Prezidentin bəyanatı Ermənistan üçün ciddi siqnaldır

Day.Az представляет новость на азербайджанском языке

"Aprel döyüşləri zamanı Ağdam və Tərtər rayonlarının təmas xəttində yerləşən ərazilərindəki mülki obyektlərə və evlərə ciddi ziyan dəymişdi. Ermənistan Silahlı Qüvvələri qəsdən yaşayış yerlərini nişan alaraq öz vandal hərəkətlərindən əl çəkməmişdi. Həmin hadisələrdən sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva birlikdə əraziyə baxış keçirmişdilər. Ölkə başçısının çox operativ reaksiyası nəticəsində 7 aydan sonra Tərtər və Ağdamda dağıdılan, zərər görən mülki obyektlər, evlərin hamısı tikildi, bərpa edildi. Təsəvvür edin, hərbi əməliyyatlar zamanı Ağdam rayonunda ümumilikdə 743 ev dağıdılıb, zərər çəkib. Bu rəqəm isə Tərtərdə 300-ə yaxındır. Göründüyü kimi, qısa bir zamanda Azərbaycan dövlətinin gördüyü iş təqdirəlayiq qiymətləndirilməlidir". 

Day.Az 525.az-a istinadən bildirir ki, bu sözləri "Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli deyib. 

O bildirib ki, həmin döyüşlərlərdən sonra prezident İlham Əliyev və xanımı necə cəbhə bölgəsinə gedərək qayğı göstərmişdilərsə, indi eyni qayğı ilə də həmin əraziyə getdilər: "Sadəcə, gördükləri fərqli idi: əvvəl dağıdılmış evlər, indi isə gözəl təmir-bərpa edilmiş evlər. Azərbaycan xalqı ilə dövlət arasındakı səmimiyyət, işbirliyi budur. Cəbhə bölgəsində yaşayan hər bir vətəndaşımız əmindir ki, onların həm təhlükəsizliyi qorunur, həm də sosial problemləri ilə yaxından maraqlanılır. Azərbaycan Ordusunun aprel döyüşlərindəki uğurlu əməliyyatı necə vətəndaşlarımızda ruh yüksəkliyi yaratmışdısa, dövlət başçısının paralel olaraq cəbhə bölgəsindəki sakinlərə qayğısı da bir o qədər sevinc hissi gətirmişdi".

Prezidentin ictimaiyyət nümayəndələri qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən ekspert qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Tərtər və Ağdam rayonlarına səfəri zamanı diqqət çəkən məqamlardan biri və bəlkə də birincisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər olub: "Bilirsiniz ki, son vaxtlar münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrində, xüsusilə Rusiyada böyük istək və fəallıq hiss olunur. Düzdür, Rusiyanın Ermənistana silah satışı və Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycanın siyasi elitası tərəfindən birmənalı qarşılanmır. Ancaq Rusiya rəsmilərinin, o cümlədən, siyasətçilərinin şərhlərindən aydın olur ki, Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və bu, Rusiyanın cənub sərhədlərinin qorunmasına yönəlib. Yəni, bu narahatlıq aradan qaldırılıb. Sözsüz ki, həmsədr ölkələr də yaxşı anlayır ki, bu cür status-kvo davam edə bilməz və hər an Azərbaycan öz torpaqlarında antiterror əməliyyatı keçirərək ərazi bütövlüyünü bərpa edə bilər. 

Dövlət başçısının çıxışında da bu amillər yer tapıb. Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Lakin öz torpaqlarımıza mütləq qayıdılacaq və bunun üçün də düşünülmüş strategiya, konsepsiya mövcuddur. Bu mövqe adi sıradan bir insanın mövqeyi deyil. Bu fikirlər kiminsə xoşuna gəlməsi üçün səsləndirilmir. Bir ölkənin dövlət başçısı, ali baş komandanın qətiyyətli mövqeyidir. Sözsüz ki, prezident İlham Əliyevin bəyanatı Ermənistan üçün ciddi siqnaldır". 

Azərbaycanın bərabərhüquqlu xarici siyasət yürütdüyünü deyən E.Hüseynli bildirib ki, dövlətimiz heç kimlə düşmənçilik etmir: "Bütün dövlətlərlə qarşılıqlı, səmimi siyasət sərgiləyirik. Çünki Azərbaycan regionda sabitliyin, tərəqqinin tərəfdarıdır. Bunun üçünsə, Ermənistan mütləq öz dekonstruktiv mövqeyindən əl çəkməlidir, işğal etdiyi torpaqları geri qaytarmalıdır. Artıq imitasiya siyasəti keçərli deyil. Ermənistan hakimiyyəti bilir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən geri çəkilən deyil. Bu mövqe dünyanın qəbul etdiyi mövqedir, separatizmi inkar edir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, əgər Dağlıq Qarabağ münaqişəsi öz həllini sülh yolu ilə taparsa, əlbəttə ki, hərbi variantdan söhbət gedə bilməz. Bu gün güclənən Azərbaycan əhalisinin sayı getdikcə azalan Ermənistan üzərində istənilən yolla öz qalibiyyətini nümayiş etdirə bilər. Azərbaycan xalqı və dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək və Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Bu, rəsmi Bakının mövqeyidir. Seçim Ermənistanındır, Serj Sarkisyan ya işğalçılıq siyasətindən əl çəkərək ölkəsinin tərəqqisinə imkan yaratmalı, ya da hərb yolunu seçməlidir. Düşünürəm ki, Ermənistan ikinci yolu seçsə, çox böyük itkilərə məruz qalacaq və Azərbaycan təkcə Dağlıq Qarabağ və ətraf yeddi rayonu deyil, digər tarixi torpaqlarını da geri qaytarmaq barədə düşünəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.