Ölkənin əsas iqtisadi və maliyyə dayaqları olduqca güclüdür - Mikayıl Cabbarov
Ölkənin əsas iqtisadi və maliyyə dayaqları olduqca güclüdür.
Day.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" mövzusunda keçirilən forumda deyib.
Onun sözlərinə görə, 2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından əlamətdar il olub:
"Sülh gündəliyinə dair irəliləyişin əldə olunması ölkəmiz və region üçün böyük iqtisadi inkişaf perspektivləri açıb. Qlobal iqtisadi tərəfdaşlarla imzalanmış strateji tərəfdaşlıq sənədləri Azərbaycanın artan geoiqtisadi rolunu daha da artırır. Bu tərəfdaşlıqlar investisiya, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt, yüksək texnologiyalar və digər sahələrdə qlobal dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün yeni imkanlar yaradır".
"İqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və artıq qeyri-neft-qaz sektoru iqtisadi artımın başlıca drayverinə çevrilib. Bununla bağlı daha böyük mənzərəni görmək üçün son 5 ilə qısa nəzər yetirək. 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik 5,9 faizlik real artımı iqtisadi genişlənmənin əsas mənbəyi olub.
İqtisadiyyatın şaxələndirilməsində özəl sektorun böyük rolu var və bu sahəyə aktiv dövlət dəstəyi davam etdirilir. Son illərdə özəl sektora dövlət dəstəyinin böyük hissəsini vergi və gömrük güzəştləri təşkil edib.
Bu strateji yanaşma öz müsbət nəticələrini ölkə iqtisadiyyatında çox mühüm keyfiyyət və struktur dəyişikliklərində, özəl sektorun vergi daxilolmalarında payının artmasında göstərir. Ötən il qeyri-neft-qaz özəl bölmədən daxilolmalar qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 76%-nə çatıb", - deyə nazir bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, 2025-ci ildə qeyri-neft-qaz özəl sektoruna yönəlmiş əsas kapitala investisiyalar 11,1% artıb, xarici mənbələrdən əsas kapitala investisiyalarda 24% artım qeydə alınıb.
"Qeyri-neft-qaz sənayesində investisiyalarda 26%-dək artım olub. 2021-2025-ci illərdə bu sahədə əlavə dəyər orta illik hesabla 8% artıb. Qeyd olunan amillərin təsiri nəticəsində qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2018-ci ildəki 58,3%-dən 2025-ci ildə 71,5%-ə çatıb. 2025-ci ildə vergi daxilolmalarının ÜDM-də payı 12,7%, o cümlədən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının qeyri-neft-qaz ÜDM-də payı 13% təşkil etməklə, 2018-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 2,4 faiz bəndi artıb. 2018-ci illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2,2 faiz bəndi artaraq 9,9% təşkil edib".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре