Azərbaycan mediasının əsas missiyası ölkə reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır - Deputat
Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdən biri həqiqətə söykənən ictimai fikrin formalaşdırılması, eləcə də Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə düzgün və dolğun şəkildə çatdırılmasıdır.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Medianın İnkişafı Agentliyinin (MEDİA) Milli Mətbuat Gününə həsr olunan tədbirində deyib.
Deputat bildirib ki, Azərbaycanın bugünkü inkişaf mərhələsində ölkə mediası müasir dünyanın yaratdığı çağırışlara adekvat cavab vermək iqtidarındadır və Azərbaycanın inkişaf tendensiyasına uyğun olaraq öz mövqeyini bundan sonra da qoruyacaq.
"Əsas vəzifələrdən biri reallığı əks etdirən, həqiqətə söykənən ictimai fikrin formalaşmasında öz xidmətimizi göstərmək, ictimai fikrin dəqiq və düzgün ifadə olunmasında mövqeyimizi ortaya qoymaqdan ibarətdir", - deyə o vurğulayıb.
V.Rəhimzadə qeyd edib ki, IV Şuşa Qlobal Media Forumu mühüm çağırışları özündə ehtiva etməklə yanaşı, dünyada real mənzərənin açıq və aydın şəkildə ifadə olunmasına imkan yaradıb. Onun sözlərinə görə, forum medianın üzərinə düşən məsuliyyətli və şərəfli missiyanı bir daha nümayiş etdirib və Azərbaycan mətbuat işçiləri, media qurumları bu istiqamətdə kifayət qədər fəallıq göstərirlər.
Deputat bildirib ki, Azərbaycan mətbuatı şərəfli inkişaf yolu keçərək uğurlu missiya yerinə yetirib və bu gün qarşıda duran ən böyük hədəflərdən biri Azərbaycan reallıqlarını yalnız ölkə ictimaiyyətinə deyil, dünya ictimaiyyətinə də çatdırmaqdır.
"Operativlik öz yerində, amma etimadın da, etibarın da olması vacib şərtlərdən biridir. Bu iki vəhdəti birləşdirərək oxucu kütləsini qazanmaq və onu qoruyub saxlamaq bizim üçün vacib məsələlərdən biridir", - deyə V.Rəhimzadə bildirib.
O vurğulayıb ki, informasiya və texnologiyanın sürətlə inkişaf etdiyi indiki dövrdə media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, informasiya bolluğu şəraitində cəmiyyətin düzgün və dəqiq informasiyanı ayırd etməsi əsas hədəflərdən biridir və bu baxımdan media savadlılığının artırılması mühüm çağırış kimi qarşıda dayanır.
V.Rəhimzadə qeyd edib ki, Medianın İnkişafı Agentliyi bu istiqamətdə uğurlu layihələr həyata keçirir və ümumilikdə Azərbaycanda informasiya siyasətinin icrası, eləcə də medianın inkişafı sahəsində mühüm layihələrə imza atır.
Deputat çıxışında dövlətin media siyasətinə də toxunaraq bildirib ki, Prezident İlham Əliyev müstəqil mətbuatın inkişafı ilə bağlı mühüm qərarlar və sərəncamlar imzalayıb, ölkədə media sahəsini tənzimləyən mütərəqqi qanunvericilik formalaşdırılıb.
"Media haqqında qanunun hüquqi tələblərinə uyğun olaraq Azərbaycan mediası dünyanın aparıcı media orqanları sırasında öz yerini tutmaqdadır. Bu, Azərbaycan reallıqlarını əks etdirən ən mühüm göstəricilərdən biridir", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре