Ağdamda köçürülən sakinlər üçün bayram konserti təşkil olunub

İşğaldan azad edilən Ağdam şəhərində köçürülən sakinlər üçün bayram konserti təşkil olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzi nəzdində fəaliyyət göstərən Əməkdar kollektiv - Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri Ağdam şəhərində konsert proqramı ilə çıxış edib.

Ağdam Muğam Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən, paytaxt və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində baş tutub.

 

Bayram konserti işğaldan azad olunmuş Ağdam şəhərinə köçürülən sakinlər üçün təşkil edilib və tədbirdə şəhər sakinləri iştirak ediblər.

Konsert proqramında orkestr Mustafa Aşurovun dirijorluğu ilə çıxış edib. Tamaşaçılara Azərbaycan bəstəkarlarının məşhur əsərləri, eləcə də sevilən xalq mahnıları təqdim olunub.