoruldayır) bu xəstəliyə məruz qalırlar və həyatının 15 ilini bu xəstəliyə görə itirirlər. Çünki gün ərzində yorulur, yuxuculluq simptomları olur, iclasda yatırlar və ən qorxulusu ondan ibarətdir ki, beləsi sükan arxasında da yata bilər. Xoruldayan insanın gecə beyni yatmadığı üçün yorğun olur və sükan arxasında yatır. Ağır yol qəzalarının bir səbəbi də sükan arxasında yatmaqdır. Bundan da əlavə statistikaya görə, xorultu əgər yuxu apneo sindromunun simptomudursa, belə xəstələrdə infarkt, ölüm riski belə sindrom olmayan xəstələrlə müqayisədə 10-12 dəfə yüksəkdir. Təsəvvür edin ki, insanlar 40-45 yaşında çox ciddi, yüksək risk qrupunda yaşayırlar. Belə insanların hər gecə ölüm təhlükələri olur.
- Apteklərdə satılan burun "nakleyka"ları xorultunun qarşısını ala bilərmi?
- Bu "nakleyka"lar xoruldamanın bəzi hallarda qarşısını alır. Burunüstü "nakleyka"lar burun mənsəbini genişləndirir. Əgər xorultunun səbəbi burun çəpərinin əyilməsidirsə və ya burun səviyyəsində anatomik qüsur varsa, onda xorultu aradan qaldırıla bilər. Digər hallarda burun "nakleyka"larının heç bir əhəmiyyəti yoxdur və heç bir təsir göstərmir.
- Sizin mərkəziniz ölkəmizdə xorultunun yaratdığı fəsadlarla bağlı araşdırmalar aparıb. Statistikaya görə, Azərbaycanda neçə nəfər bu xəstəlikdən əziyyət çəkir?
- Amerika və Avropa ölkələrində statistika belədir ki, 30-60 yaşı olan insanlar arasında 30 faiz, 60 yaşdan yuxarı olan insanların 70 faizi xoruldayır. Bizdə isə Avropa ölkələrinə nisbətən daha çoxdur. Əgər Avropada bu sindrom 5 faiz insanlarda rast gəlinirsə, Azərbaycanda 10 faiz üzərindədir. Mən düşünürəm ki, yəqin bizim əhalinin arasında daha çox artıq bədən çəkisi olan insanlara rast gəlirik. Bu da onların həyat tərzi, bizim mətbəxin dadlı və kalorili olması ilə bağlıdır. Bu səbəbdən bizdə xoruldayan insanların sayı çox olacaq, nəinki Avropada. Statistika adi rəqəmdir. Amma demək olar ki, hər bir ailədə belə bir problem var. Bunu vurğulamaq istəyirəm, əgər xorultu ciddirsə, xəstəlik səviyyəsinə çatıbsa, mütləq həkimə müraciət etmək lazımdır.
/kaspi.az/
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре