18 nömrəli Bakı Peşə liseyi peşəkar bərbərlər hazırlayır – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə liseyində "Bərbər" ixtisası üzrə tədris qrupunda təhsil alan şagirdlərin istehsalat təlimindən ixtisas-sınaq işlərinin nümayişi maraqla qarşılanıb. Qeyd edək ki, "Bərbər" ixtisası üzrə kadr hazırlığı 18 nömrəli Bakı Peşə Liseyi ilə "Eldar-studio" şirkəti arasında imzalanmış birgə əməkdaşlıq müqaviləsinə əsasən, həmin şirkətin peşəkar mütəxəssislərinin iştirakı ilə aparılır. Belə ki, təhsil alanlar ən müasir avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında təcrübi bilik və bacarıqlara yiyələnirlər. Layihə şagirdləri peşəkar səviyyədə yetişdirmək məqsədi daşıyır.

Peşə liseyinin direktoru Rəhim Ağamalıyevin dediyinə görə, respublikadakı başqa peşə təhsil məktəblərinin heç biri bu cür müasir avadanlıqlarla təchiz olunmayıb: "Liseylərdə belə ixtisaslar olsa da, heç birində onlar üçün bu cür şərait yaradılmayıb".

Liseyin müəllimi Mərziyə İsmayılova tədris prosesində Təhsil Nazirliyinin yeni dərs metodlarını tətbiq etdiklərini qeyd edib. Belə ki, modul sistemi ilk dəfə olaraq bu liseydə tətbiq olunur: "Həm də "Eldar-studio" ilə həmin sistemin dərsə birbaşa inteqrasiyasını həyata keçiririk. Studiya tərəfindən liseyə yeni aparatlar gətirilib. Bu aparatlar vasitəsilə yeni kəsim metodlarından istifadə olunur. Yenilikləri tətbiq etməklə iş təkmilləşdirilib".

M.İsmayılovanın sözlərinə görə, əvvəllər iki gün praktik, digər günlər isə nəzəri dərslər keçirilirdi: "Hazırda isə iki saat nəzəriyyə keçirilir, sonra həmin dərsdə keçilənlər tədris emalatxanasında tətbiq olunur. Bu, şagirdlər tərəfindən daha yaxşı mənimsənilir, effekti də daha yaxşıdır. Yeni metodlarla ənənəvi metodları birləşdiririk. Hər iki müəllim eyni vaxtda dərs aparır. Çalışırıq ki, nəzəriyyə ilə praktikanı eyni müəllim aparsın".

Qeyd edək ki, praktik dərslər həmçinin uşaqların pul qazanmasına şərait yaradır: "Hələlik aşağı qiymətlərlə işə başlamışıq. Şagirdlərin göstərdikləri xidmətin müqabilində əldə edilən gəlirin yarısı onlara ödənilir, yarısı isə məktəbin fonduna köçürülür", - deyə M.İsmayılova bildirdi.

Liseyə qəbula gəlincə, şagirdlər üçün yaş fərqi nəzərdə tutulmayıb: "İşimizin ən gözəl xüsusiyyəti də budur ki, 16 yaşından başlayaraq istənilən yaşa qədər insanlar ikinci təhsil almaq istəyirlərsə, gəlib müraciət edə bilərlər. Bu, evdar qadınlara da aiddir".

"Eldar-studio"nun direktoru Eldar Məmmədov sözügedən layihə ilə Azərbaycana yenilik gətirdiklərini qeyd edib: "Şagirdlər salonda işləyəndə bütün istiqamətləri daha yaxşı mənimsəyirlər. Biz bu layihə ilə Azərbaycana təzə istiqamət gətirdik. İstəyirik ki, uşaqlar bu proqram üzrə təhsil alsınlar. İmtahandan kəsilənlərə yenidən şans verilir. Bizim üçün imtahandan kəsilmək önəm daşımır. Biz onlara şans veririk və kəsilənlər yenidən imtahan verirlər".

Qeyd edək ki, bərbərlik peşəsi üzrə 21 şagird nəzəri imtahandan uğurla keçərək praktiki imtahanlara buraxılıb. Tədbirdə müvafiq mütəxəssislər gələcək bərbərlərin peşə bacarıqlarına yiyələnmə səviyyəsini qiymətləndiriblər. Belə ki, şagirdlərdən 14 nəfəri praktiki imtahandan uğurla keçib, 7 şagirdin işi isə müəllimləri qane etmədiyindən gələn həftə yenidən imtahana buraxılacaqlar.

Bu prosesdən sonra təhsil alanlar 4 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Tədris ilinin sonunda - iyun ayında dövlət buraxılış imtahanından uğurla keçən şagirdlər vahid formalı dövlət sənədi - diplom ala biləcəklər. Dövlət imtahanları ayrı-ayrı gözəllik salonlarından gələn nümayəndələrin iştirakı ilə keçiriləcək. İmtahan prosesində şagirdlərin qabiliyyəti nəzərə alınaraq onlar işə dəvət olunacaqlar.

Tədris emalatxanasında bərbərlik peşəsinə yiyələnən Azər Novruzov bizimlə söhbətində bildirdi ki, liseydə nəzəriyyəyə yiyələnsə də, bu layihə çərçivəsində praktik biliklər əldə edib. Oktyabrda dərslərə başlayan A.Novruzov peşənin sirlərinə yiyələnmək üçün əlavə də hazırlaşdığını qeyd etdi.

Liseydə həmçinin aşpazlıq və dülgərlik peşəsinə yiyələnənlərin qarşısında da geniş imkanlar açılır. Ən yaxşı halda, şagirdlər liseyi bitirib iş tapmaq çətinliyi ilə üzləşmirlər. Məktəbin şagirdləri təhsil alan kulinarların birinci Azərbaycan çempionatında ikinci yerə layiq görülüblər.

Liseydə aşpazlıq peşəsinə yiyələnən şagirdlər "Burada müəllimlər bizə bütün yeməklərin texnologiyasını öyrədirlər" deyə bildirdilər. O cümlədən, liseydə layihə çərçivəsində həyata keçirilən dülgər-xarrat-parket ustası peşəsinə üz tutanların sayı da çoxdur. Belə ki, layihə çərçivəsində ilk dəfə olaraq Almaniyanın BOSCH
şirkəti ilə birgə layihə həyata keçirilir. Lisey direktorunun sözlərinə görə, şagirdlər şirkətin fərqli sahələr üzrə istifadə olunan alətlərinin sirlərinə yiyələnirlər: "Şirkətin alətləri hansı ixtisaslar üzrə istifadə olunursa, uşaqlar 40 saatlıq təlim əsasında onların sirlərinə yiyələnirlər. Yekunda onlara diplomla yanaşı, şirkətin sertifikatı da verilir. İşəgötürənlər isə bu cür şagirdlərin yetişməsində birbaşa maraqlıdırlar. Çünki uşaqlar bu alətlərdən istifadə etməyi bacarırlar. Bu, onların qarşısında əlavə imkanlar açır".

Peşə liseyində həyata keçirilən layihə ilk olsa da, şagirdlərin həyatına gətirəcəyi dəyişikliyə ümid edənlər çoxdur: "Şagirdlər peşəkar sənətkar kimi özlərinə asanlıqla iş tapa biləcəklər. Görəcəkləri işə təminat isə aldıqları təhsil və praktik təhsillə nəzəriyyənin verəcəyi effekt olacaq".

Ümumilikdə lisey layihə çərçivəsində 5 yeni ixtisas üzrə peşəkar kadrların hazırlanmasını həyata keçirir. Belə ki, layihə Ölkədə "Quru inşaat ustası", "Elektrik-qaz qaynaqçısı", "Bərbər", "Dülgər, xarrat-parket ustası", "Turizm və xidmət sahəsi" istiqamətində peşəkar kadrların hazırlanmasına xidmət edir.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.