Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır - Sevil Mikayılova

Bir gecədə bir kəndin yerlə-yeksan edilməsi, insanların xüsusi amansızlıqla qətliamı kimi yadda qalan Xocalı soyqırımı dünya tarixində ən amansız faciə kimi xatırlanır. Təəssüf ki, Ermənistanın törətdiyi bu bəşəri cinayət hələ də beynəlxalq səviyyədə öz hüquqi qiymətini almayıb və cinayətkarlar mühakimə edilməyib.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü fəalliyətə başlanıldı. Məhz həmin ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi Xocalı soyqırımı qurbanlarının anım günü kimi qəbul olunmuşdu.
Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Sevil Mikayılova qeyd edib ki, 30 ildən sonra isə Azərbaycan qürur və iftixar doğuran tarixi qələbəni qazandı.
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində və lokal anti-terror tədbirlərində Xocalı soyqrımının qisası döyüş meydanında alındı. Artıq beş ildir ki, Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq zəfər qüruru ilə anılır", - deyə deputat bildirib.
S. Mikayılova qeyd edib ki, ötən il fevralın 26-da Prezident İlham Əliyevin Xocalıya səfəri və Xocalı Soyqırımı Memorialının təməlini qoyması onun apardığı müdrik siyasətin bariz sübutu və parlaq Qələbəmizin bəhrəsidir.
"Xocalıda xalqımızın yaddaşında dərin izlər buraxan faciənin, həmçinin soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi mühüm bir addım idi.
Soyqırımı Memorialının tikintisi yalnız Xocalı faciəsinin xatirəsini əbədiləşdirmək üçün deyil, ümumilikdə Azərbaycanın müstəqillik mübarizəsinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması və gələcək nəsillərə ötürülməsi üçün çox əhəmiyyətlidir", - deyə deputat əlavə edib.
Deputat bildirib ki, tarix əsrlər ötsə də, heç vaxt unudulmur.
"Xocalı Soyqırımı da unudulamayan və bir xalqın taleyini dəyişdirən, insanlıq tarixində qara iz qoyan ən dəhşətli faciələrdən biridir.
33 il bundan öncə Xocalıda hər qarış torpaq şəhid qanı ilə sulandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi erməni hərbi birləşmələri tərəfindən keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə qabaqcadan planlı şəkildə hazırlanmışdı.
Şəhərin 5 379 nəfər əhalisi kütləvi hücuma məruz qaldı, 1 275 insan əsir və girov götürülərək onlara işgəncələr verildi. Onlardan 150 nəfərin, o cümlədən, 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1 000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi, 613 nəfər, o cümlədən, 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülmüşdü", - deyə o bildirib.
S. Mikayılova vurğulayıb ki, yeni reallıq isə artıq Xocalı şəhərində mərhələli şəkildə abadlıq və quruculuq işləri aparılır:
"İlkin mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir.
Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində ötən ildən başlayaraq yenidən abadlaşan Xocalı rayonuna da köç karvanı baş tutub. Doğma yurdlarından didərgin düşən sakinlər, bu gün əzəli torpaqlarına sevinclə geri qayıdırlar", - deyə deputat əlavə edib.
Sevil Mikayılovanın sözlərinə görə, bütün bunlara baxmayaraq, Ermənistanın işğalçı siyasətini və bu cür vəhşilikləri unutmaq mümkün deyil.
"Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən misilsiz işlər görülüb. Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində görülən ən mühüm tədbirlərdən biri "Xocalıya ədalət" kampaniyasıdır. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə həyata keçirilir. Eyni zamanda, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Məsələn, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. ABŞ-nin 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Soyqırımın tanınması yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin gələcəyinin qorunması baxımından əhəmiyyətlidir, bu Azərbaycan xalqına və bir millətə qarşı deyil, dünyada insanlığa sığmayan törədilmiş vəhşi cinayətdir," - deyə deputat qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре