Heydər Əliyev Aeroportu ADA Məktəbi şagirdləri üçün süni intellekt mövzusunda aviasiya sessiyası keçirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya sənayesinə maraq göstərən gənclərin inkişafını dəstəkləmək məqsədilə ADA Məktəbinin 10-11-ci sinif şagirdləri üçün "Future of Aviation with AI" ("Aviasiyanın gələcəyi süni intellektlə") adlı xüsusi aviasiya sessiyası təşkil edib. Proqram hava limanı əməliyyatlarına dair praktiki tanışlıq turu və süni intellektin aviasiyada tətbiqinə yönəlmiş interaktiv tədris modulundan ibarət olub.

Day.Az xəbər verir ki, tədbirin əsas məqsədi şagirdləri müasir aviasiya ekosistemi ilə yaxından tanış etmək, real əməliyyat proseslərini nümayiş etdirmək və süni intellektin aviasiyanın gələcək inkişafına gətirdiyi innovativ transformasiyaları izah etməkdir.

Sessiyanın ilk mərhələsində şagirdlər hava limanının əsas funksional zonaları - qeydiyyat məntəqələri, təhlükəsizlik nəzarəti, uçuşların idarə edilməsi mərkəzi, sərnişin xidmətləri və texniki əməliyyat sahələri ilə tanış olublar. Aeroportun əməliyyat komandası real iş şəraitində infrastruktur idarəçiliyi, əməliyyatların koordinasiyası, təhlükəsizlik protokolları və fasiləsiz uçuş axınının təmin edilməsi proseslərini nümayiş etdirib.

Tədbirin ikinci hissəsi aviasiya sənayesində süni intellekt texnologiyalarının artan roluna həsr olunub. Şagirdlər süni intellekt texnologiyalarının aşağıdakı sahələrdə yaratdığı üstünlükləri müzakirə ediblər:

  • uçuşların idarə edilməsində sürətli və dəqiq qərarvermə dəstəyi;
  • sərnişin təcrübəsinin fərdiləşdirilməsi və xidmətlərin optimallaşdırılması;
  • əməliyyat səmərəliliyi və təhlükəsizliyin yüksəldilməsi;
  • enerji səmərəliliyi ilə ekoloji dayanıqlılığın gücləndirilməsi;
  • gələcəyin aviasiya peşələrinin formalaşması və tələb olunan yeni kompetensiyalar.

Sessiyanın sonunda komandalar "Süni intellekt aviasiyanın gələcəyini necə dəyişə bilər?" mövzusu üzrə yaradıcı konsepsiyalar hazırlayaraq təqdim ediblər.

Bu proqram Heydər Əliyev Beynəlxalq Aeroportunun ictimaiyyətləəlaqələr, gənclərin inkişafı və aviasiya savadlılığının artırılması üzrə uzunmüddətli strategiyasının əsas istiqamətlərindən biridir. Təşəbbüs aviasiya sənayesi ilə təhsil sektoru arasında əməkdaşlığı gücləndirir və şagirdlərin texnologiya, innovasiya və hava nəqliyyatının gələcək perspektivləri barədə biliklərini genişləndirir.