Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək - Cevdet Yılmaz

Nəqliyyat sahəsində Orta Dəhlizin inkişafına böyük önəm veririk. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici hala gətirəcək.
Day.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransında bildirib.
"Bu çərçivədə Bakı-Tbilisi-Qars dəmiryolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur bağlantısının açılması Orta Dəhlizi daha cəlbedici hala gətirəcək", - o qeyd edib.
Türkiyəli vitse-prezident Türkmənistan Nazirlər Kabinetinin sədri ilə birlikdə Türk-Türkmən Komissiyasının 87 maddədən ibarət 8-ci dövr protokolunu imzaladıqlarını xatırladıb və protokola əsasən, Orta Dəhlizin "Beynəlxalq Trans-Xəzər Şərq-Qərb Dəhlizi" qolunun inkişaf etdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре