Azərbaycan böyük arzusuna çatır

Prezident İlham Əliyevin bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışı onun 26 fevral 2021-ci il tarixində yerli və xarici media mənsubları üçün keçirdiyi 4 saatlıq mətbuat konfransı qədər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli və arzolunandır. 44 günlük Vətən savaşının bitməyindən qısa bir zaman keçməsinə baxmayaraq dövlət başçısının postmüharibə dövründə artıq neçənci dəfədir regiondakı yeni reallıqla bağlı vəziyyəti dəyərləndirməsi, iradə və qətiyyətə söykənən fikirləri istər ölkə daxilində, istərsə də xaricdə qaranlıq qalan bəzi məqamlara aydınlıq gətirmək, dezinformasiyaların qarşısını almaq baxımından olduqca böyük əhəmiyyətə malikdir. 

Heç kəsə sirr deyil ki, bu gün Şuşanın 40-a yaxın kəndi, Qırmızı Bazar, eyni zamanda Xankəndi, Xocalı kimi ərazilərimizdə rus sülhməramlılarının nəzarəti altında hələ də erməni silahlıları mövcudddur. Amma bunun tarixin yaddaşına köçməyinə az qalıb. Aramızda buna inanmayanlar da var, inanmaq istəməyənlərin də inanmamaq kimi azad seçimi var. 

Azərbaycan üçün Dağlıq Qarabağın hələlik nəzarətimizdə olmayan hissələrinə mərhələli şəkildə nəzarəti və həmin bölgələrdə suverenliyimizi bərpa etməyimiz məqsədilə regionda öz sülhməramlı kontingenti ilə mövcud olan Rusiyanı razı salmaq istiqamətində önəmli rıçaqlar ortaya çıxmağa başlayıb. Son günlər Azərbaycanın hərbi-siyasi mövqelərini Qarabağda, həmçinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində daha da möhkəmlətməsinə, Ermənistanın öz ordusunu və qanunsuz erməni silahlı birləşmələrini Qarabağdan çıxarmasına, qondarma rejimin Qarabağda fəaliyyətinə tamam son qoyulmasına və əski parçalarının Azərbaycan bayraqları ilə əvəzlənməsinə səbəb ola biləcək nüanslar diqqətdən qaçmaya bilməz. 

Prezidentin ADA Universitetində keçirilən konfransda qeyd etdiyi "Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır" ifadəsi özündə bir çox sualları birləşdirir - Ermənilərin Xankəndinə qeyri-qanuni yerləşdirilməsi, rus sülhməramlılarının nəzarətlərində olan ərazilərdə 10 noyabr bəyanatında nəzərdə tutulandan fərqli olaraq artan kontingenti, qanunsuz erməni silahlı birləşmələrinin hələ də rus sülhməramlılarının nəzarətində olan ərazilərdə qalması (və bəzən gizli yollarla saylarının artırılması cəhdləri), müharibənin bitməsindən 5 ay keçməsinə baxmayaraq minalanmış ərazilərin xəritələrinin hələ də Azərbaycana verilməməsi, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılmasının müxtəlif vasitələrlə ləngidilməsi prosesi...

Qadağan olunmuş, az qala kimyəvi silah kateqoriyasına aid edilən Rusiya istehsalı olan "İsgəndər-M" operativ taktiki raket komplekslərinin qalıqlarının işğaldan azad edilən Şuşada tapılması isə bir ayrı mövzu kimi az qala dünya gündəminə çevrilən məsələ statusu alacaq. Çünki beynəlxalq səviyyədə hüquqi skandal hesab edilən "İsgəndər-M" mövzusu Rusiyaya qarşı dünya müstəvisində hüquqi kampaniyanın başladılmasına fürsət ola bilər ki, bunu da Kreml yaxşı anlayır. Prezident İlham Əliyev də istər dünən Hərbi Qənimətlər Parkının açılışı zamanı, istərsə də bu gün ADA-da baş tutan konfransda "İsgəndər" mövzusuna xüsusi diqqət ayırdı. Prezident bugünkü çıxışı ilə bir daha əmin etdi ki, xalqdan heç nəyi gizlətmir: "Hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya Prezidenti Vladimir Putinlə "İsgəndər-M" raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq". Dövlət başçısının ötəngünkü "Şuşanı biz azad edəndən sonra bu silahdan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik" açıqlamasına nəzər yetirəndə aydın olur ki, Azərbaycan hazırda Rusiyanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan faktları açarsa Rusiya istehsalı olan nüvə başlığı daşıya bilən silahın Azərbaycan ərazisinə atılması rəsmi Moskvanı analoqu olmayan səviyyədə beynəlxalq sanksiyalara məruz qoya bilər. Çünki qadağan olunmuş silah sisteminin kim tərəfindən atılması Rusiyanı məsuliyyətdən azad etmir və bu, tam təsdiqlənəcəyi halda, təkcə Azərbaycanla deyil, dünyanın bütün ölkələri ilə əksər sferalar üzrə, o cümlədən silah alış-verişi ilə əlaqədar münasibətlər pozulacaq. Rəsmi Moskva bunu bildiyi üçün özünə bəraət qazandıracaq cavab tapmaqda da çətinlik çəkir. 

Azərbaycanın bölgədə və regionda artan gücündə Türkiyə amili xüsusi yer tutur. Türkiyənin son günlər gündəmdən düşməyən "Montrö Anlaşması"ndan imtina edib ABŞ gəmilərini boğazdan keçirib, Qara Dənizə buraxması Donbas münaqişəsi fonunda Kreml üçün həyati əhəmiyyət daşıyır. Rusiya dövlət başçısı elə bu məqsədlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib "Montrö Anlaşması"na sadiq qalmağı xahiş edib. Çox güman ki, bunun qarşılığında da Ərdoğan Putinə Qarabağı, Suriyanı, Liviyanı xatırladıb.

Hadisələrin bu cür gedişatı isə Azərbaycanın Qarabağdakı mövqelərini daha da möhkəmlətməyə imkan verə bilər. Prezident İlham Əliyevin ADA Universitetindəki konfrans zamanı dediyi "Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməniləri biz öz vətəndaşlarımız hesab edirik. Bizim bu günə qədər göstərdiyimiz humanitar yardımlar və logistik dəstək də bu niyyətimizi göstərir" ifadələr rəsmi Bakının istəyinə nail olmaq yolunda ciddi bir mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçısı bu açıqlaması ilə həm də Rusiya sülhməramlılarının bölgədə müvəqqəti (5 il) olduğunu bir daha diqqətə çatdırmış oldu. Hazırda dünyada və regionda baş verən proseslər Azərbaycanın bütün hallarda prosesdən uduşla çıxacağı görüntüsü yaradır. Dövlət başçısının ADA-dakı konfransda çıxışı zamanı "Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də biz İrəvana qayıtmayaq" ifadəsi isə qeyd etdiklərimin yaxın gələcəkdə reallaşacağına əminliyi bir qədər də artırır. 

Təhməz Əsədov