Hazırda Azərbaycanın ÜDM-nin 80%-dən çoxu özəl sektorun payına düşür - Nazir müavini

2021-2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru orta hesabla illik 6,7% artıb və hazırda milli iqtisadiyyatın 68%-ni təşkil edir.
Day.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
O vurğulayıb ki, son illərdə qeyri-neft ixracı, demək olar ki, iki dəfə artıb və bu, Azərbaycanın artan rəqabət qabiliyyətini təsdiqləyir:
"Hazırda ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Eyni zamanda, fiskal göstəricilər də möhkəmlənib. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb. Strateji valyuta ehtiyatlarımız təxminən iki dəfə böyüyüb, dövlət borcu isə ÜDM-in cəmi 6,5%-nə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
S. Bəşirli qeyd edib ki, enerji siyasəti Azərbaycanın həm inkişafının, həm də beynəlxalq nüfuzunun əsas dayağı olaraq qalır:
"Ölkəmiz həm ənənəvi resurslarda, həm də bərpaolunan enerji sahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı günəş və külək layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yaradılan "yaşıl enerji zonası" Azərbaycanın qlobal enerji keçidində fəal iştirakını təmin edir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре