Bakıda Əqli mülkiyyət və süni intellekt mövzusunda dəyirmi masa keçirilib - FOTO
24 aprel tarixində Əqli Mülkiyyət Agentliyi tərəfindən 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə "İnnovativ potensial: Əqli mülkiyyət+Süni intellekt" mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər verir ki, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib.
Bu tarixin seçilməsi "Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya"nın 1970-ci il 26 aprel tarixində qüvvəyə minməsi ilə əlaqədardır.
Ənənəvi olaraq bu əlamətdar gün Azərbaycanda 2001-ci ildən başlayaraq 25 ildir ki, keçirilir və hər il bununla əlaqədar müxtəlif tədbirlər təşkil edilir.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov çıxışında bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi "Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir".
Sədr bildirib ki, qarşımızda duran vəzifələr də Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, "Gələcəyimiz - innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir".
O qeyd edib ki, bu fikirlər sinkretik məna daşıyır, mövcud reallıqları əks etdirir, uzaqgörən kreativlik gücə malik olaraq, bu günümüzlə gələcəyimiz arasındakı körpüdür. Bununla belə, qarşımızda istər əqli mülkiyyət sisteminin, istərsə də elm və təhsilimizin yeni vəzifələrini müəyyən edir.
Tədbirdə agentliyin sədri K. İmanovun "İnnovativ potensial: Əqli mülkiyyət və Süni intellekt" mövzusunda geniş məruzəsi dinlənilib.
Agentliyin rəhbəri bildirib ki, əqli mülkiyyət bir tərəfdən biliklərin xammalı, digər tərəfdən biliklərin məhsuludur. Ona görə biz düzgün başa düşməliyik, süni intellekt hazırda insana yaradıcılıq yollarında necə yardım edir. Lakin süni intellekt özü də məhsul yaradır, məsələn, mahnılar, şeirlər də yazır. Bunlara generativ süni intellekt deyilir.
Kamran İmanov qeyd edib ki, ekosistemin innovativliyinə təkcə istehsal, texnologiya, sahibkarlıq və elmin mövcudluğu deyil, onların bir-biri ilə nə qədər sıx bağlı olması təsir edir. O bildirib ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) innovasiya ekosistemini innovasiya nəticələrinə təsir edən maraqlı tərəflərin (stakeholderlərin) məcmusu kimi nəzərdən keçirir, "Global Innovation Index" isə onu tək bir göstərici ilə deyil, təxminən 80 indikatorla, yəni təhsildən və infrastrukturdan tutmuş bilik yaradılması və biznes mühitinə qədər ölçür. Buna görə də dörd amilin hər biri üçün universal və sabit "təsir payı" mövcud deyil: onların töhfəsi ekosistemin inkişaf mərhələsindən və iştirakçılar arasındakı əlaqələrin keyfiyyətindən asılı olaraq dəyişir.
Dəyirmi masada Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev, Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdir müavini Nuriyyə Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Rasim Əliquliyev, Ailə Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əminağa Sadıqov və digər tədbir iştirakçıları çıxış edərək, Agentliyin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib.
Tədbir çərçivəsində agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab və jurnal sərgisi təşkil olunub. Sərgidə kitabxananın fondunda saxlanılan nadir kitab nüsxələri, süni intellektlə bağlı jurnallar nümayiş olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре