Məmur andı, həkim andı, müəllim andı: kim ona yaxşı, kim pis əməl edir?

Day.Az представляет новость на азербайджанском языке.

Hər bir peşə nümayəndələrinin fəaliyyətində əməl etməli olduğu qaydalar var

Bu qaydalar Konstitusiya qanunları, etik kodekslərdə öz əksini tapır.

Azərbaycanda məmur andı çoxdan var, bundan sonra müəllimlər də and içəcəklər. Həkimlərimiz də əvvəllər and içirdilər - "Hippokrat andı". İndi içmirlər..

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin modern.az saytına dediyinə görə, hazırda Azərbaycanda həkimlər peşə fəaliyyətlərinə başlayarkən əvvəlki illərdən fərqli olaraq "Hippokrat" andı içmirlər:

"İndi həkimlər Hippokrat andı içmirlər. "Həkimlərin etik davranış qaydaları" var, ona riayət edirlər".

"Həkimlərin etik davranış qaydaları" Səhiyyə Nazirliyinin 29.12.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilib. Bu etik kodeks mülkiyyət formasından asılı olmayaraq Azərbaycan ərazisində yerləşən bütün səhiyyə müəssisələrində çalışan həkimlərin nümunəvi davranış qaydalarını müəyyən edir. Qaydaların tətbiq edilməsinin əsas məqsədi səhiyyənin nüfuzunun artırılmasından, səhiyyə müəssisələrinə və həkimlərə ictimai etimadın yüksəldilməsindən, onların fəaliyyətində səmərəliliyin artırılmasından, səhiyyə müəssisələrində korrupsiyanın və həkimlərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınmasından, həkimlər tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsindən, həkimlərin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsindən ibarətdir.

Kodeksdə göstərilir: Həkimin hərəkətlərinə və qəbul etdiyi qərarlara şəxsi və maddi maraqların səbəbləri təsir etməməlidir... Həkim vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir... Həkim öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə və ya sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına yol verdikdə qanunvericiliyə uyğun olaraq intizam, inzibati, cinayyət və digər məsuliyyətə cəlb oluna bilər...

İndi çox nadir hallarda həkim xəstəni təmannasız müalicə və yə müayinə edə bilər. Bunu həkimə müraciət edən hər bir kəs yaxşı bilir. Bəzən həkimdən narazı olanlar onları "Hippokrat andı"nı pozmaqda günahlandırırlar. Amma onu da bilmirlər ki, həkimlərin özləri sovet dövründən qalan və əksər müddəalarına əməl edilməyən bu andı gərəksiz anlayış sayırlar. Qədim yunan eskulapı Hippokratın qadağalarına daha dünyanın heç bir yerində əməl olunmur.

Tibb sahəsi üzrə ekspertlər də deyirlər ki, "Hippokrat and"ı indi həkimlərin fəaliyyətinə əsas istiqamətverici və tənzimedici bir mexanizm ola bilməz. Doğrudan da, "Hippokrat andı"na görə, həkim müalicə və diaqnozla bağlı bütün sirləri qoruyub saxlamalı, abort etməməli, xəstənin öləcəyini ona deməməlidir. Diqqət yetirək, andda deyilir:
"Məndən zəhər istəyənə onu verməyəcəyəm... Bir hamilə qadına uşaq salması üçün dərman verməyəcəyəm... Sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm... ".

Amma indi bu müddəalara əməl olunmur. Hamı bilir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da həkim xəstənin xəstəliyini ağır olsa belə, onun özünə də deyir, müalicə müqabilində pul da alır, arzuolunmaz hamiləlikdən xilas olmaq istəyən qadınları abort da edir. Bir sözlə, qədim yunan həkimi Hippokratın andı müasir dövrlə ayaqlaşmır. Ona görə əksər ölkələrdə həmin andı Həkimlərin Etikası Kodeksi əvəz edir.

***

Qeyd etdiyimiz kimi bundan sonra Azərbaycanda ilk dəfə daimi müəllim işinə qəbul olunanlar da and içəcəklər. Bu, təhsil nazirinin 16 may 2014-cü il tarixli əmri ilə təsdiqlənmiş "Müəllimlərin etik davranış qaydaları"nda öz əksini tapıb. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dovlət bayrağı altında Konstitusiyaya əl basmaqla həyata keçirilir. Həmin sənəddə müəllim andının mətni aşağıdakı kimidir:

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə munasibətləri hormət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and icirəm.

***

Azərbaycanda dövlət qulluğunda daimi işə qəbul olunan məmurların da öz andı var. "Dövlət qulluğu haqqında" Qanunun 152-ci maddəsində məmur andı aşağıdakı kimi verilib:

"Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm".

Görəsən, Azərbaycanda kim öz andına da sadiqdir? Məmur, həkim, müəllim?..

Milli.Az