İş yerlərində təhlükəsizlik qaydalarına əməl olunurmu?

Day.Az представляет новость на азербайджанском языке.

Sentyabr ayı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkədə "təhlükəsiz iş aylığı" elan olunub. Qurum bundan öncə də fevralda "təhlükəsiz iş həftəliyi", apreldə "təhlükəsiz iş aylığı" çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirmişdi. Bəs bu tədbirlərin nəticələri nədən ibarətdir? İşəgötürənlər və işçi münasibətlərində hansı irəliləyişlər var? İş yerlərində təhlükəsizlik qaydalarına əməl olunurmu və ən çox hansı qayda pozutularına rast gəlinir?

Kəpəz TV (Region TV) xəbər verir ki, hər il istehsalat xəsarəti və peşə xəstəliyindən təxminən 2,34 milyon insan dünyasını dəyişir. Beynəlxalq Əmək Təşkilatının rəsmi məlumatına görə, dünyada hər 15 saniyədə 153 istehsalat qəzası baş verir, nəticədə bir işçi ölür. 160 milyondan çox insan isə peşə xəstəliyindən əziyyət çəkir. Bundan əlavə, hər il istehsalatda 313 milyondan çox ölümlə nəticələnməyən bədbəxt hadisə baş verir. Azərbaycanda isə bu statistika nisbətən daha ürəkaçandır. Ölkədə baş verən istehsalat qəzalarının sayı azalmağa doğru gedir. İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 33,3 faiz azalıb. Ümumilikdə cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib.

Bəli, bu rəqəmlər arxayınlığa əsas yarada bilməz. İstehsalatda bədbəxt hadisələrin minimuma endirilməsi üçün tədbirlər davam etdirilməlidir. İş yerlərində əmək qanunvericiliyinə uyğun şəkildə təhlükəsizlik qaydalarına əməl edilməsi bədbəxt hadisə risklərinin də azalmasına gətirib çıxarır. Təəsüf ki, bu gün bir çox sahibkarlar bu məqamlara barmaqarası baxır. Bu ay ərzində Dövlət Əmək Müfəttişliyi xidmətinin yerli bölməsi tərəfindən Şəkidə 4 obyektə baxış keçirilib və onların hamısında müəyyən qayda pozuntuları qeydə alıb.

Bu isə onu deməyə əsas verir ki, pozuntulara digər iş yerlərində də rast gəlmək olar. Sadəcə yoxlama digər obyektləri də əhatə etsə idi, digər qanun pozuntusu halları da üzə çıxaracaqdı.

Təəsüf ki, aparılan təbliğat işlərinə baxmayaraq, bəzi işəgötrənlər işçi ilə müqavilə bağlamaqdan yayınır. Ancaq yoxlamalar nəticəsində inzibati cərimələrdən yayına bilmirlər. Xüsusən avtomobil təmiri sexlərində öyrətmək adı ilə təcrübəçi kimi azyaşlıların əməyə cəlb edilməsi hallarına daha çox rast gəlinir. Bu cür azyaşlı şəxslərə çox vaxt əməkhaqqı ödənilmir və onlarla əmək müqaviləsi bağlanmır.

İşçilərin üzərinə düşən məsuliyyət isə mütəmadi olaraq, attestasiyadan keçməkdir. Sahibkarların özləri də işçilərin peşə vərdişlərinin və biliklərinin artırılmasında maraqlı olmalıdırlar.

Lakin cərimələr çıxış yolu deyil. İşə götürənlər nəzərə almalıdır ki, işçilərin həyatı, sağlamlığı üçün məsuliyyət daşıyırlar və bu məsuliyyəti dərk edərək işyerlərində təhlükəsiz iş şəraiti yaratmalıdırlar. Çünki cəriməni məbləğindən asılı olmayaraq ödəmək mümkündür, ancaq kiminsə başına gələn qəzaya səbəb olmağın məsuliyyətindən qaçmaq mümkün deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.