Bədən tərbiyəsi dərslərinə maraq azalıb?

Day.Az представляет новость на азербайджанском языке.

Son vaxtlar orta ümumtəhsil məktəblərində və ali məktəblərdə fiziki-tərbiyə fənninə maraq kəskin şəkildə azalıb. Belə ki, bu fənni tədris edən müəllimlər dərslərinin əsasən boş keçməsindən şikayətlənirlər.

Xüsusilə 10-11-ci sinif şagirdləri fiziki tərbiyə dərsində iştirak etmirlər. Bəzi regionlarda isə qız uşaqlarının bu dərsdə iştirak etmələri gərəksiz sayılır. Adını vermək istəməyən Bakı şəhər məktəblərindən birində dərs deyən fiziki tərbiyə müəllimi bizimlə söhbətində bildirdi ki, böyük sinif şagirdləri bu dərsi boş dərs hesab edirlər və bədən tərbiyə dərslərində iştirak etmirlər: "İdman dərslərinin tədris prosesində önəmi çox böyükdür. İdman sağlamlıqdır, əgər bu fənnin önəmi olmasaydı tədris prosesinə daxil edilməzdi. Lakin bəzi orta məktəb şagirdləri və valideynləri bunu dərk etmirlər. Övladlarının dərsdə iştirak etmədiklərini valideynlərə şikayət etdikdə isə onlar da öz övladlarını dəstəkləyirlər. Hətta bəzi valideynlər direktorla danışıb uşaqlarının bu dərsdə iştirak etmələrinə icazə vermirlər. Belə olduğu halda, idman müəllimləri vaxtlarının çoxunu müəllimlər otağında jurnal yazmaqla keçirirlər. İdman mədəniyyəti insanlarda uşaqlıqdan formalaşmalıdır. Bizdə vəziyyət belə olduğu üçün xarici ölkələrlə müqayisədə idmana maraq çox aşağı səviyyədədir ".

"Futbol oynamaq" dərsi

Müəllim orta təhsil məktəblərində idman üçün lazım olan ləvazimatların olmamasından da şikayətləndi: "Dərsdə iştirak edən şagirdlər idman dərsinə "futbol oynamaq" dərsi kimi baxırlar. Fiziki tərbiyə fənni o demək deyil ki, şagird gəlib futbol oynayıb getsin. Tədris zamanı bir sıra normativlər var ki, şagird o normativləri yerinə yetirməlidir. Lakin bir çox hallarda normativləri yerinə yetirmək üçün lazım olan ləvazimatları tapmaq mümkün olmur. Bunun üçün də şagirdlərə bir sıra idman hərəkətləri göstərib, məktəbin ətrafını qaçırtmaqla kifayətlənmək məcburiyyətində qalırıq".

Binəqədi rayon məktəblərindən birində təhsil alan 9-cu sinif şagirdinin valideyni Tünzalə Əliyeva övladının bədən tərbiyəsi dərsində iştirak etməsinə icazə vermir: "Dərs cədvəlinə nəzər salsanız görərsiniz ki, gündə 6 dərs var və fiziki tərbiyə ikinci dərsə salınıb. Şagirdlər idman dərsində iştirak etdikdən sonra daha 4 dərsdə iştirak etmək məcburiyyətindədirlər. Bu zamanda uşaq tərlədiyi üçün soyuqlayır. Bunun üçün mənim fikrimcə, idman dərsləri ya axırıncı saata salınmalıdır, ya da məktəblərdə istilik şəraiti normal olmalıdır. Dərs cədvəli müəllimlərin nə vaxt gəlib gəlməyəcəyi ilə deyil, şagirdlərin sağlamlıqlarını nəzərə alaraq tərtib edilməlidir".

