Kinonun Arifinin kinosu - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Kinorejissor Vasif Babayev qardaşı Arif Babayev haqqındakı xatirələrini Milli.Az-a danışdı.

Belə pərvanələr də olur. Təbiətdəki təbii və süni işığa yığışan məsləkdaşlarından yalnız onunla seçilirlər ki, başına dolandıqları nurun özəyində özlərinin də işığını yandırırlar. Bunu ondan ötrü etmirlər ki, addımladıqları həyat, peşə yolu rahat olsun. Ondan ötrü edirlər ki, ziyasını deyib gəldikləri işığın özəyi onların yandırdıqları işığın gurluğu, parlaqlığı qədər qüvvətlənsin.

"Dəlisov şeydir kino...". Bu fikrini rejissor Arif Babayev (25 sentyabr, 1928 - 26 avqust, 1983) "Ömrün ilk günü" filminin ssenarisi üzərində yazıya çevirib. Dəlisovluğu olanları ram etməkdən ötrü gərək pərvanə olub, onların başına dolanasan.

Arif Babayev televiziya və kino rejissorluğu sənətinin pərvanəsi idi. "Arif özünü sənətdə yandırdı". Qardaşı, sənədli filmlər rejissoru Vasif Babayev söhbətə ilk olaraq bu sözlərlə başladı.

Sınaq çəkilişləri

İçərişəhərin Qəsr döngəsində əsli-kökü bura bağlı olan bir ailə yaşayırdı. Hacıağa kişi ilə Səriyyə xanımın ailəsi. Bu ailənin beş oğul övladından - Arif, Akif, Dias, Vasif, Azərdən - böyüyünün, Arifin evdə əvvəl güzgü qabağında, sonra isə məhəllə uşaqlarının qarşısında artistlik edən, "Azərbaycan" kinoteatrının ekranına çıxarılan filmlərin birini də ötürməməyə çalışan çağları, orta məktəbi bitirdikdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda altıca ay təhsil alandan sonra Bakıya, o vaxtkı Teatr İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti-red.) rejissorluq fakültəsinə üz tutan, burada təhsilini başa vurduqdan sonra Bakı Xalq Təhsili Şöbəsinin səlahiyyətində olan "Pioner bağı"nın (indiki Filarmoniya bağı-red.) direktoru olduğu dövrlər gələcək televiziya və kino rejissorunun sınaq çəkilişləri idi sanki. Sınaq çəkilişlərindən adətən aktyorlar seçməli olurlar. Amma Atif Babayevin böyük kinokameraya doğru gedən yolunun bu, ilk cığırları "sınaq çəkilişləri"nə çox bənzəyir.

"Arif özünü sənətdə yandırdı". Qardaşı, kino və televiziya rejissoru, sənədli filmlər ustadı, Azərbaycan SSR-in xalq artisti, Beynəlxalq Televiziya və Radio Akademiyasının akademiki, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Vasif Babayev söhbətə ilk olaraq bu sözlərlə başladı.

Vasif Babayev: "O dövr cazın Bakıda vüsət aldığı illər idi. Vaqif Mustafazadə yetişirdi. Bizim uşaqlığımız bir yerdə keçib. İçərişəhərin divarları arasında yaranmaqda olan "Bakı cazı" anlayışı heç kimdən yan ötmürdü. Arif də institutda oxuduğu illərdə truba çalmağa aludə olmuşdu. İncəsənət İnstitutunu bitirib, iki-üç il "Pioner bağı"nın direktoru işləyəndən sonra 1956-cı ildə Azərbaycanda televiziya proqramları yayımlanmağa başlayanda Arif ilk televiziya rejissoru oldu. Arada yedd-səkkiz ay kinostudiyada işlədi. Sonra səkkiz il televiziya konsertlərinin, verilişlərinin rejissoru kimi özünü təsdiq etdi. Heyf ki, o vaxtlar teleproqramlar lentə yazılmırdı. Buna texniki imkan yox idi. Televiziyanın təzə-təzə bizə gəlib çatan vaxtları olduğu üçün hamının evində televizor da yox idi. Qonşular daha çox konsertlərdən ibarət olan ilk teleproqramlara bizdə baxırdılar. Tamaşaçılar da, xüsusən Arifin rejissor pultu arxasında necə peşəkarlıqla işlədiyini görən iş yoldaşları da onu "Paqanini" adlandırmışdılar. Doğrudan da, Arifin rejissor masasının düymələri üzərində gəzən barmaqlarının hərəkəti, dilindən çıxan göstərişlər, verilişləri böyük məharətlə idarə edirdi. Səkkiz il televiziyada çalışandan sonra Arif 1964-cü ildə kinostudiyaya qayıtdı. Həmin ildə "Kimi daha çox sevirik" adlı üç novelladan ibarət kinoalmanaxda "Zirvə" kinonovellasını çəkdi. Elə həmin ildə də Arif "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülən ilk televiziya işçisi oldu".

1964-cü ildə ilk dəfə olaraq Azərbaycandan Moskvaya Mərkəzi Televiziyaya reportaj ötürülməliymiş. Arif Babayev gözəl bir "priyom" işlədərək Bakının gecə vaxtını hərbi projektorlarla işıqlandıraraq çəkib və şahidlərin söylədiyinə görə reportajın necə gözəl alındığını təsəvvür etmək çətin deyil.

1966-cı ildə ekrana çıxan "Şəhər üzərində mahnı" filminin çəkilişləri üçün isə Dənizkənarı parkdakı şahmat klubunu seçibmiş, pəncərələrinə tül pərdələr asdırıb və royal qoydurubmuş. Vaqif Mustafazadə gəlib, royalda çalıb. Epizodu ürəyi istədiyi şəkildə, nəzərdə tutduğu tərzdə çəkib. Hazır materiala AzTV-nin o vaxtkı sədri baxanda deyibmiş ki, Vaqif Mustafazadəni başa düşən var ki çəkmisən? Arif Babayev də cavab verib ki, biz başa düşürüksə, deməli, var.

Bakı gecələrinin romantikası

Arif Babayev nadir insanlardan idi. Bayağı ifadə tərzinə yol vermək deyil bu. O, həqiqətən, nadir insanlardan idi. Bu təəssüratı onun təkcə mütləq və müstəsna peşəkarlığı doğurmur, əlbəttə. Arif Babayevin nadirliyinin iri planda görünən göstəricisi onun insan və sənətkar şəxsiyyətinin göründüyü kimi olub olduğu kimi görünməsidi. Bütün yaradıcı insanların əsərləri bir qayda olaraq onların həyat tərzlərinə, ətraf mühitə münasibətlərinə tam uyğun olur. Bu, öz yerində. Bir də var, çox az insanlar ki, başqa adamlara dediyini özünə də deyir. Yəni onlara deyəndə ki, "mən sizə ürək sözlərimi, səmimi qənaətlərimi söyləyirəm", bu dünyanın bir səhnə, biz insanların isə aktyor olması fikrindən səthi çıxış etmirlər.

Vasif Babayev: "Arif xasiyyətcə çox sadə adam idi. Çəkiliş zamanı fəhlələrə kömək edirdi. Deyirdi ki, noolar, onlar da yorulurlar. Fasilədə də daha çox fəhlələrlə ünsiyyətdə olurdu. Özünü çəkmək, ailədə böyük övlad, işində sayılıb-seçilən rejissor olduğu üçün ətrafındakıları ona hörmətlə yanaşmağa məcbur etmək xasiyyəti yox idi. Çox vaxt gecələr yatmırdı. Bir dəfə şəhəri gəzə-gəzə bizə gəlib-çıxdı. Çarpayını ona verib özüm yerdə yatmaq istədim. Qoymadı. Dedim, elə iş olar, mən çarpayıda, sən yerdə? Dedi, niyə olmur, sən yerində rahat yat, mən yerdə yatmağı xoşlayıram. Öz evində də belə edirdi. Xasiyyətindəki həlimlik onu fərqləndirirdi. Hətta demək olar ki, Arif fağır adam idi. Konflikt yaratmaqla, haqlı olduğunu səs-küylə sübut etməklə heç arası yox idi. Mənzili əsl subay kişinin mənzili olsa da, paltarları həmişə səliqədə olardı. Əyin-başına, görünüşünün doğurduğu təəssürata çox diqqətli idi. Həmişə ən son dəbə uyğun geyinər, təmiz-tarıq görkəmdə olardı. Arif hamının - kişilərin, qadınların, böyüklərin, kiçiklərin - qəlbinə yatan, çox yapışıqlı adamlardan idi".

Sona qədər subay yaşadı

Yaradıcı adamların ailə qurub, ev-eşik, oğul-uşaq sahibi olmaq qisməti başqa kəslərdəki kimi olmur. Belə adamların əksəriyyəti bütün varlıqlarıyla sənətə bağlandıqları üçün klassik ailə formulunu durumlarına tətbiq etməyi mümkünsüz görürlər.

Arif Babayev də ailə qurmamışdı. Televiziyadakı iş yoldaşları arasında Azərbaycanda rusdilli telejurnalistikanın banisi Nina Yarovayaya (2013-cü ildə İsraildə dünyasını dəyişib-red.) bəslədiyi hisslər ötəri olmadığından və bu hisslərə sadiqliyindən, xarakterinin özgünlüyündən irəli gələn bir sabitliklə bir dəfə Nəcibə Məlikovanın elçiliyi ilə az qala baş tutacaq evliliyinin hazırlıq prosesini yarıda kəsib.

Lap Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkdiyi (və Anarın öz yazdığı süjeti ekranda tanımadığını etiraf etdiyi) "Gün keçdi" ekran əsərində (başqa sözlə, müəllif kinosunun ən gözəl nümunələrindən birində) bir epizoddakı situasiya kimi:

Əsmər: - Niyə evlənmirsən? Yoxsa bütün ömrünü subay qalmaq istəyirsən?

Oqtay: - Yox, niyə ki...

Məkan adamı, məkansız adam

Arif Babayev Bakını - onun İçərişəhəri və bayır, böyük şəhəri ilə birlikdə - bədii kino sənətinin mövzularından birinə çevirməklə Azərbaycan kino sənətini romantizmlə süslədi.

Vasif Babayev: "Valideynlərimiz rəhmətə gedəndən sonra Arif İçərişəhərdəki evimizdən çıxıb getdi. On beş il Bakının müxtəlif yerlərində kirayədə yaşadı. Sonra kinostudiyanın yanında kino xadimləri üçün tikilmiş binada ona da mənzil verdilər. Orta məktəbi bitirəndə gəlib əlimdən tutub məni İncəsənət İnstitutuna apardı. Beləliklə, Arif ailəmizdə kino və televiziya rejissorluğu peşəsinə həvəsin əsasını qoydu. Məndən sonra sonbeşiyimiz Azər də televiziya rejissoru oldu. Arif olmasaydı, yəqin ki, biz də adi, tipik içərişəhərli kimi formalaşacaydıq".

Əlbəttə, Arif Babayev ayrı-ayrı vərdişləri, ümumi xasiyyəti ilə tam mənada içərişəhərli idi. Məkan adamı idi. Kökünə-köməcinə yaxşıca bələd olan, ona hədsiz vurğunluğu və sadiqliyi ilə seçilən, bu duyğularını bölüşməyi bacaran.

Həm də məkansız adam idi o. Bayır, böyük şəhərin içindəki həcmcə kiçik şəhərin adamı olan Arif Babayev eyni zamanda vərdişləri, xasiyyəti ilə birlikdə təkcə İçərişəhərin adamlarının yox, bizim hamımızın fövqündə dayanmaq üçün seçilmişlərdən idi.

Onların arasında paralellər aydın görünür - Səttar Bəhlulzadə, Arif Babayev və Vaqif Mustafazadə. Birinci ikisi görüntüləri elə yaradırdılar ki, onlar duyğulanıb duyğulandırırdı. Üçüncüsü isə elə duyğulu səslər yaradırdı ki, nüfuzedici görüntülər canlanırdı. Bu paralellərin izahını Arif Babayevin sonuncu filmi verə bilərdi. Filmlər silsiləsi olacaqdı. İçərişəhərin ziyalı şəxslərindən bəhs edən "Bizim müasirlərimiz" adlı sənədli filmlər silsiləsi. 1983-cü ildə rejissor özü yazmışdı bu filmin ssenarisini.

Əfsuslar ki, ona bəxş olunan ömür payı qısa imiş, taleyinə şəkər xəstəliyindən dünyasını dəyişmək qisməti, böyük, bədii kinoda "Zirvə", "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ömrün ilk saatı", "Alma almaya bənzər", "Arxadan vurulan zərbə", "Bizi bağışlayın", "Birisigün, gecəyarısı..." kimi cəmisi 9, amma əvəzində mükəmməl, özünəxas ekran əsərinə, onlarla telesüjet, reportaj və filmlərə quruluş vermək payı yazılıbmış (həmin ssenari isə vəfatından sonra it-bata düşüb). Kimsə deyə bilər ki, xəstəxanada yatıb vaxtaşırı zəruri müalicə kursu keçsəydi, ömür yolu belə yarıda qırılmazdı. Amma bu, onun seçimi, onu qismətidi. Və bəlkə də, bunda heç bir yarmçıqlıq yoxdu, tam əksinə dolğunluq, bütövlük var. Ekzüperi demişkən, həqiqətdə olan, əslində, olduğundan fərqlidi.

Böyütmək üçün şəkillərə klikləyin: