Azərbaycan və Çin arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək

Azərbaycanın xarici siyasətində mühüm yer tutan Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atılır. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimad üzərində qurulmuş yüksək səviyyəli dostluq münasibətləri bu əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Çin liderinin Prezident İlham Əliyevi son prezident seçkilərində ilk təbrik edən dövlət başçılarından biri olması iki ölkə arasında yaranmış dostluq münasibətlərinin bir sübutudur. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyevin İkinci "Kəmər və Yol Forumu"nda iştirakı və 2022-ci ilin sentyabrında Səmərqənd şəhərində keçirilən ŞƏT Sammitində iki liderin görüşü bu əlaqələrin mühümlüyünü bir daha təsdiq edir. Bu gün Astanada keçirilən görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

"Azərbaycan, "Vahid Çin" prinsipini dəstəkləyərək, Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Bu mövqeyi ilə Azərbaycan, Tayvanda keçirilmiş qondarma seçkiləri pisləyən və onları tanımadığını bəyan edən ilk ölkələrdən biri olmuşdur.

Çin, Azərbaycanın ilk idxal mənbəyidir və ölkəmizin beş əsas ticarət tərəfdaşından biridir. 2023-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-dən çox Çin şirkəti sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Çindən Azərbaycana 930,8 milyon ABŞ dolları, Azərbaycandan Çinə isə 263,3 milyon ABŞ dolları həcmində investisiya qoyulmuşdur", - o deyib.

A.Qarayev bildirib ki, Azərbaycan, Çin tərəfindən irəli sürülən "Kəmər və Yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və bu təşəbbüs çərçivəsində sıx əməkdaşlıq qurub. Azərbaycan, Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatıraraq, bu layihənin mühüm hissəsinə çevrilmişdir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz, Çindən Avropaya və əks istiqamətdə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrut olaraq, 2023-cü ilin ilk doqquz ayında yükdaşımaların həcmini 88% artıraraq 2 milyon tona çatdırmışdır:

"Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalmışdır. Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.

Azərbaycan ilə Çin arasında enerji sahəsində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Elektrik mühərrikli avtobusların istehsalı sahəsində "BYD Company Limited" ilə əməkdaşlıq başlanmışdır. 2024-cü ilin noyabr ayında COP29 çərçivəsində BYD şirkətinin 160 elektrik mühərrikli avtobusunun və 100 elektrik enerji doldurucusunun Azərbaycana gətirilməsi planlaşdırılır. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması nəzərdə tutulur".

Politoloq onu da əlavə edib ki, Azərbaycan və Çin arasında şəhər və regionlar arasında da əməkdaşlıq möhkəmlənir.

"Bakı ilə Sıçuan əyaləti, Gəncə ilə Çindao şəhəri, Sumqayıt ilə Sian və Myenyan şəhərləri arasında dostluq münasibətləri inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi hesab olunur və müxtəlif layihələr həyata keçirir.

Elm və təhsil sahəsində də əməkdaşlıq fəal şəkildə həyata keçirilir. Pekin Dillər Universitetində Azərbaycan dilinin tədrisi kafedrası fəaliyyət göstərir, Azərbaycan ali məktəblərində isə Konfutsi institutları uğurla fəaliyyət göstərir.

Əminik ki, Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşlərinin nəticəsi olaraq, iki ölkə arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək və qarşılıqlı təmaslar daha da intensivləşəcək. Bu əlaqələr, Azərbaycan-Çin münasibətlərini yeni məzmun və keyfiyyət səviyyəsinə yüksəldəcək", - Qarayev vurğulayıb.