Şirvan rayon məktəblərindən birində təhsil alan 11-ci sinif şagirdi Rəşad Əliyev repetitor yanına getdiyi üçün fiziki tərbiyə dərsində iştirak etmir: "Mən 11-ci sinifdə oxuyuram və universitetə hazırlaşıram. Fiziki tərbiyə dərsi isə mənim üçün əlavə vaxt itkisidir. Çünki, bu zaman universitetə daxil olmağıma kömək edən heç bir bilik almıram. Bədən tərbiyəsi dərsi fizika hazırlığımın saatına düşdüyü üçün bu dərsdə iştirak edə bilmirəm".

Fiziki tərbiyə gərəksiz fənndir

Ən acınacaqlısı isə odur ki, bəzi hallarda rayon yerlərində qız uşaqlarının idman dərslərində iştirak etmələrinə valideynləri icazə vermirlər. Qız şagirdlər bu dərsi öz yoldaşları ilə söhbət edərək keçirirlər. Çünki, burada yetkinlik yaşına çatmış qızların qaçmalarına, yoldaşları və müəllimləri ilə birlikdə idman etmələrinə yaxşı baxılmırlar. Salyan rayon məktəblərindən birində təhsil alan Aynurənin valideyni bizimlə söhbətində bu fənnin tədrisinin gərəksiz olduğunu bildirdi:

"Ümumiyyətlə, məktəblərdə idman nəyə lazımdır? Məktəb təhsil ocağıdır. 45 dəqiqə vaxtı idmana sərf etməkdənsə şagirdə bilik verən, informasiya verən fənnə sərf etsələr daha yaxşı olar. Mən yuxarı sinif şagirdlərinə idman dərslərinin tədrisini gərəksiz sayıram. Mənim qızım 10-cu sinifdə oxuyur və onun bu dərsdə iştirak etməsinə icazə vermirəm. Çünki, burada paltar dəyişmə məsələsi var ki, bu, məni çox narahat edir".

Ciddi qəbul edilməyən fənn

Təhsil eksperti Məhərrəm Zülfüqarlı bizimlə söhbətində bildirdi ki, idman dərslərinin digər dərslərdən heç bir fərqi yoxdur. Fiziki tərbiyə fənni də digər fənlərlə eyni hüquqa malikdir. Ekspertin sözlərinə görə, idman dərsləri orta məktəblərlə yanaşı, ali məktəblərdə də tələbələr tərəfindən bir fənn kimi ciddiyə alınmır: " Bu fənnə marağın azalmasına səbəb məktəblərdə şagirdlərin repetitor yanına getmələri, universitetlərdə isə digər tədris olunan fənlər kimi idman dərsinə bal verilməməsi ilə bağlıdır. Çünki, tələbə adətən bal verilən dərsdə iştirak edir və ehtiyat edirlər ki, qiymətləri aşağı düşməsin. Bal sistemi olmadığı üçün bu fənnə tələbələr arasında maraq kəskin surətdə azalıb. Bu problemin həll olunması üçün idman fənləri də digər fənlər kimi bal sistemi ilə təyin edilməlidir". İdman dərslərinin önəminə toxunan ekspert tələbənin və ya şagirdin fiziki tərbiyə dərsində iştirak etməsinin onların sağlamlığı, gümrahlığı üçün vacib olduğunu bildirdi:

"Bədən tərbiyə fənni şagirdin fiziki hazırlığını təmin edir. Yəni şagird və ya tələbə daimi olaraq zehni əməklə məşğul olursa, bu, onun sağlamlığında ciddi fəsadlar yaradır. Buna görə də şagird mütəmadi olaraq həm fiziki , həm də zehni əməklə məşğul olmalıdır". M.Zülfüqarlı xarici təcrübədə insanların özlərinin mütəmadi olaraq idmanla məşğul olduqlarını bildirdi: "Təəssüf ki, bizim cəmiyyətdə idman mədəniyyəti hələ formalaşmayıb. Bizdə də, şagirdin, tələbənin özünün idmana marağı olmalıdır ki, bunu bir fənn kimi qəbul etsin və bununla ciddi məşğul ola bilsin".

/Kaspi.az/