Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın Quliyev yazır
"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Azərbaycanın xarici siyasət kursu barədə maraqlı paylaşım edib.
A. Quliyev yazır:
"Milli maraqlara əsaslanan hərtərəfli balanslaşdırılmış xarici siyasət kursu Azərbaycana dünya birliyində geniş rəğbət bəslənməsinə, ölkənin qlobal nüfuzunun, regional və beynəlxalq məsələlərdə yerinin və rolunun əhəmiyyətli dərəcədə güclənməsinə gətirib çıxarıb. Ölkənin fəal və praqmatik xarici siyasət kursu həyata keçirməsi müasir geosiyasi, geoiqtisadi şəraitdə yaranan çağırışlara vaxtında və adekvat cavab verilməsini təmin edir, yaşadığımız əsrin dinamik şəkildə dəyişən beynəlxalq siyasi reallıqlarını nəzərə almaqla uğurla reallaşdırılır.
Təbii ki, xarici siyasətdə başlıca məqsədləri dövlətin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, ölkənin beynəlxalq siyasətdə mövqeyini gücləndirmək, milli və regional təhlükəsizliyin təmin edilməsi üçün ən əlverişli şəraitin yaradılmasına nail olmaqdır. Bunlara paralel şəkildə milli iqtisadiyyatın dinamik inkişafı, demokratik dövlət quruculuğu istiqamətində fəaliyyətin intensiv qaydada davamı, inkişaf etmiş ölkələr cərgəsinə qoşulmaq və bu qəbildən digər nailiyyətlərin əldə edilməsi xarici siyasətin tərkib hissəsində yer alır. Praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun yürüdülməsi, beynəlxalq norma və prinsiplər əsasında digər ölkələrlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişafı artıq Azərbaycanın qlobal səhnədə əsas aktorlardan birinə çevrilməsində mühüm rol oynayıb. Xüsusən də İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabırnda həyata keçirilmiş birgünlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və bütün torpaqları üzərində suvernliyini bərpa etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini daha güclü hala gətirib. Bunun ümdə səbəblərindən biri odur ki, Azərbaycan son onilliklər ərzində, daha doğrusu " soyuq müharibənin " bitdiyi ötən əsrin 90- cı illərindən sonrakı dövrdə ərazi bütövlüyünü bərpa etməyi bacarmış yeganə ölkə statusunu qazanıb.. Hətta bu məsələ ilə bağlı Azərbaycana problem yaratmaq istəyənlərin, o cümlədən də Ermənistanın fəaliyyəti ciddi fiasko ilə nəticələndi.
Sirr deyil ki, Qarabağ iqtisadi rayonunu könüllü şəkildə tərk etmiş ermənilər və onların havadarları sonradan Azərbaycanı etnik təmzləmədə ittiham etməyə çalışdılar. Ancaq yenə düşünülmüş xarici siyasət nəticəsində tamamilə əks mənzərə alındı. Ermənistanın Azərbaycanın beynəlxalq izolyasiyaya salmağa çalışsa da, Azərbaycanın erməniəsilli vətəndaşlara mansibətinin nümunəvi xarakteri barədə dünyada fikirlər getdikcə güclənməyə başladı .Artıq Qarabağ iqtisadi rayonundan köç etmiş erməni faktorunun anti-Azərbaycan təbliğatı və rıaçqı kimi istifadəsinin mümkünsüzlüyü Ermənistan daxil olmaqla dünyada etiraf və qəbul olunur.
