Bacısı Xumar Qədimovanın bütün sirlərini açdı - FOTO

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Xumar Qədimovanın bacısı, eyni zamanda meneceri Mətanətin Milli.Az-a müsahibəsi.

- Mənə Xumar Qədimovanın uşaqlıq dövrünü danışın. Düşünürəm ki, bu, hamıya maraqlı olacaq.

- Xumardan yaşca kiçiyəm. Evdə nəyi eşitmişəm, onu danışacağam. Daha çox tək oynayırmış. Dostlarını da təsəvvüründə qururmuş. "Onlar" həmişə yaşda daha çox Xumardan böyük olublar. Adları da var, lakin adlarını açıqlamaq istəmirəm. Çünki çox gülməli adlar qoyub. Həyatda belə adlar yoxdur.

Ailədə biz hamımız həssas uşaqlar olmuşuq. Evdə qanqaraldan hadisə olanda Xumar daha qabarıq reaksiya verirmiş. Bizdə o anlar keçib gedirmiş, o isə ürəyinə salar, narahat olarmış. Darıxan uşaq olub. Evdəkilərə bağlı olub. Ortada dayanıb, bir-bir uşaqların üzünə baxıb icazə istəyirmiş ki, hansı ilə birlikdə yatsın. Tək yox, evdəkilərlə, xüsusən də anamla yatmağı istəyirmiş. Amma anam icazə verməzmiş, deyərmiş, öz yerində yat. Xumar da bir-bir hamıdan soruşarmış ki, olar, səninlə yatım? Daha çox böyük bacım Xumara razılıq verərmiş. O, kök, Xumar isə çox arıq qız imiş. Böyük bacıma həddindən artıq kök olduğu üçün "gonbul" deyirmişlər, Xumarın da acığı tuturmuş ki, niyə ona elə deyirsiniz? Böyük bacım yuxuda çevriləndə, Xumar yerə yıxılırmış. Hətta səhərə qədər də yerdə yatdığı olurmuş. Anam da gəlib oyadırmış, bax, öz yerin var, gül kimi, nədir gəlirsən onun yanına, o da sənə belə edir?

Ortancıl bacım Xumarı çox döyürdü, çox vaxt da haqsız olurdu. Böyük bacım onu müdafiə edirdi. Çox kinli idi, buna baxmayaraq, Xumar ondan əl çəkmirdi, haqsız döyülsə də, ağlayırdı, gəlirdi tuturdu əlindən, deyirdi gəl barışaq. O da günahkar ola-ola, Xumara deyirdi, "de bağışla, barışaq". Xumar da "bağışla" deyirdi.

- Xumar xanımın ilk məhəbbəti kim olub, xəbəriniz var?

- İlk məhəbbəti kürd olub. Dördüncü sinifdə sevib. Onun üçün sevgi olub.

- Hobbiləri var idi?

- Gözəl rəqs edirdi. O qabiliyyət indi də var, lakin nümayiş etdirməyi xoşlamır. Uşaqlıqdan səhnədə çıxış edirdi. Bir də baxırdın ki, "çıxış" edir, guya camaat düzülüb, o da baş əyir.

- Orta məktəbdə bu qəribəliyi necə qəbul edirdi rəfiqələri?

- Ən çox oğlanlarla dostluq edirdi. Onlarla otururdu. Ön cərgədə oturmağı sevməyib, arxa sıralarda otururdu. Dərsə gəlməyəndə uşaqlar darıxırdı, həmişə narahat olub xəbər tuturdular. Qızlar ona birtəhər baxırdı ki, niyə bu, oğlanlarla dostluq edir? Rayon idi də, o vaxt həqiqətən də insanlar çox saf idi.

- Diqqəti çəkən qız olub?

- Həmişə. Hələ də o diqqət davam edir. Universitetdə də belə olub, sevilib. Daha çox o sevilib, qızlar da qısqanıb. Xumarın bir üzü var, dürüstdür, ya sevir, ya sevmir. Yalandan da olsa, insanlarla danışmağı xoşlamır. Təmizkar qız idi. Hamımız elə olmuşuq. Yaxşı, təminatlı ailədə böyümüşük. Universitetdə ən gözəl geyimləri o geyinirdi. Gözəl zinət, qızıl, daş-qaş taxardı.

- Hansı cəhətini bəyənmirsiniz?

- Bir dəfə bunu demişəm: çürükçüdür. Diqqətlidir, ata-ana, bacı-qardaş düşünəndir. Necədirlər, neyləyirlər, bax, bu sual həmişə beynindədir. Həssaslığı adət şəklini alıb. Hər səhər hamı ilə maraqlanıb. Bayaq birlikdə idik, bu gün mənim çox çətin günüm idi. Üzünə baxdım və dedim, yaxşı ki, varsan! O da cavabında mənə dedi, yaxşı ki, sən varsan! Bax, biz həm bacı, həm sirdaşıq.

