Professor ChatGPT ilə müalicənin fəsadlarını AÇIQLADI
"Süni intellekt proqramları ilə bu məsələlərlə məşğul olmaq məqsədəuyğun sayılmır".
Bunu Day.Az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, vətəndaşların süni intellekt vasitəsi olan ChatGPT-dən tibbi məsləhətlər almasının nə qədər düzgün olduğundan danışıb.
A.Qeybulla bildirib ki, elmin, texnikanın və süni intellektin istənilən inkişaf səviyyəsində belə həkimlərin xidməti danılmazdır. Xəstəyə müalicəni yalnız və yalnız həkim yaza bilər.
"Süni intellekt nə qədər inkişaf etdsə belə onun yaradıcı intellekti yoxdur. Yaradıcı intellekt ancaq insana məxsusdur.
Əlavə olaraq hər bir orqanizm fərdidir, hər bir məsələyə də situasion yanaşılmalıdır. Ona görə də konkret olaraq dünyanın hər yerində xəstəliklərlə ayrı-ayrı ixtisas sahibi olan həkimlər məşğul olur. Xəstəyə müalicə yazmaq və onun müalicəsi ilə məşğul olmaq hüququ yalnız həkimə verilir. İnsanlar bunun fərqində olmalıdırlar", - o deyib.
Professor qeyd edib ki, bəzən hər hansı bir yanlış qərar çox səhv istiqamətə gedə, xəstənin səhhətinə daha çox zərər vura bilər:
"Bunu nəzərə almaq lazımdır. Heç bir halda ChatGPT və ya başqa süni intellekt proqramları ilə bu məsələlərlə məşğul olmaq məqsədəuyğun sayılmır. Bizim insanlar öz sağlamlığına həmişə dırnaq arası yanaşırlar. Başqasının resepti ilə və yaxud özbaşına gedib antibiotik alırlar, başqa dərmanlar istifadə edirlər. Bu, yolverilməzdir. Xəstə konkret olaraq öz xəstəliyi ilə bağlı diaqnoz qoyulduğu halda həkimi tərəfindən müalicə ala bilər", - o vurğlayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре