Qara dəniz Enerji Kabeli layihəsi Azərbaycanın qlobal əhəmiyyətini sübut edir

Qara dəniz Enerji Kabeli layihəsi təkcə regional infrastrukturun inkişafında vacib rol oynamır, həm də Azərbaycanın öz regionundan kənarda da iqtisadi inkişafa və təhlükəsizliyə töhvə verən bir ölkə kimi qlobal əhəmiyyətini nümayiş etdirir.

Day.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində Gürcüstanın keçmiş baş nazir müavini, keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili bildirib.

Onun sözlərinə görə, qlobal informasiya gündəmi adətən, ABŞ, Avropa və Çin kimi iri geosiyasi oyunçularına, həmçinin münaqişə və müharibələrlə bağlı hadisələrə fokuslanır. Lakin praktikada qlobal çağırışların real həlləri - ümumi inkişafa töhvə verə biləcək müdrik baxış və lider keyfiyyətlərinə malik ölkələrin iştirak edəcəyi kollektiv tədbirlər tələb edir.

"Qara dəniz enerji kabeli" layihəsi sübut edir ki, qlobal güclərlə yanaşı, strateji düşüncə və yeni həllər yaratmağa hazır olan ölkələr də mühüm rol oynayır. Azərbaycan təkcə daxili inkişaf baxımından əhəmiyyətli nailiyyətlər əldə edən bir ölkə kimi deyil, həm də qlobal iqtisadi artım və təhlükəsizliyin netto-donoruna çevrilmiş dövlət kimi tanınır. Bu layihə Azərbaycanın potensialını təsdiqləməklə yanaşı, artıq əldə olunmuş nəticələri də nümayiş etdirir və inkişafı regiondan kənara çıxarır", - deyə E. Tkeşelaşvili qeyd edib.

O həmçinin qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığı təkcə bir layihəyə bağlamaq düzgün deyil, belə ki, bu tərəfdaşlıq münasibətləri onilliklər ərzində qurulub və tarixin çətin sınaqlarından keçmiş strateji ittifaq halına gəlib.

"Təkcə bir layihə Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığı müəyyən edə bilməz. Biz tarix boyu - strateji müttəfiq, qardaş millətlər olmuşuq. Ən yeni tarixdə də təkcə regionda yox, həm də daha geniş miqyasda ən yaxın dostlardan və tərəfdaşlardan qalmaqdayıq. Biz görürük ki, siyasi liderlərin strateji müdrikliyi və qətiyyəti regionda ən sabit strateji əlaqənin özülünü qoyub və bu bizim çətin dönəmləri adlamağımıza və birgə səylərimizi ümumi təhlükəsizlik, firəvanlıq və iqtisadi inkişafın əldə olunmasına yönəltməyimizə kömək olub", -deyə o bildirib.

E. Tkeşelaşvilinin sözlərinə görə, Ukraynadakı müharibə ilə əlaqədar qlobal logistikanın keçidi və sanskiya məhdudiyyətləri şəraitində, alternativ marşrutlara, o cümlədən Orta dəhlizə ehtiyac yaranır, bu isə son vaxtlar daha da aktual olub.

"Ukraynadakı müharibə ənənəvi ticarət yolları sistemini əsaslı şəkildə dəyişib. Rusiya uzun müddət logistikada mühüm rol oynayırdı, ələlxüsus da şimal marşrutlarında. Ancaq müharibə bu istiqamətə olan etibarı sarsıtdı. Sanksiyaların tətbiqi bunu bir çox ölkələr üçün daha da çətinləşdirdi ki, bu da alternativ imkanlara o cümlədən təkcə ticarət yox həm də, enerji və bərba olunan resursların tranzitinə olan tələbatı artırmış oldu. Bu kontekstdə Azərbaycanın və bütövlükdə Xəzər regionunun rolu böyük əhəmiyyət kəsb etməyə başlayır", -deyə E. Tkeşelaşvili bildirib.

O vurğulayıb ki, gələcəkdə Rusiya üzərindən keçən marşrutlar bərpa olunsa belə, alternativ yolların cazibəsi qorunub-saxlanacaq və "Qara dəniz kabeli" kimi layihələr yeni qlobal infrastrukturun mühüm elementləri olaraq qalacaq.

E. Tkeşelaşvili həmçinin Qlobal Bakı Forumunun roluna toxunaraq, onun qlobal məsələlərin müzakirəsi və həll yollarının işlənib hazırlanması üçün mühüm platforma olduğunu qeyd edib.

"Qlobal Bakı Forumu özü bir nəticədir, çünki onun əsas məqsədi dünyanın müxtəlif ölkələrindən ən görkəmli ekspertləri və nümayəndələri bir araya gətirməkdir. Belə müxtəliflik və təmsilçilik səviyyəsinə çox nadir hallarda rast gəlmək mümkündür. Bakı Forumunda aparılan müzakirələrin dərinliyi bir çox aspektlərdə misilsizdir. Ümid edirik ki, forumun sonunda biz qlobal dünya nizamında qarşılaşdığımız bu böyük transformasiya dəyişikliyi barədə daha aydın təsəvvürə malik olacağıq və hansı həllərin real və həyata keçirilə bilən olduğunu müəyyən edəcəyik ki, ümumi səylərlə töhfə verə bilək", - deyə o vurğulayıb.