- Ən çox bir-birinizi sevirsiniz, hə?

- Elə vaxt olub ki, ondan küsüb getmişəm. Tez küsənəm. Böyük bir problemimiz olmayıb əslində. Onsuz qalan deyiləm. Buna baxmayaraq, icazə verməyib ki, onsuz darıxım. Gəlib dalımca, məni gətirib. Xasiyyətcə atama oxşayıb. Bir az hər işlə çox maraqlanır. Hər işə müdaxilə edir, imkan vermir ki, o işi biz edək. Sonra da deyir məni yorursunuz, mən də həmin vaxt hövsələdən çıxıram. Bax, belə şeyləri xoşuma gəlmir. Lakin heç nəyə baxmayaraq, Xumarla biz bir-birimizi tamamlayırıq.

- Ən böyük sevgini kimdən görüb?

- Doğmalar içində atamdan görüb. Bir də ki, Xumar çox sevilən qadındır. O barədə şanslıdır. Ona çox böyük sevgilər nümayiş etdiriblər. Mən özüm ən böyük sevgini onun oğlundan görmüşəm. Mən sevinəndə Uğur sevinir, mən ağlayanda o, kədərlənir. Amma bir şey də var ki, Xumar nə qədər çox sevsə də, bir anda o adamdan, üz döndərə bilər.

- Necə anadır?

- Çox diqqətli, hətta deyərdim, xəstədir. Sevgisi ilə incidir oğlunu. Yatanda gedib silkələyir. Deyir yaxşı nəfəs almır. Deyirəm, ay qız, yatır!

- Bir qrup insan deyir ki, Xumar özündən razıdır...

- Hal əhlidir. Min dəfə deyirəm, Xumar, mən nə qədər sənin yerinə başqaları ilə danışacağam, salamlaşacağam? Başını qaldır, bax da! İnanırsınız, bu insan o qədər öz fikirləri ilə məşğuldur ki, başqalarını görmür. Allah haqqı, belə olur! Çox vaxt onları görmür, Allaha and içirəm. Yolla gedirik, maşınla, böyük bacım yolda göstərir, deyir bax, "ayaqqabı" yerinə "ayaqqavı" yazıblar. Xumar deyir, Ema, (böyük bacısını nəzərdə tutur) sənə həsəd aparıram, nə gözəl xasiyyətin var, diqqətlisən. Xumar görmür... ona maraqsızdır başqa şeylər. Hər şeylə maraqlanan insan deyil. Otura, kimisə müzakirə edə... heç vaxt!

- Ən çox kimlərin əhatəsindədir?

- Öz ruh qrupundan olanları sevir. Sevməyi bacaran, içi zəngin olanları sevir. Maraqlı adamları sevir. Dönük adamları sevmir.

- İnsanlardan niyə küsür?

- O, həmişə çox istədiyi adamlardan küsür. Umduğu yerdən küsür. Diqqətsizlik, məsuliyyətsizlik... ən çox bu hallarda inciyir. Özü vicdanlı, səmimidir. Kimisə çox sevir, deyirəm ki, bax, sən filankəsi çox sevirsən, filan-filan xüsusiyyətləri gözəldir. Lakin onun da çatışmazlıqları var. O, ideal ola bilməz axı! Lakin o, mükəmməllik axtarır. Bax, Xumarın bu xasiyyətini qəbul edə bilmirəm. İstədiyini görməyəndə həyəcanı da azalır. Hamını özü kimi görmək istəyir. Onda bu xüsusiyyət var. O sevdiyi insana qarşı da belədir. Lakin ondan ayrılmaq asan deyil. Kaprizləri ilə sevilir. Onu sevənlər daha çox kaprizli, asan olmayan qadın olduğu üçün sevirlər.

- Nə qədər maaş alırsınız?

- Xumarın bütün pulları məndədir. Onda pul var ki, mənə maaş verə? Bir də görürsən, paltar alıram, ətir ortaya çıxarıram, baxa-baxa qalır. Yeni İldir, bir də baxır, ortada süfrə var. Xəbəri yoxdur ki, nə vaxt almışam. Mənsiz heç bir addım atmaz. Lakin aramızda pərdə var. Tül deyil, qalın pərdə var. Yazdığı mahnılar üçün şeirlərin də çoxunu mən seçirəm.

- Evdə xörəyi kim bişirir?

- O daha çox mənim hazırladığım yeməkləri sevir. Anamın, bir də mənim. Evdə xörəyi bişirən var. Ən çox sevdiyi yemək aşdır.

- Həmişə bir yerdəsiniz. Bəs sənin öz şəxsi həyatın? Sabah ailə quranda necə olacaq?

- Mən elə həyat yoldaşı seçmərəm ki, bizi bir-birimizdən ayıra. O desə toy olmasın, olmayacaq. Vaxt var idi, ailə qurub Rusiyaya getməli idim, Xumara görə getmədim...

Нажмите на фотографии для увеличения: