Qan şəkərini təbii şəkildə azaldan məhsul

Yeni elmi araşdırmalara əsasən, sarımsaq qan şəkərinin tənzimlənməsinə müsbət təsir göstərə bilən təbii məhsul kimi qeyd olunur. Onun tərkibindəki allisin maddəsi mədəaltı vəzinin insulin ifrazını yaxşılaşdıraraq qlükozanın qandan hüceyrələrə daha effektiv daşınmasına kömək edir.

Day.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, sarımsaq beta hüceyrələrinin zədələnməsini azalda və onların fəaliyyətini qoruyaraq insulin istehsalını dəstəkləyə bilər.

Eyni zamanda, o, nişastanın parçalanmasını yavaşladır və bağırsaqlarda qlükozanın sorulmasını azaldaraq yeməkdən sonra qan şəkərinin kəskin yüksəlməsinin qarşısını alır.

Bundan əlavə, sarımsağın güclü antioksidant və iltihab əleyhinə təsiri diabet riskini artıran oksidləşdirici stressi azaldır. Araşdırmalar göstərir ki, bu məhsul bağırsaq mikrobiomuna da müsbət təsir edərək qan şəkərinin daha stabil qalmasına yardım edə bilər.