Fransanın anti-Azərbaycan siyasətinin

Müəllif: Elvin Səxavətoğlu

Azərbaycanla Fransa arasında münasibətlər gərgin olaraq qalır.

Hətta gərginliyin pik həddə çatdığını da qeyd etmək olar. Münasibətlərin pisləşməsinə təkan verən səbəblərin sırasında Parisin Bakıya qarşı səsləndirdiyi ikibaşlı bəyanatlar dayanır.

Məsələn, Le Point və digər bu kimi yerli Fransa mediasında Azərbaycan əleyhinə səsləndirilən fikirlər bu qəbildəndir.

Azərbaycan XİN Fransanın qərəzli bəyanatlarına münasibət bildirib və bəyan edib ki, Bakı həyata keçirilən kampaniyanı cavabsız qoymayacaq.

Sitat: "...Bu ölkənin "demokratiya" pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir. Bununla yanaşı, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı "diktatura" adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq".

Fransa ilk dəfə deyil ki, Azərbaycana qarşı belə əsassız iddialarla çıxış edib. Qarabağ azad olunduqdan sonra rəsmi Paris Bakıya qarşı aqressiv siyasət yürüdür. 2020-ci ildən bəri Fransa Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi adı altında Bakıya təzyiq göstərməyə çalışırdı. Dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasında, Avropa Parlamentində Azərbaycana qarşı qətnamənin qəbul olunmasını istəyib. Avropa Parlamentində qətnamələrin qəbuluna nail olsa da, Azərbaycanın Qarabağla bağlı siyasətinin dəyişməsinə təsir göstərə bilməyib.

Son olaraq, Fransanın daxili işlər naziri Jerar Darmani Yeni Kaledoniyadakı qarşıdurmalara görə Azərbaycanı günahlandırmışdı. Bildirmişdi ki, Azərbaycan Fransanın daxili işlərinə qarışır.

Amma əslində Yeni Kaledoniya Fransa ərazisində deyil, ölkədən 17 min kilometr uzaqlıqda yerləşən ərazidir. Yerli əhalinin isə nə etnik, nə də mədəni baxımdan fransızlarla heç bir əlaqəsi yoxdur.

Görünən odur ki, rəsmi Paris Cənubi Qafqazda Azərbaycanla bağlı olan hədəflərinə çata bilmədiyinə görə Bakını ittiham etməyə mövzular axtarır.

Digər tərəfdən isə Cənubi Qafqazda sülhün bərqərar olmasına yönələn addımlar da atmaqda davam edir. Məsələn, son məlumatlara görə, Fransa Ermənistanı aktiv şəkildə silahlandırmağa davam edir.

Fransanın "ForcesOperations" müdafiə media saytı yazır ki, İrəvan bu yay Fransadan 20 ədəd "Bastion" zirehli maşını alacaq.

"Ermənistana ixrac üçün 20-dən çox "Bastion" zirehli maşını ixrac edilib. Bu, İrəvan və Paris arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin bir hissəsi olan sazişin birinci mərhələsidir. Analoji həcmdə ikinci partiya bu yay göndərilməlidir", - deyə "ForcesOperations" saytında qeyd olunub.

Görünür, Fransa Ermənistanı sistemli şəkildə silahlandırmaqda əsas hədəflərindən biri Moskvanın İrəvana etdiyi hərbi-siyasi təsirləri azaltmaq, digəri isə lazım olanda İrəvandan Azərbaycana qarşı istifadə etməkdir. Parisin həm Rusiyaya, həm də Bakıya qarşı qurduğu plan isə bölgədə gərginliyi yenidən artıra bilər.