Xarici siyasətdə daha bir uğur ərazicə kiçik olan Azərbaycanın beynəlxalq münasibətlərdə əhəmiyyətinin artması, bununla dünya siyasətinə mühüm tendensiya qazandırmasıdır. Əslində, bu hal dünya siyasəti üçün ciddi bir yenilik də hesab oluna bilər. Məsələ burasındadır ki, böyük dövlətlər böyük siyasi oyunlarında kiçik ölkələrə passiv "piyadalar" kimi yanaşaraq, onlardan öz məqsədləri üçün istifadəyə daim xüsusi diqqət ediblər. Lakin Azərbaycan bu yanaşmanı alt-üst edə bildi. Ölkəmiz beynəlxalq aləmdə öz milli maraqlarını həyata keçirməyə qadir olan fəal oyunçu nümunəsini ortaya qoydu. Çoxtərəfli diplomatiya sayəsində Azərbaycan göstərdi ki, bütövlükdə beynəlxalq münasibətlərin mahiyyəti üçün təkcə böyük dövlətlərin yox, kiçik ölkələrin də mövqeyini nəzərə almaq lazımdır. Bunun ən yaxşı nümunəsini Azərbycana böyük ölkələrin münasibətində görmək olar. Məsələn, Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Fransanın siyasəti ölkəmizin manevrləri sayəsində bumeranq effekti verir. Fransa buna görə təkcə Cənubi Qafqazda yox, daha geniş coğrafiyada problemlərlə üzləşib. Bunun əksinə olaraq, Azərbaycanla dost münasibətində olanlar qarşılıqlı əməkdaşlıqdan daha çox dividend əldə edirlər. Onların sırasında Avropadan olan ölkələrin də sayı yetərincədir. Elə prezident İlham Əliyevin səfərdə olduğu İtaliya buna ən yaxşı nümunələrdən biri kimi göstərilə bilər. Ölkələrimiz arasında əməkdaşlıq bu gün onların özləri ilə yanaşı Avropa məkanında proseslərin inkişaf axarına müsbət istiqamətdə ciddi təsir edir.
O da xüsusi diqqət çəkən məqamdır ki, Azərbaycanın dünya siyasətində mühüm rolu İtaliyada qəbul olunur. Məhz elə bu səbəbdəndir ki, "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı ayrıca sessiya təşkil edilib. Bu mötəbər Forumda prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı Azərbaycana olan ehtiramın, beynəlxalq aləmdə yüksək nüfuzunun təzahürüdür. Təbii ki, bütün bunlara düşünülmüş və milli maraqlara söykənən xarici siyasət nəticəsində nail olunub. Ölkəmizin həyata keçirdiyi enerji, nəqliyyat logistika layihələri, qurduğu əməkdaşlıq formatları, bəşəri problemlərin, o cümlədən iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırlmasına doğru atdığı addımlar dünyada təqdir olunur, Azərbaycanı daha güclü mövqe sahibinə çevirir.
Konkret İtaliyaya gəlincə, iki ölkə arasında münasibətlərinin zəngin tarixi var və onlar daim səmimi xarakter daşıyıb və artıq strateji əhəmiyyət kəsb edir.
Eyni sözləri br çox digər Avropa ölkələri haqqında da demək olar. Almaniya, Böyük Britaniya, Şərqi Avropa ölkələrinin böyük əksəriyyəti Azərbaycanla münasibətlərini yüksək səviyyədə saxlamağa, inkişaf etdirməyə müstəsna önəm verirlər. Eyni ilə Şərq dünyasında, Afrikada, Latın Amerikasında, Şimali Amerikada bu gü Azərbycan böyük nüfuz sahibidir. Hətta bir- birinə düşmən münasibətində olan ölkələr Azərbaycana münasibətdə bunu daim arxa plana atırlar. Rusiya və Ukrayna nümunəsi buna real faktdır. Təsadüfi deyil ki, buna nail olmağa xidmət edən Azərbaycanın xarici siyasət kursu dünyada bir-birinə qarşı duran güclər tərəfindən də müsbət qiymətləndirilir. Bütün bunlar Azərbaycanı beynəlxalq münasibətlər sistemində daha güclü aktora çevirir.
Təbii ki, yeni dünya düzəninin formalaşması prosesində öz yerini və yolunu yenidən müəyyənləşdirməyə məcbur olan bütün ölkələr başqalarının təcrübəsini öyrənməyə mütləq ehtiyac duracaqlar Artıq duyurlar da...Bu nöqteyi - nəzərdən Azərbaycanın çoxvektorlu, balanslı və bloklara qoşulmamaq siyasətinin örnək və təcrübə mənbəyi olacağına söz yoxdur..."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре