Karapetyan Rusiya vətəndaşlığından imtina edir

Erməni biznesmen Samvel Karapetyan Ermənistanda parlament seçkilərində iştirak etmək üçün digər vətəndaşlıqlarından imtina etmək qərarına gəlib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə biznesmen özü bildirib.

"Bir halda ki, seçkilərdə iştirak edirəm və qələbə qazanacağıma əminəm, həmin pasportlardan imtina prosesinə başlamağı qərara aldım", - deyə biznesmen bildirib.

Ermənistanda iyunun 7-ə planlaşdırılan seçkilərdə iştirak etmək üçün namizədlərin yalnız Ermənistan vətəndaşlığının olması tələb olunur.

Qeyd edək ki, İrəvanda erməni əsilli Rusiya oliqarxı ilə bağlı iş üzrə məhkəmə araşdırmasına başlanılıb.

Karapetyan Ermənistan Respublikası Cinayət Məcəlləsinin beş maddəsi ilə ittiham olunur: vergidən yayınma, əmlakın mənimsənilməsi, çirkli pulların yuyulması, hüquqi şəxs vasitəsilə qanunsuz fəaliyyət və hakimiyyətin ələ keçirilməsinə, eləcə də konstitusiya quruluşunun zorla devrilməsinə açıq çağırışlar.