Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı başlayıb

Noyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak edirlər.

Məhkəmə prosesi təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı başlayıb.

Təqsirləndirilən şəxs Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışı zamanı xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Vəkil bildirib ki, təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Stepanyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut şəhərində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb. Vəkil deyib ki, 2023-cü ildə sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşaraq onlara təslim olub.

"Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm", - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.