Azərbaycan–Avropa enerji körpüsündə tarixi mərhələ

Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya ötürülən təbii qazın həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə Day.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə "SOCAR Türkiye" şirkətinə istinadən xəbər verir.

"Layihə Avropanın enerji təchizatını şaxələndirməklə yanaşı, regional təhlükəsizliyin möhkəmlənməsinə də mühüm töhfə verir. TANAP, həmçinin, Azərbaycan, Türkiyə və Avropa arasında uzunmüddətli iqtisadi və strateji əməkdaşlığın güclənməsinə şərait yaradır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, TANAP Cənub Qaz Dəhlizinin əsas halqası olaraq Azərbaycan qazını Bakıdan İtaliyaya qədər uzanan xətt vasitəsilə daşıyır.

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.