Ambulator dərman vasitələri ilə bağlı ŞAD XƏBƏR - RƏSMİ
Xidmətlər Zərfinin daha geniş və həkimlər tərəfindən istifadəsinin daha rahat olması üçün müəyyən dəyişikliklər planlaşdırılır.
Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.
O qeyd edib ki, bu məqsədlə müxtəlif ixtisaslı həkimlərlə silsilə ictimai müzakirələr aparılır.
"Öncədən Səhiyyə Nazirliyinə, TƏBİB-ə, o cümlədən həkimlərin birləşdiyi ictimai birliklərə və assosiasiyalara müraciət etmişik ki, hər ixtisasa uyğun məsləhət gördükləri həkimləri bu prosesə cəlb etsinlər. Bu prosesdə bir çox həkimlər iştirak edir, bizim təklif etdiyimiz dəyişikliklərlə tanış olub öz təklif və tövsiyələrini verirlər. Onu da qeyd edim ki, icbari tibbi sığorta ilə tibbi xidmətlər (XBT-9) Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışı (Proseduraların Təsnifatı) üzərindən tənzimlənərək göstərilir. Proqram təminatında bu kodlar tətbiq edildiyi üçün dəyişikliklər mövcud XBT-9 kodları üzərindən olunub.
"Check-up" müayinələr pulsuz ola bilər? - RƏSMİ AÇIQLAMA - FOTO - ƏTRAFLI BURADA
Biz kardiocərrahlarla, kardioloqlarla, neyrocərrahlarla ictimai müzakirə keçirdik. Qarşıdakı günlərdə bir neçə digər ixtisas həkimləri ilə görüşlər olacaq. Bu görüşlərdə xüsusilə tibbi sərflərin istifadəsinə və tariflərə nəzər yetirəcəyik.
Bildiyiniz kimi, tibb çox sürətlə inkişaf edir və hər dəfə yeni müalicə metodları, cərrahi müdaxilələr tətbiq edilir, köhnə xidmətlər aktuallığını itirir. Ona görə də mütəmadi olaraq, Xidmətlər Zərfini yeniləməli və dəyişikliklər etməliyik. Bu istiqamətdə işlər gedir. Gələcəkdə icbari tibbi sığortanın təminatına həm dərmanların, həm də bir sıra yeni tibbi xidmətlərin salınması nəzərdə tutulub", - deyə o bildirib.
Xidmətlər Zərfinin tətbiq edildiyi xəstəxanalar
Departament rəhbəri bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində 3315 tibbi xidmət var.
"İcbari tibbi sığortanın qarşıladığı bu xidmətlər vətəndaşlara ödənişsiz təqdim olunur. Vətəndaşlar poliklinika və Ailə Sağlamlıq Mərkəzlərinə qeydiyyat ünvanı üzrə müraciət etməlidir. İxtisaslaşdırılmış tibbi xidmətlərdən istifadə etmək üçün vətəndaş yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, yalnız şəxsiyyət vəsiqəsi ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə, eləcə də, Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzlərinə yaxınlaşa bilər. Bu xəstəxanalarla bağlı Agentliyin saytında (its.gov.az) geniş məlumat yerləşdirilib. Əgər bu xəstəxanalarda hər hansı bir səbəbdən vətəndaşa xidmət göstərilməsi mümkün olmursa, bu zaman ona Agentliklə müqaviləsi olan xəstəxanaya göndəriş verilir".
Xidmətlər Zərfində təminata alınan tibbi xidmətlərdə sığorta limiti
Nərgiz Ağayeva məlumat verib ki, sığorta limiti təqvim ili müddəti ərzində vətəndaşa icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin say həddidir.
"Vətəndaşlar Xidmətlər Zərfinə daxil olan xidmətlərdən tibbi göstəriş olduqda, limitsiz şəkildə yararlana bilərlər. Limit yalnız fizioterapiya və orqan transplantasiyası xidmətlərinə aiddir.
Xidmətlər Zərfində 77 fizioterapiya xidməti var. İl ərzində vətəndaşlarımız icbari tibbi sığorta ilə fizioterapiya xidmətləri üzrə tibb müəssisəsinə 30 dəfə müraciət edə və hər bir müraciət zamanı 3 xidmətdən artıq olmamaq şərtilə istifadə edə bilərlər. Əvvəlki Xidmətlər Zərfində bu say 10 dəfə idi.
Əlavə olaraq, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üçün sığorta limiti tətbiq olunur.
Bu xidmətlərin hər biri üçün ölkə üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Bu limitlərin formalaşması əhalinin tələbinə uyğun formalaşdırılıb. Hazırda ilin sonuna yaxınlaşırıq və limitlər dolmayıb. Bu isə onu göstərir ki, limitlərin sayı yetərlidir. Əgər tələb çoxalarsa, limitlərin artırılmasına baxıla bilər.
Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatına da limit tətbiq edilirdi. Ötən ildən etibarən artıq bu xidmətlərə tətbiq olunan limitlər aradan qaldırılıb".
Sağlamlıq haqqında arayışın Xidmətlər Zərfinə salınması
N.Ağayeva vurğulayıb ki, vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, ödəniş etmədən tibbi müayinədən keçə bilər.
"Tibbi göstəriş yoxdursa, icbari tibbi sığorta hər hansı müayinənin ödənişini qarşılamır. Arayışın alınmasında isə tibbi göstəriş yoxdur. Ona görə də profilaktik müayinə sayılır və icbari tibbi sığorta təminatına daxil deyil.
