Yaddaşda iz qoyan böyük bəla nədir

Day.Az представляет новость на азербайджанском языке.


Yol qəzaları, insan qətlləri, boşanmalar gün keçdikcə daha da artır. Məhz bu artımdan insanlar fiziki zərbələrlə yanaşı, psixoloji zərbələr də alırlar. İnsanın gündəlik yaşamını, hisslərini, duyğularını, fəaliyyətini kölgə altına salan bu zədələr tezliklə unudulsa da, əksər hallarda yaddan çıxmır və yaddaşda dərin izlər qoyur. Kimisi bu izlərlə ömrü boyu narahat həyat sürür, kimisi isə vaxtında canını qurtara bilir. Yaşanan travmalar insanda stressə səbəb olur ki, bu, bütün dünyanın mübarizə apardığı problemlərdən biridir.

Yol qəzaları, zəlzələ, sel, insanın gözü qarşısında başqasının öldürülməsi, insanın şiddətə, təcavüzə məruz qalması, müharibə və s. hadisələri insanın görməsi böyük travma yarada bilir. Ailə daxilində olan münaqişələr, işgəncələr, öyrəşilən və çox sevilən bir insanın dünyasını dəyişməsi də travmaya səbəb olur. Təəssüfedici bir haldır ki, bu gün televiziya kanallarının əksəriyyəti məhz belə verilişlər verməyə üstünlük verir. İnsanlar artıq hadisələri özləri yaşamasalar belə, yaşayanların ağrı və əzablarını görürlər ki, bu da insan psixikasına zərbə vura bilir.

Psixoloq Nahidə Orucovanın sözlərinə görə, yaşanan hər hansı bir hadisədən travma alan insanlara qarşı mümkün qədər sakit və səbrli olmaq lazımdır. Travmanın bir ucu depressiyaya, digər bir ucu stressə gətirib çıxarır. Travma alan şəxslər narahatlıq halı yaşayırlar. Bununla yanaşı, özünü bədbəxt hiss etmək, daim əsəbi olmaq, ümidsizliyə qapılmaq travmanın əsas göstəriciləridir: "Travma keçmişlə gələcək arasındakı ipləri qoparır. İndi alınan zərbə gələcəklə bağlı olan fikirləri zədələyir və buna görə də ümidsizlik yaranır. Alınan travmanın ağırlıq dərəcəsindən asılı olaraq insanların davranışları da dəyişir. Daim bir nöqtəyə baxmaq, sakit ikən qışqırıb ağlamaq, həmişə nədənsə qorxu hissi ilə yaşamaq, sakit vəziyyətdə diksinmək də travmanın nəticələrindəndir".

Travmadan sonrakı stress travmadan sonra yaranan bir pozğunluqdur. Yəni 10 yaşında bir uşağın yaşadığı stress üstündən illər keçsə belə unudulmur. Bəzən insanlara elə gəlir ki, yaşanan hadisə yaddaşdan silinir. Amma üstündən illər keçir, yenidən o hadisə baş verdikdə insan keçmişinə qayıdır. Şiddətə məruz qalan insanlar üstündən illər keçsə belə oxşar hadisə ilə qarşılaşdıqda əsəblərini cilovlaya bilmirlər. Buna görə də aradan illər keçməsinə baxmayaraq, hələ də o hissləri yaşayan, həddindən artıq əzab çəkən insanlar psixoloqa müraciət etməlidir.

Həmsöhbətimiz bildirir ki, yaşanılan travmanı daha tez unutmaq üçün gündəlik işdən yayınmamaq lazımdır. Hadisədən əvvəl həyat necə davam edibsə, o formada da davam etdirmək travmanın şiddətini azaldır. Məktəb varsa, məktəbə, iş varsa, işə getməli, maraqlı olan sahələr axtarılmalıdır: "Həyata bağlı qalmaq ən vacib şərtdir. Yaşanan bədbəxt hadisədən sonra tənhalığa qapılmaq, daim yaşananı düşünmək insanlara daha ağır təsir edir. Travmadan sonra insanların özlərinə və ətrafındakı insanlara qarşı yönəltdiyi suallardan biri də "bu yaşadıqlarım təbiidirmi? Mənim başıma gələn hamının başına gələ bilərmi" suallarıdır" deyən N.Orucovanın sözlərinə görə, insan məhz tənhalığa qapılmadığı zaman ətrafdakılar tərəfindən dəstək alır. Bu dəstək sayəsində başa düşür ki, yaşanılan pis hadisədən heç kim sığortalanmayıb.

Bir müddətdən sonra yaşanan travmanın təsiri keçməlidir. İnsanların əksəriyyətində belə olur. Amma psixoloqa görə, artıq illər keçməsinə baxmayaraq yaşanılan hadisə unudulmursa, vəziyyət ciddidir. "Yaşanılan travmanın qalıcı olduğunu bilmək isə elə də çətin deyil. Əgər travma sonrası insan illər keçməsinə baxmayaraq o hadisənin fraqmentlərini istəməyərək xatırlayırsa, obsessiv-kompulsiv pozğunluqlar, diqqət pozğunluqları yaranırsa, sosial məkanlarda, insan çox olan yerlərdə tənhalığa meyl edir, məkandan uzaqlaşıb sakit, hərəkətsiz, bir nöqtəyə köklənirlərsə, bu o deməkdir ki, travmanın izləri hələ də var".

N.Orucova onu da qeyd edir ki, yaşanan travmalar böyüklərdən çox, uşaqlara ağır təsir edir. Çünki onlar böyükləri özlərinə arxa-dayaq görürlər. Hadisə zamanı böyüklərin belə can dərdində olduğunu görən uşaqlar özlərini tamamilə köməksiz hiss edir və bu da onları psixoloji cəhətdən bir neçə il geri salır: "Travmanı uşaqlar yaşayırsa, məktəb həyatında hiss ediləcək qədər dəyişilmə gözə dəyir. Yuxular pozulur, yarımçıq, yaxud qorxulu yuxular uşaqları narahat edir. Yuxularında yaşanmış hadisənin daha fərqli və daha qorxunc formalarını görürlər. Bu da onları səhərlər daha yorğun, əsəbi edir", - deyən Orucova bildirib ki, travma yaşayan uşaqlar artıq fərqli diqqət və qayğı istəyirlər. Onlar daha çox fiziki təmas, qucaqlamaq, daim yanında olmaq kimi duyğularla daha tez sakitləşirlər. Psixoloq hesab edir ki, şəxsi tərbiyə dövrünü keçmiş uşaqlar yenidən sıfıra qayıda bilərlər. "Belə ki, uşaqlar yenidən yataq islada, yediklərini üstlərinə tökə bilərlər. Bu zaman diqqətli və anlayışlı olmaq vacibdir. Mümkün qədər travma izlərini beyindən silmək lazımdır ki, gələcəkdə uşaqlar bundan əziyyət çəkməsin. Bunun üçün isə psixoloqa müraciət etmək lazımdır".

/Eskpress.az/