Rəqqasə Məryəm: "Onun yaşca kiçik olduğunu qətiyyən hiss etmirəm" – FOTO

Day.Az предоставляет вниманию читателей интервью на азербайджанском языке.
Rəqqasə Məryəm aprelin 8-də Bakıda anadan olub. Xoreoqrafiya məktəbini, Mədəniyyət və İncəsənət Universitetini bitirib. İlk dəfə "İstedad", daha sonra "Cəngi" ansamblında çıxış edib. Oranı tərk etdikdən sonra Tahir Eynullayevlə duet şəklində işləyib. O zamandan solo karyeraya başlayıb. Ailəlidir, bir qızı var.
Məryəm Süleymanova ana olmağın necə bir hiss olduğunu "Aysel"lə paylaşıb.
- Aysel: Özünüzü yeni, ana obrazında necə hiss edirsiniz?
- Məryəm Süleymanova: Mən bu obraza çoxdan hazır idim. Möhtəşəm bir hissdir. Bunu sözlə ifadə etmək çox çətindir. Həyatda elə anlar olur ki, onları başa düşmək üçün yaşamaq lazımdır.
- A: Adqoyma məsələsində yoldaşınızla ortaq məxrəcə necə gəldiniz?
- M.S.: Uşaq anadan olmamışdan əvvəl yoldaşımla bu mövzuda çox düşünürdük, çox axtarırdıq, kitablarda, internetdə. Qeyri-adi və gözəl ismin olmasını istəyirdik. Lakin hər dəfə Aylin adının üzərində dayanırdıq. Yeri gəlmişkən, həkimlər bizə körpənin oğlan olduğunu deyirdilər və təxminən bir ay ərzində ona oğlan deyə müraciət edirdik. Bəlkə ona görə bir az oğlana oxşayır (gülür - red.). Sonra məlum oldu ki, qızdır. Əslində, mənim üçün heç bir fərqi yoxdur, əsas odur ki, sağlam olsun. Və həmin andan etibarən biz ona Aylin deyə müraciət etməyə başladıq.
- A: Qızınız sizi incitmir ki?
- M.S.: Hamilə olduğumu biləndən sonra dost-tanışlar dedilər ki, uşaqla bacarmaq çox çətin olacaq, gecələri yata bilməyəcəksən, ilk qırx gün ümumiyyətlə dözülməz keçəcək. Sözün açığı, qorxmağa başladım. Amma bu, heç də gözlədiyim kimi olmadı. Aylin olduqca sakit uşaqdır. Mən özüm də təəccübləndim. Xəstəxanadan çıxandan sonra qayınanam, anam və bacım qızı mənə çox kömək etdilər və indiyə qədər yardımçı olurlar. Lakin günün yarısından çoxunu mən tək oluram və heç bir çətinlik çəkmirəm. Biz onunla yaxşı dil tapırıq, artıq aramızda bir növ kontakt var. Hər şey çox gözəldir.
- A: Aylinin çəkisi nə qədərdir?
M.S.: O, hələ çox balacadır, çəkisi 3 kiloqram, boyu 52 santimetrdir. Son iki həftə ərzində hələ iyirmi qram arıqlayıb. Təcrübəsiz ana olduğumdan həftədə iki dəfə onu həkimə göstərirəm. Həkim onun sağlam və gözəl uşaq olduğunu deyir.
- A: Uşaq kimə bənzəyir?
- M.S.: Çox maraqlıdır, mənə heç bir bənzərliyi yoxdur. Aylin atasının oxşarıdır. Gözü, qaşı, sifət quruluşu hamısı İlkinə məxsusdur. Hərdən xətrimə də dəyir (gülür - red).
- A: Hamiləliyi əvvəlcədən planlaşdırmışdınız?
- M.S.: Təbii ki. Ailə qurandan sonra fikirləşdim ki, Allah qismət edərsə, mütləq övlad dünyaya gətirmək istəyirəm. Heç bir dəqiqə belə bunun əksini düşünmürdüm. Məncə, bu, hər qadının arzusudur və qadın üçün ailədən, övladdan vacib və maraqlı heç nə ola bilməz.