Sağlamlıq haqqında arayış üçün təyin olunan 40,12 manatı ödəyən vətəndaş terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloq müayinəsindən keçir, flüoroqrafiya, qanın və sidiyin ümumi analizini verir. Arayışın qiyməti təyin edilərkən tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınır.
Lakin gələcəkdə ola bilsin ki, "check-up" müayinələrini Xidmətlər Zərfinə salaq və ya ilkin səhiyyədə bu müayinələr aparılsın. Bu müayinələrin də nəticəsində artıq sağlamlıq haqqında arayış formalaşacaq. Yəni, bunun üzərində işləyirik. Ona görə də hansı "check-up" Xidmətlər Zərfinə salınacaqsa, ondan irəli gələn arayışların da Xidmətlər Zərfinə salınması barədə düşünəcəyik".
Rayon xəstəxanalarında icbari tibbi sığortadan istifadəyə dair mövcud problemlər
Agentlik rəsmisi bildirib ki, hazırda xəstəxanalara yeni avadanlıqların alınması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və vətəndaşların məmnunluğunun artırılması istiqamətində bir sıra işlər görülür. Rayon xəstəxanalarında görülən işlər bölgələrdə yaşayan vətəndaşların yerində xidmət ala bilməsi, əziyyət çəkib şəhərə gəlməməsi üçündür.
Əlbəttə ki, şəhər xəstəxanalarında da müəyyən problemlərlə rastlaşırıq. Bəzən elə xidmət olur ki, texniki səbəbdən icrası mümkün olmur. Bu zaman tibbi xidmətə əlçatanlığı yaratmaq üçün vətəndaşa göndəriş vərəqəsi verilir. Vətəndaşa lazım olan tibbi xidmət göndəriş əsasında ya digər dövlət tibb müəssisələrində, ya da Agentliyin müqavilə bağladığı xəstəxanalarda icra oluna bilər. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət alarkən hər hansı çətinliklə üzləşən vətəndaş "1542" Çağrı mərkəzinə müraciət edə bilər".
İcbari tibbi sığortadan yararlanmaq istəyənlərin növbə problemi
N.Ağayeva qeyd edib ki, hazırda planlı tibbi müraciətlərin tənzimlənməsi məqsədilə randevu sisteminin yaradılması istiqamətində işlər aparılır.
"Randevu sisteminin də tətbiqi mərhələli şəkildə həyata keçirilir. Yeni Klinika və Abşeron rayon mərkəzi xəstəxanasında bəzi ixtisas həkimlərinin qəbuluna randevu sistemi vasitəsilə növbə götürmək mümkündür. Bu sistemin başqa xəstəxanalarda da mərhələli şəkildə tətbiqinin üzərində işlər aparılır".
Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə qarşılanması ilə bağlı görülən işlər
Departament rəhbəri vurğulayıb ki, şişönü xəstəliklərin erkən diaqnostikasına aid bir çox tibbi xidmətlər icbari tibbi sığorta hesabına qarşılanır.
"Bu xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələri aid edə bilərik. Məsələn, qadınlarda ən çox rast gəlinən süd vəzi xərçənginin erkən diaqnostikası icbari tibbi sığorta təminatına daxildir. Süd vəzi xərçəngi diaqnosikasında qızıl standart sayılan mamoqrafiya müayinəsi, ultrasəs müayinə, MRT, biopsiya və digər laborator testlər icbari tibbi sığorta ilə qarşılanır.
Diaqnostik müayinələrlə süd vəzilərindəki xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etmək və vaxtında müalicəyə başlamaq mümkündür. Bu da gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır.
Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə qarşılanması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq qurumlarla müzakirələr aparmaqda davam edir. Ölkədə onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir, tibbi statistik məlumatlar analiz edilir, xidmətin maliyyə yükü araşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin imkanları öyrənilir, xidmətin göstərilmə imkanları araşdırılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfində dəyişikliklər olduqda bu barədə ictimaiyyətə məlumat veriləcək".
Ambulator dərman vasitələrinin təminatının Xidmətlər Zərfinə salınması
N.Ağayeva qeyd edib ki, dərmanların Xidmətlər Zərfinə salınması artıq Milli Məclisdə birinci oxunuşundan keçib.
"Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin sığorta təminatına alınması üçün "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əlaqədar dövlət qurumları ilə razılaşdırılaraq, müvafiq dövlət qurumuna təqdim olunub.
Milli Məclis tərəfindən ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsi birinci oxunuşda təsdiqlənib. Daha sonra qanun layihəsinə ikinci və üçüncü oxunuşda baxılacaq. Qanunun təsdiqindən sonra qaydaların hazırlanması və mövcud qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur.Vətəndaşların ən çox əziyyət çəkdiyi xəstəliklər və sığorta sisteminə müraciətlər ətrafında analizlər apardıq. Nəticədə bəlli oldu ki, ürək-damar sistemi problemləri və bu problemlərin həllinin birinci mərhələsi olan hipertoniya ilə bağlı müraciətlər çoxluq təşkil edir. Ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin mərhələli şəkildə, ilkin dövrdə ürək-damar, sonra həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərmanların icbari tibbi sığorta hesabına qarşılanması prosesinə başlanılacaq. Prosesin tam və müasir standartlarda tətbiqi üçün texniki məsələlərin də tənzimlənməsi istiqamətində hazırlıq işləri görülməkdədir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре