Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub - FOTO
Sahibkarlarla görüşdə tikinti materiallarının və təbii mineral suların istehsalına maliyyə dəstəyi, tütünçülük və s. istiqamətlərdə müzakirələr aparılıb.
Regionda sahibkarlıq fəaliyyətinin təşviqi, biznesin genişləndirilməsi üçün dövlətin dəstək mexanizmləri barədə məlumatlandırmaq və bölgə sahibkarlarının ehtiyac və təkliflərinin öyrənilməsi məqsədilə Oğuz rayonunda sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə kənd təsərrüfatı, tikinti, ictimai iaşə, turizm və s. sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşdə sahibkarlarla regionun sosial-iqtisadi inkişafına, biznes mühitinə və sahibkarlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti və mövcud biznes imkanlarının reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının emalının genişləndirilməsi, sahələrarası əməkdaşlığın gücləndirilməsi, logistika və xidmət infrastrukturunun inkişafı, sahibkarların kooperasiya imkanlarından yararlanması və biznesdə rəqəmsal alətlərdən səmərəli istifadə olunması regionda iqtisadi aktivliyi artıra bilər. Eyni zamanda rayonun təbii üstünlükləri əsasında aqroturizmin inkişafı və dövlət dəstək mexanizmlərindən daha fəal istifadə olunması bölgədə sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verəcəkdir.
Görüşdə sahibkarlarla əsasən tikinti materiallarının və təbii mineral suların istehsalına maliyyə dəstəyi, tütünçülük, infrastrukturun təmirinə dəstək kimi istiqamətlərdə müzakirələr aparılıb, fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Oğuz rayonunun Padar kəndində yerləşən mebel istehsalı müəssisəsində olublar. Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində sahibkarlarla biznesin inkişafına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün dövlət dəstəyinə dair müzakirələr aparılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре