Azərbaycanın Misirdəki səfiri “Nil Əl-Əxbar” TV-yə müsahibə vermişdir

Day.Az представляет новость на азербайджанском языке:
2015-ci ilin 12 may tarixində AR-ın Misirdəki səfiri Şahin Abdullayev Misirin geniş tamaşaçı auditoriyasına malik olan "Nil Əl-Əxbar" televiziya kanalına müsahibə vermişdir.
Ş.Abdullayev "Bakı 2015" ilk Avropa Olimpiya oyunları barədə danışaraq, 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə mübarizə aparacağını tamaşaçıların diqqətinə çatdırmışdır.
Ölkəsinin Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında 10 medal qazandığını qeyd edən səfir dünyanın 200-dən artıq ölkəsi arasında Azərbaycanın 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri tutduğunu bildirmişdir.
Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan Ş.Abdullayev son on il ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyni qeyd etmişdir.
Bundan başqa, səfir 2017-ci ildə Azərbaycanın "İslam Həmrəyliyi Oyunları"na ev sahibliyi edəcəyi barədə də məlumat vermişdir.
Azərbaycanın Şərq və Qərb mədəniyyətlərinə sahib olduğunu, eyni zamanda İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu qeyd edən Ş.Abdullayev ölkəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası, Dinlərarası və Sivilizasiyalararası Forumlar barədə məlumat vermiş, dinc yanaşı yaşama tərzinin və tolerantlıq səviyyəsinin Azərbaycanda yüksək olduğunu diqqətə çatdırmışdır.
Azərbaycanda "Bakı 2015" ilk Avropa Oyunlarının keçirilməsinin başlıca səbəblərinə toxunan səfir ölkəsinin iqtisadiyyatının son illər ərzində surətlə inkişaf etməsinə toxunaraq, təbii sərvətlərdən, neft və qazdan əldə olunan gəlirlərin düzgün idarəçilik siyasəti əsasında digər sahələrin inkişafına yönəldilməsini, dünya ölkələri ilə əməkdaşlıq etdiyini, keçirilən olimpiya yarışlarında azərbaycanlı idmançıların nailiyyətlər əldə etməsini qeyd etmiş, bununla da ölkəsinin ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə nail olduğunu vurğulamışdır. Digər tərəfdən, "Bakı 2015" ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin dünya ölkələrinin diqqətini cəlb etmək, eyni zamanda ölkənin həm idman, həm də turizm sahələrini inkişaf etdirmək, iştirak edən ölkələr arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıdığını qeyd etmişdir.
Ş.Abdullayev Azərbaycanın surətlə inkişaf etməsinə baxmayaraq, ölkəsinin qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağılq Qarabağ münaqişəsi olduğunu vurğulamış və Azərbaycanın 20% torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu qeyd etmiş, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bildirmişdir.
90-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini bildirmiş, nəhayət 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirmişdir. Məhz H.Əliyevin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirmiş, ümummilli lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan "Əsrin müqaviləsi"nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Səfir Heydər Əliyevin çox çətin bir dövrdə Azərbaycanda ordu və dövlət quruculuğu, ölkədaxili sabitlik və təhlükəsizliyin təmin edilməsi, konstitusiyanın qəbul edilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi böyükmiqyaslı tədbirlərin həyata keçirilməsindən danışaraq, Azərbaycanın müasir inkişafının bu dahi şəxsin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır.
Səfir neft və qazdan əldə edilən gəlirlərin qeyri-neft sektoruna yatırıldığını və həmin sahələrin inkişafına yönəldiyini qeyd edərək, Azərbaycan iqtisadiyyatının çoxşaxəli olduğunu və dövlət büdcəsinin xeyli hissəsinin qeyri-neft sektorundan (kənd təsərrüfatı, texnologiya, turizm və sair sahələrdən) əldə edilən gəlirlər hesabına formalaşdığını qeyd etmişdir.
Daha sonra Azərbaycan və Misir əlaqələrinə toxunan Ş.Abdullayev iki ölkə arasında ortaq dəyərlərin mövcud olduğunu, Misirin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd etmiş, eyni zamanda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinin ərəb və islam dünyası, xüsusilə də Misir Ərəb Respublikası ilə əməkdaşlıq etmək olduğunu bildirmişdir.
İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan səfir son illərdə Misir və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafından danışaraq, neft sahəsində əməkdaşlığın inkişaf etdiyini söyləmiş və Misirin Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının dövriyyəsinin son üç il ərzində daha da artdığını, Misirdən Azərbaycana ixrac olunan dərman preparatlarının illik dövriyyəsinin də artdığını qeyd etmişdir. Səfir, eyni zamanda Azərbaycanın iqtisadi imkanlarının son illər artdığını bildirərək, ölkəsinin Misirin beynəlxalq iqtisadi layihələrində iştirak etməkdə maraqlı olduğunu bildirmişdir.
Misir və Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək üçün cari ilin noyabr ayında hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclasının keçiriləcəyini qeyd edən səfir hər iki dövlətdən rəsmi nümayəndə heyətinin və iş adamlarının iştirakının gözlənildiyi barədə məlumat vermidir. Səfir iqtisadi komissiyanın keçiriləcəyi zaman azərbaycanlı iş adamlarının Misirə səfər edəcəyini, misirli həmkarlarla əməkdaşlıq imkanlarının öyrəniləcəyini bildirmiş, digər tərəfdən səfir ölkəsinin Misirlə enerji, neft və neft məhsulları, neft emalı və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulamışdır.
Veriliş zamanı Azərbaycanın son illər yüksək inkişaf tempini və "Bakı 2015" ilk Avropa Oyunları ilə bağlı ölkədə həyata keçirilən hazırlıq işlərini əks etdirən video çarxlar nümayiş etdirilmişdir.
https://www.youtube.com/watch?v=y2G4NDDqgfo&feature=youtu.be
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре