Qulağımızdakı səs-küy - xəstəlik uzaqda deyil

Day.Az представляет новость на азербайджанском языке.


Çox insan qulaqlarındakı küydən, bitmək bilməyən səsdən əziyyət çəkir. Daim narahatlıq yaradan belə səslər beyini yorur, nəticədə insan əsəbi və halsız olur. Qulaqdakı küy yaş və cinsiyyətdən asılı olmayaraq cəmiyyətin 20%-də mövcuddur. Belə küylər böyüklərdə gərginlik, yuxusuzluq, depressiya, uşaqlarda isə fikir pozğunluğuna gətirib çıxarır. Vaxtında müalicə olunmayan belə narahatlıq zamanla daha ağır fəsadlara yol açır. Qulaqda küy insanın ətraf mühitdə olmayan səsləri beyninin içində və qulaqlarında hiss etməsidir.

Lor həkimi Xudu Ağayevin sözlərinə görə, bu cür qulaq küyləri insanın ətrafdakı səsləri eşidə bilməyəcək qədər yüksək və eləcə də ətrafdakı hadisələrə mane olmayacaq qədər alçaq səsli ola bilir. Qulaqda olan küy tək və ya bir çox səsdən ibarət ola bilir və bu səsi ətrafdakı insanların eşitməsi qeyri-mümkündür: "Qulağında küy olan insanlar bunun necə bir səs olduğunu izah edə bilmir. Kimisi qazan səsinə bənzər səs olduğunu, kimisi qışqırtıya bənzər olduğunu deyir. Bu cür küylər boyun və başdakı xəstəliklərlə əlaqəli ola bilir. Küyləri çənə, çiyin və ya ağızı hərəkət etdirməklə sakitləşdirmək mümkün olur, amma ümumilikdə çox əziyyət verən narahat bir haldır".

Qulaq küyü uşaqlar da daxil olmaqla hər yaşda müşahidə olunan bir haldır. 45 yaşdan yuxarı daha çox müşahidə olunan bu hal kişilərdə qadınlara nisbətən çoxluq təşkil edir.

Hazırda gənclərin yüksək səslə musiqi dinləməsi də geniş yayılıb. Bunun nəticəsində qulaqlarda "akkustik travma" meydana gəlir ki, bu da zaman keçdikcə qulaqda küyün yaranmasına səbəb olur. Qulaqda olan küy yüksəksəsli musiqilər nəticəsində daha da artır. Bundan əlavə, qulaq küyünün yaranmasına səbəb nadir hallarda müşahidə olunan sinir şişləri, qulağa ziyanlı olan damcı dərmanlar, insanın yaşının artması, qulağın güclü səsə məruz qalması, orta qulaqda infeksiyalar, yaxud maye toplanması, qulaq pərdəsi ilə bağlı narahatlıqlar da ola bilər.

Həkim bildirir ki, qulaqda küy eşitmə sinirlərinin mikroskopla görülməsi mümkün olan ucluqlarında meydana gələn problemlərdən də yarana bilər. Bu sinir ucluqlarının normal olması insanın rahat eşitməsinə səbəb olur və ən kiçik zədələnmələr belə eşitməni itirməyə, ən yaşı halda qulaqda küyə səbəb olur: "Belə küylər üçün ümumi müalicə yolu yoxdur. Dəqiq diaqnoz qoyulandan sonra küyü aradan qaldırmaq üçün müalicəyə başlanılır. Yəni küy hər insanda müxtəlif səbəblərdən yaranır. Bu qrip deyil ki, hamıya eyni dərman yazılsın. Buna baxmayaraq, çox hallarda küyün səbəbi bəlli olmur. Səbəb bəlli olmayanda isə başqa yollara müraciət olunmalıdır".

Dəqiq diaqnoz qoyulması mümkün olmayanda qulağı rahatladan üsullara müraciət edilir. İlk növbədə musiqinin səsini azaltmaq lazımdır. Təzyiqi daim nəzarətdə saxlamaq şərtdir. Çünki yüksək təzyiq də qulaq küyünə səbəb olur. Qidalardan duzu azaltmaq və əsəb sisteminə təsir edən qəhvə, siqaret, qazlı içkilərdən imtina etmək mütləqdir. Əsəb və gərginliyi mümkün qədər sıfıra endirmək də kömək edə bilər. Ən əsası insan özü-özünə təlqin etməlidir ki, qulaqdakı küy insanı kar etməz və zamanla keçici haldır. Ona görə, bu hala diaqnoz qoymaq mümkün olmadığı halda fikir verməmək lazımdır.

Həmsöhbətimizin sözlərinə görə, insanlar qulaq küyünə fikir verməməklə səhv edirlər. Əslində bu küy xəstəlik xəbərçisi də ola bilər: "Bizdə qulağında küy olan adamın "kimsə haqqımda danışır, məni yad edir" deməsi təbii hal alıb. Həkimə müraciət etdikdə isə ortaya çıxır ki, qulaq pərdəsində deşilmə var. Tək qulaqda olan küy xoşxassəli şişin xəbərçisi də ola bilər. Eləcə də qulaq iltihablanması da qulağa küy verə bilir. Qeyd edim ki, qulaq beyinə yaxındır və qulaq müalicəsi və müayinəsinə bayağı yanaşmaq insanın özünü təhlükəyə atmasına şərait yaratmaqdır".

Qulaq qaşınmasına xüsusi diqqət etmək lazımdır. Bəzən müxtəlif çöplərlə qulaqları təmizləyirlər, yaxud qaşıyırlar. Bu da qulaqların zədələnməsinə səbəb olur. Ən yaxşısı qulaqda bir problem varsa, qısa zamanda həkimə müraciət edilsin.

Psixoloq Nuranə Verdiyeva isə qulaq küylərinin bəzən depressiv haldan qaynaqlandığını bildirir: "Övlad itkisiylə üzləşən, yaxud yaxınları itkin düşən insanlar daim onların səslərini eşitdiyini deyir. Bu cür halları psixoloji yardımla aradan qaldırmaq mümkün olur. Lakin daim küy olduqda artıq onu lor həkiminə göndəririk".

Qulaq küyünün geniş yayılmış problem olduğunu deyən Verdiyevaya görə, onun səbəbləri də müxtəlifdir. "Ən yaxşı diaqnozu isə xəstə özü qoyur. O özü bilir ki, depressiyadadır, ya yox. Küy konkret xəstəlik deyil ki, onun diaqnozu dəqiq qoyulsun. Bu işdə insanlar həkimlərə, psixoloqlara yardım etməlidir".

/ekspress.az/