- A: Uşağı necə qidalandırırsınız?
- M.S.: Mən onu ana südü ilə bəsləyirəm. Xəstəxanada hamı məəttəl qalırdı. Elə düşünürdülər ki, sənət adamı olduğumdan özümü formada saxlamaq üçün uşağıma süd verməyəcəyəm. Ancaq mən bunu sevərək edirəm və uşağımın nazı ilə oynamaq, ona qayğı göstərmək çox xoşuma gəlir. Əlbəttə ki, uşaq üçün nəzərdə tutulmuş xüsusi qidalardan da istifadə edirik, amma az miqdarda.
- A: Onu ilk dəfə qucağınıza aldıqda hansı hissləri keçirdiniz?
- M.S.: Uşağı dünyaya əməliyyat yolu ilə gətirmişəm. Lakin narkoz ümumi olmayıb, mən əvvəlcədən epidural anesteziya istədiyimi söyləmişdirm, çünki içimdə qorxu hissi vardı. Düşünürdüm ki, onu təsadüfən digər uşaqlarla səhv sala bilərlər. Bir sözlə, uşağımın dünyaya gəlməsini öz gözlərimlə görmək istəyirdim. Buna baxmayaraq, bir müddət onlar mənə sakitləşdirici verdilər və övladımın ilk qığıltısını eşidə bilmədim. Özümə gələndən sonra tibb bacısı onu mənim yanağıma yaxınlaşdırdı və o an həyatımın ən gözəl anlarından birinə çevrildi. Mən ana olduğumu anladım.
- A: Yoldaşınız yanınızdaydı?
- M.S.: Əməliyyat vaxtı onu içəri buraxmadılar. Amma o, qohumlarımızla birlikdə, təxminən iyirmi nəfər, gözləmə zalında səbirsizliklə Aylinin yolunu gözləyirdi. Sözün açığı, ilk dəfə idi ki, o xəstəxanada belə səs-küy var idi (gülür - red.). Uşaq olan kimi onu atasına göstərdilər, o çox xoşbəxt idi.
- A: Göründüyü kimi, çəkiniz xeyli artıb, formaya qayıtmağı necə, düşünürsünüz?
- M.S.: Hamiləlik dövründə çox kökəlməmişdim, şişmişdim, bu, adi haldır. Həkimlərin dediyinə görə, az çəki yığmışam. Amma düşünürəm ki, qızımın qayğısına qalaraq hələ çox arıqlayacağam (gülür - red.).
- A: Rəqsə dönməyi nə vaxt düşünürsünüz?
- M.S.: Hələ hamiləykən həkimə iki sualım olurdu: birincisi, uşaq anadan olandan sonra nə vaxt onunla küçəyə çıxa biləcəyik, çünki o, dünyaya gəlməmişdən əvvəl hər gün yoldaşımla bərabər dostlarımızla görüşürdük. İkincisi isə işə nə zaman qayıda biləcəyim idi. Çünki bu, psixoloji cəhətdən mənim üçün olduqca çətindir. Mən enerji dolu bir insanam və evdə oturmaq bir az qəribədir. Həkimin sözlərinə görə, iki aydan sonra mən hərəkət etməyə başlamalıyam. Və sentyabr ayından etibarən işimə dönməyi düşünürəm.
- A: Bəzi insanlar evliliyinizin qondarma olduğunu düşünürdülər. Amma uşağınızın dünyaya gəlişi bu fikirləri alt-üst etdi. Sizin buna münasibətiniz necədir?
- M.S.: Çox təəssüf ki, şou-biznesdə belə hallar var. Toylarda çox oluram və nikahın qondarma olub-olmadığını hiss edirəm. Bu, olduqca asandır, bəy və gəlinin simasından, onların gözündən səmimi olub-olmadıqlarını oxumaq olar. Bizim evlilik haqda bu cür fikirləşən varsa, yanılır. Yoldaşımla bir-birimizi sevirik və ömür boyu bir yerdə yaşamağı özümüz seçmişik. Ətrafdakıların fikri məni təbii ki, maraqlandırır, amma kiminsə sözünə görə ailə qurmaq düzgün deyil. Əsas olan mənim həyatım, mənim xoşbəxtliyimdir. Ümumiyyətlə, son vaxtlar görürəm ki, insanlar aqressivləşib. Əgər bir müğənni və ya aktyoru bəyənmirsinizsə, onun haqda pis şayiələr qoşmaq lazım deyil.
- A: Yoldaşınızla aranızda olan yaş fərqi münasibətlərinizə təsir edir?
- M.S.: Xeyr. Çünki elə insan var ki, 20 yaşında çox ağıllı və müdrik ola bilər və eləsi də var ki, 40 yaşında özünü uşaq kimi apara bilər. Bu, yaşla deyil, həyat təcrübəsi və dünyagörüşündən asılı olan bir şeydir. Mən yoldaşımla ünsiyyətdə onun yaşca kiçik olduğunu qətiyyən hiss etmirəm. Mən onda əsl kişi, ailə başçısı görürəm.
- A: Demək, son söz yoldaşınızdadır?
- M.S.: Təbii ki, son sözü o deyir. Amma bizim ailədə o cür şeylər yoxdur. Biz bir-birimizə hörmətlə yanaşırıq, fikirlərimizlə bölüşürük və adətən qərarı birlikdə veririk.
- A: Ailə həyatı necə keçir?
- M.S.: Çox gözəl. Özümü xoşbəxt qadın hesab edirəm. Yoldaşımın və övladımın nazı ilə oynamaq xoşuma gəlir. O mənə uşaqla kömək edir, olduqca diqqətli və qayğıkeşdir. Biz hər zaman vaxtımızı birlikdə keçiririk, elə olmur ki, o öz dostları ilə bir yerdə olsun, mən öz rəfiqələrimlə. Bizim tanışlarımız ümumidir.
- A: Hamiləliyiniz necə keçdi?
- M.S.: Adətən hamilə qadınlar dəyişirlər, bir az şıltaq olurlar. Amma məndə elə bir xüsusiyyət olmadı. Yoldaşıma da tez-tez deyirdim ki, əgər qarnım olmasaydı, hamilə olduğumu heç kəs bilməzdi. Hər gün harasa gedirdik, hətta yoldaşımın anadan olduğu Mingəçevir şəhərinə də getmişdik. Ürəkbulanmam, nə isə istəməyim olmayıb.
- A: Yoldaşınızın qohumları ilə münasibətləriniz necədir?
- M.S.: Onlar çox mülayim və mehriban insanlardır. Heç vaxt bizim ailə həyatımıza
qarışmırlar. Qayınanam həkimdir və hamilə olduğum müddət mənə çox kömək edir və dəyərli məsləhətlər verirdi. Qayınatam da, həmçinin çox sakit və xeyirxah insandır. Aramızda heç bir problem yoxdur.
- A: Belə bir xəbər eşitmişik ki, toydan sonra siz öz evinizə, yoldaşınız da öz evinə yollandı. Bu haqda nə deyə bilərsiniz?
- M.S.: Birinci dəfədir ki, belə xəbər eşidirəm (gülür - red.). Təbii ki, bu yanlış məlumatdır. Toyumuz olanda indi yaşadığımız mənzildə təmir işləri gedirdi və biz müvəqqəti olaraq başqa evdə qalırdıq. Məclisdən sonra oraya yollandıq. Bu mənzilə yeni köçmüşük.
- A: İkinci uşaq barəsində düşünmüsünüz?
- M.S.: Bəli, ilyarımdan sonra istərdik ki, bir övladımız da olsun. Yoldaşım deyir ki, mən qızıma qardaş söz vermişəm və sözümün üstündə duracağam (gülür - red.).
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре