Azərbaycan və Pakistan arasında münasibətlər tarixi və strateji əsaslara söykənir - Azər Qarayev

Azərbaycan və Pakistan arasında münasibətlər tarixi və strateji əsaslara söykənir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, münasibətlər daha qədim köklərə malikdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və xüsusilə Qarabağ məsələsində Bakıya ardıcıl və prinsipial dəstək verib. Bu dostluq və qardaşlıq əlaqələri siyasi, iqtisadi və hərbi sahələrdə daha da güclənməkdədir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycan və Pakistan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birini dəstəkləyir. Pakistan Qarabağ münaqişəsi dövründə və post-münaqişə mərhələsində Azərbaycana tam dəstək verən azsaylı ölkələrdən biri olub. Son illərdə iki ölkə arasında yüksək səviyyəli səfərlər intensivləşib", - o bildirib.
Politoloq 2024-cü ilin iyul ayında Prezident İlham Əliyevin Pakistana səfərini xatırladaraq qeyd edib ki, dövlətimizin başçısı həmin səfər çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şəriflə məhdud tərkibdə və geniş tərkibdə məhsuldar görüşlər keçirib, Azərbaycanla Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimində iştirak edib və Prezident Asif Əli Zərdari ilə də ayrıca görüşüb.
"Pakistanın Baş nazirinin Azərbaycana 2023-cü, 2024-cü illərdə, eyni zamanda, ötəngünkü səfəri iki ölkə arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə olduğunun sübutudur. Prezident İlham Əliyev ötən gün Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə mətbuata bəyanatlarla çıxışı zamanı qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq Azərbaycan və Pakistan beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birinə dəstəyi davam etdirəcək:
"Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik".
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan rəhbərliyi arasında keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Hər iki dövlət strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin daha da dərinləşməsi üçün konkret addımlar atmaqdadır", - A.Qarayev bildirib.
O qeyd edib ki, Azərbaycan və Pakistan arasında hərbi sahədə də əməkdaşlıq sürətlə inkişaf edir.
"İki ölkə arasında imzalanan bir sıra hərbi sahədə sazişlər, o cümlədən birgə təlimlər və texniki əməkdaşlıq, bu sahədə əlaqələrin möhkəmləndiyini göstərir. Son dövrlərdə ən mühüm hadisələrdən biri Azərbaycanın Pakistandan "JF-17 Thunder" döyüş təyyarələrini almasıdır. Bu təyyarələr Azərbaycan Hərbi Hava Qüvvələrinin güclənməsinə və müdafiə qabiliyyətinin artırılmasına böyük töhfə verəcək. "JF-17 Thunder" təyyarələri yüksək manevr qabiliyyətinə, müasir silah sistemlərinə və üstün döyüş xüsusiyyətlərinə malikdir. Azərbaycanın bu təyyarələri əldə etməsi hərbi texnologiyalar sahəsində Pakistan ilə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bundan başqa, gələcəkdə birgə müdafiə sənayesi layihələrinin həyata keçirilməsi ehtimalı da nəzərdən keçirilir", - A.Qarayev bildirib.
Onun sözlərinə görə, siyasi və hərbi əməkdaşlıqla yanaşı, Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələr də dinamik inkişaf edir.
"İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi addımlar atılır. Azərbaycan, Pakistanın enerji sektoruna, o cümlədən, neft və qaz sənayesinə sərmayə qoymağa maraq göstərir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Pakistana 2 milyard dollar həcmində investisiya yatırmaq niyyətindədir. Bu investisiya enerji, infrastruktur və informasiya texnologiyaları sahələrini əhatə edəcək. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Pakistan şirkətləri arasında əməkdaşlıq imkanları araşdırılır və bir sıra konkret layihələr üzərində iş gedir. Belə ki, dünən imzalanmış sənədlərin mübadiləsi zaman razılaşmalardan dördü məhz SOCAR ilə bağlı idi. Bu sərmayə, iki ölkə arasında iqtisadi əməkdaşlığı gücləndirərək, qarşılıqlı ticarət və inkişaf imkanlarını genişləndirəcək", - politoloq qeyd edib.
A.Qarayev vurğulayıb ki, Azərbaycan-Pakistan münasibətlərinin gələcəyi olduqca perspektivli və parlaqdır.
"Sözsüz ki, hər iki ölkə regional və beynəlxalq arenada bir-birini dəstəkləməyə davam edəcək. İqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və müdafiə sənayesi sahəsində tərəfdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişafı da diqqət çəkən məqamlardandır. Azərbaycanın tranzit imkanları Pakistan üçün Mərkəzi Asiya və Avropa bazarlarına çıxış baxımından mühüm əhəmiyyət daşıyır. Nəticə etibarilə, Azərbaycan və Pakistan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir, qarşılıqlı dəstək, siyasi həmrəylik və iqtisadi əməkdaşlıq bu münasibətlərin möhkəm təməlini təşkil edir və gələcəkdə daha da güclənəcəyini göstərir", - deyə politoloq bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре