Bütün tərəfdaşları regionda sülh gündəliyinə dəstək olmağa çağırırıq - Hikmət Hacıyev
Bütün tərəfdaşları sülh gündəliyinə dəstək olmağa və regionu köhnə münaqişə narrativlərinə qaytarmamağa çağırırıq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində Qarabağ Universitetində çıxışı zamanı bildirib.
"Azərbaycanın bütün qonşuları ilə, o cümlədən Ermənistan Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. Biz anlayırıq ki, sülh çətin bir yoldur. Bu, diplomatik cəsarət və səylər tələb edir. Azərbaycan hökuməti belə siyasi iradə göstərib və Ermənistana sülh əlini uzadıb", - deyə H.Hacıyev bildirib.
O qeyd edib ki, Vaşinqton sammitindən sonra hər iki tərəf bəyannamənin ruhuna və mətninə sadiqdir və sülh gündəliyi istiqamətində irəliləməyə davam edir.
"Biz həmçinin bütün tərəfdaşları sülh gündəliyini dəstəkləməyə və regionu köhnə münaqişə narrativlərinə qaytarmamağa çağırırıq. Bu, kömək etmir və sabitliyə töhfə vermir"- deyə H.Hacıyev vurğulayıb.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.
Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре