Ankarada törədilmiş terror aktının arxasında kimlər dayanır?

Day.Az представляет новость на азербайджанском языке

Kəpəz TV (Region TV) xəbər verir ki, bu həftə ölkəmizdə Azərbaycan və Türkəyə arasında Yüksək Strateji Şuranın İclası keçirilməli idi. Tədbirin keçiriləcəyi yer əvvəlcədən Gəncə şəhəri müəyyən edilsə də, sonradan texniki səbəbdən məkan Bakıya dəyişdirildi. Lakin ali tədbir paytaxtda da baş tutmadı. Buna səbəb, Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyip Ərdoğanın ölkəsində baş verən terror hadisəsi ilə bağlı ölkəsini tərk edə bilməməsi olub. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevi məlumatlandıran Ərdoğan Şuranın iclasının keçirilməsinin vaxtını bir qədər sonra müəyyənləşdirmək barədə razılığa gəliblər. İlham Əliyev, Rəcəp Tayyip Ərdoğanla telefon söhbətində, daha sonra göndərdiyi başsağlığı teleqaramında törədilmiş terror aktını qətiyyətlə pisləyib, həlak olanların ailə üzvlərinə, Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, faciə qurbanlarına Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev həmçinin bu həftə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bu terrorun Azərbaycanı da sarsıtdığını vurğulayaraq, hadisənin ölkəmizdə qətiyyətlə pislənildiyini və qınanıldığını deyib.
Həftənin ən səs-küylü və bir o qədər də qanlı hadisəsi Türkiyənin paytaxtı Ankarada törədildi. Fevralın 17-də, Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verdi. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verdi. Rəsmi məlumata görə, partlayış nəticəsində 28 nəfərin öldüyü bildirilir. Terror aktının qurbanları əsasən yüksək rütbəli hərbçilərdir. Türkiyənin Baş Naziri Əhməd Davudoğlu baş vermiş terror hadisəsinin Suriya vətəndaşı Salih Necar tərəfindən törədilməsi barədə məlumat verdi. O, bir il öncə qaçqın kimi Suriyadan Türkiyə ərazisinə daxil olub. Ankarada törədilmiş terror aktını pisləyən ilk ölkə Azərbaycan oldu. Prezident administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdüri Novruz Məmmədov bildirdi ki, terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur. Dövlətlərarası gərginlik azalarsa terror aktlarının azalması da müşahidə olunar. Söz yox ki, Azərbaycan bu məsələdə heç düşünmədən Türkiyənin yanında dayandı. Ötən əsrin əvvəlində Mustafa Kamal Paşanın "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimiz" ifadəsi, əsrin sonunda isə Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı bizi bu böyük şəxsiyyətlərin vəsiyyətlərinə uyğun hərəkət etməyə vadar edir. Bu gün Türkiyə və Azərbaycan kimi bir-birinə yaxın, bir-birini bu səviyyədə dəstəkləyən çox az dövlətlər var. Bunu qorumaq və daha da inkişaf etdirmək indiki hakimiyyətlərin və xalqların üzərinə düşən əsas vəzifələrdəndir. Terror aktına gəldikdə isə ekspertlərin fikrincə bu, Türkiyəyə bir xəbərdarlıq mesajı idi.

Doğrudan da, sanki barıt çəlləyini xatırladan dünyamızda vəziyyət nəzarətdən çıxmaqdadır. İndi elə qüvvələr meydana çıxıb ki, onlara sabit, sakit dövlətlər yox, barıt qoxuyan savaş meydanı lazımdır. Bu qüvvələr üçün müqəddəs heç nə yoxdur. İnsanın dəyəri bir güllədən də ucuzdur. Onların məqsədi müstəqil siyasət yürüdən, heç kimin boyunduruğunu qəbul etməyən, öz sözünü deməyə iqtidarı çatan ölkələrdə çaxnaşma yaratmaq, ölkədə xaos və anarxiya törətməkdir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: "Bu gün xarici müdaxilədən əziyyət çəkən insanlar öz canlarını, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün vəziyyətinə düşmüşlər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşıb, böyük təhlükələrlə üzləşib Avropaya üz tuturlar. Yolda da onların çoxu ya dənizdə batır, ya başqa yerdə həlak olur. Biz görürük ki, bunlara qarşı münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Bu adamların heç bir günahı yoxdur. Əgər onların ölkələrinə xaricdən müdaxilə olunmasaydı, onlar öz ölkələrində yaşayardılar. Onlar - yaxınlarını itirmiş, qaçqın-köçkün vəziyyətinə düşmüş milyonlarla insan indi sadəcə olaraq öz canını xilas etmək istəyir. Onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir. Onların şəxsiyyəti alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır".

Söz yox ki, niyyəti xəbis qüvvələrin hədəfində olan ölkələrdən biri də Azərbaycandır. Həmin qüvvələr sabitlik adası olan ölkəmizdə gedən inkişafı, rifahı görmək istəmir, hər vəchlə ölkə rəhbərliyinin apardığı siyasətə kölgə salmağa çalışırlar. Prezident İlham Əliyevin də dediyi kimi bu cəhdlər bir nəticə vermir. Çünki Azərbaycanda xalqla iqtidar bir vəhdət təşkil edir.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: "Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".

Bəli, bu gün Azərbaycan o nadir ölkələrdəndir ki, burada millətlərarası və dinlərarası zəmində heç bir fikir ayrılığı mövcud deyil. Hətta ölkəmiz çoxmədəniyyətliliyi bir inkişaf modeli kimi seçib. Əhalisinin 90 faizindən çoxu müsəlman olan Azərbaycanda indi elə bir milli bayram yoxdur ki, orada süfrənin başında ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların, milli azlıqların nümayəndələri oturmasın. Tarixən böyük sarsıntılardan keçmiş və indi də bəzi ölkələrdə təzyiqlərlə üzləşən yəhudi xalqının nümayəndləri indi rahatlıqlarını məhz Azərbaycanda tapdıqlarını deyirlər.
Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri: "Möhtərəm Prezident, Siz bu il Azərbaycandan dünyaya "Multikulturalizm ili" kimi bir çağırış vermisiniz. O çağırışla bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünkü həqiqətlərini bəyan etmək istəyirsiniz. Bəli, bayaq qeyd olundu, biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır. Biz İsveçrədə olanda qaçqınlardan şikayət edildi. Onda biz hamımız bir ağızdan dedik ki, Azərbaycan kiçik ölkədir. Azərbaycanın 1 milyon qaçqın və köçkünü olanda böyük bir qitə ağzını açmadı. İndi isə siz həmin qaçqınlardan dad qılırsınız. Bəs, nə istəyirdiniz? Bizim təqsirimiz nədir ki, qapılarımızın hər birindən Allaha şükür 3-4 övladımız çıxır. Amma sizin qapılardan kim çıxır? Övladdan başqa hər şey".
Azərbaycanın öz standartları, öz inkişaf tərzi və dinamikası var. Bu inkişaf strategiyası, iqtisadi modeli dünyanın bir çox ölkələri üçün örnəkdir. Azərbaycanda müxtəlif etnik qrupların, müxtəlif dini mənsubiyyətli insanların bir arada illərdir heç bir problem yaşamadan, mehriban şəkildə yaşaması dünyanın çox ölkəsinin həsəd apardığı bir reallıqdır. Siyasi sistemin inkişafında da Azərbaycanın nümunəsi diqqət çəkir. Ölkədə hakimiyyətin qollarının bölünməsi, bir-birinin funksiyalarına nəzarət etməsi demokratik siyasi sistemi formalaşdırıb. Bir sözlə, Azərbaycan demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu yolu ilə əminliklə irəliləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.