Aktrisa Mehriban Abdullayeva: 20 il sonra ailə qurmuşuq – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Aktrisa Mehriban Abdullayevanın Milli.Az-a müsahibəsi.
- Mehriban xanım, sənətə gəlmək sizə baha başa gəldi?
- Bəli, sənətə gəlmək üçün çox çətinliklərdən, maneələrdən keçməli oldum. Əvvəlcə Tibb Universitetinə daxil olmaq istədim, lakin kəsildim. Sonra sinif yoldaşımın məsləhəti ilə sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim, ora qəbul olundum.
- Bu qərarınıza ailə üzvlərinizdən etiraz edən oldu?
- Rəhmətlik atam bu sahənin adamı olmasa da, incəsənəti çox sevirdi. Uşaq vaxtı bizi tamaşalara aparırdı. Elə də bir etirazla qarşılaşmadım. Amma sözün düzü, heç ağlıma da gəlmirdi ki, mən aktrisa ola bilərəm.
- Niyə?
- Çünki mənə elə gəlirdi ki, aktrisalar əlçatmaz olurlar. Nə vaxtsa səhnəyə çıxmağı təsəvvürümə gətirə bilmirdim.
- Bəs sonra necə oldu?
- İncəsənət Universitetinə qəbul olandan sonra artıq mənim üçün hər şey sadə görünməyə başladı. Get-gedə öyrəşməyə başladım. Bu peşənin incəliklərini öyrəndikcə mənə çox maraqlı gəldi.
- Tələbə olarkən iş fəaliyyətinizə başladınız, yoxsa universiteti bitirdikdən sonra?
- Artıq sonuncu kursda oxuyarkən Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Od gəlini" tamaşasında kütləvi səhnədə rol aldım. Daha sonra isə "Solğun çiçəklər" teletamaşasında çəkildim.
- Universiteti bitirəndən sonra harada çalışdınız?
- Məni təyinatla Şəkiyə göndərdilər. Lakin mən orada işləmək istəmirdim. Çünki paytaxtda uğur qazanacağımı daha çox düşünürdüm, nəinki Şəkidə. Ona görə də orada işləməkdən imtina etdim. Üç ilə yaxın Akademik Milli Dram Teatrına gedib-gəldim. Təəssüflər olsun ki, oranın ştatına düşə bilmədim. Üz tutdum Gənc Tamaşaçılar Teatrına. Bu teatrda rəhbərlik mənə başqa bir iş verdi. Üç ilə yaxın biletlərə nəzarətçi kimi işlədim.
- O işdə işləməyə məcbur idiniz?
- Bəli, çünki başqa çıxış yolum yox idi. Ümid edirdim ki, mən də haçansa səhnəyə çıxacam. Düzdür, mənim üçün çox ağır idi. Hər gecə ağlayırdım. İçimdə bir yanğı var idi sanki. Səhnəyə çıxıb rol oynamaq həsrəti ilə alışıb-yanırdım.
- Bu həsrətə haçan son qoyuldu?
- Ağakişi müəllim teatra direktor təyin olunandan sonra.
- Necə oldu ki, onunla ailə qurmaq qərarına gəldiniz?
- Maraqlı burasıdır ki, biz bir-birimizi tanıyandan 20 il sonra ailə qurmuşuq.
- Niyə məhz incəsənət sahəsində çalışan biri ilə ailə qurdunuz?
- Çünki başa düşdük ki, bir-birimizi çox gözəl başa düşürük. İndi də mənə deyir ki, məni anlayan yeganə insan sənsən.
- Övladınız var?
- Təəssüflər olsun ki, yoxdur. Mənim ən yaralı və sınıq yerim də məhz budur.
- O zamanlar "Solğun çiçəklər"də oynadığınız obrazlarla kifayət qədər məşhurlaşmışdınız. İndi o söhrətdən əsər-əlamət qalıb?
- Etiraf etməliyəm ki, xeyr, qalmayıb. İnanın ki, o dövrdə məni nəinki simamdan, hətta səsimdən də tanıyanlar olurdu.
- Ümumiyyətlə, heç vaxt şöhrət axtarışında olmamısınız?
- Tam səmimi deyirəm, qətiyyən bu barədə düşünməmişəm.
- İndi sizə tələbat yoxdur?
- Düşünürəm ki, yeni nəsil gəldikcə mən və mənim kimi aktrisalar arxa planda qalırlar. Nədənsə rejissorların hədəfinə nadir hallarda düşürük. İstənilən halda mən öz həmkarlarımın uğurlarına sevinirəm.
- Sonuncu dəfə hansı serialda çəkilmisiniz?
- "Pərvanələrin rəqsi" serialında rol aldım.
- Bu sizin əvvəlki söhrətinizin, qismən də olsa, geri qayıtmasına kömək oldu?
- Bəli, sözügedən serial sayəsində tamaşaçılar mənim unudulmuş simamı yenidən xatırlamağa başladılar.
- Açıq-saçıq səhnələrdə çəkilərsiniz?
- Sözün düzü, indiyə qədər belə bir təklif almamışam. Lakin düşünürəm ki, təklif gəlsə də, heç vaxt qəbul etmərəm.
- Hal-hazırda teatrda vəziyyət necədir? Hansı tamaşaya hazırlaşırsınız?
- Şükürlər olsun ki, hər şey yaxşıdır. İndi Şekspirin "Üçüncü Riçard" tamaşasının məşqlərini edirik. Mən orada "Yelizaveta"nı oynayıram.
- Bu sənət get-gedə... Bu fikri necə tamamlamaq istərdiniz?
- Bu sənət get-gedə yaxşılığa doğru gedir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре