“Qurban fəlsəfəsi” haqda düşüncələr... - Sosioloq Elçin Orucov yazır

Müəllif: Sosioloq Elçin Orucov
Səhər telefonun mesaj səsi məni yuxudan oyatdı. Açdım ki, whatsappda 33 oxunmamış mesaj var. Onların 29-u Qurban bayramı ilə əlaqəli təbriklər idi. Hamının bir birinə göndərdiyi standart videolar və bəzənmiş qoyun şəkilləri... Bu artıq ənənədən çox, bir "bayram vərdişinə" çevrilmişdir. İnsanlar küsməsin deyə, "diqqət" əlaməti olaraq hamı durmadan bir birinə bu təbrik mesajlarını göndərir ki, yaddan çıxan bir kimsə qalmasın. Təbii ki, qarşılıqlı sayğı və dəyər gözəl şeydir. Bayramda insanların bir-birlərini təbrik etməsi normaldır. Amma dünyanın peyğəmbər olaraq qəbullandığı İbrahimin bir vaxt etdiyi bu hərəkət buna görəydimi?
O buna görəmi oğlunu qurban kəsmək istəmişdi? Allah bununla bizim fokus nöqtəmizdə qoyunun olmasınımı istəyir, yoxsa Onun bizdən istədiyi başqa şeydir? Ümumiyyətlə Qurban anlayışı ilə hamının tanıdığı qoyun arasında hər hansı bir əlaqə varmı? Qurbanın nə olduğunu biz anladıqmı? Allahın İbrahimdən istədiyi nə idi və O, bununla bütün bəşər övladlarına nəyi göstərmək istəyirdi? Allah və ya İbrahim istədiklərinə nail oldularmı? O vaxt baş verən bu "qurbanlıq" hadisəsi insanlara nəyi öyrətdi? Qurban nəyə görə lazım idi? Suallar bir anda bir birinin ardınca gəlib ağlımdan keçdi... Heç birinə cavab tapmadan mesajlara baxırdım. Bu arada mesajlar bir-bir gəlməyə davam edirdi. Mesajları bir bir açaraq düşünürdüm.
Bayram mesajlarına cavab yazmağı yox, bu "hadisə" haqda düşünürdüm. İbrahimlə Allah arasında baş verən Qurban hadisəsi haqda... "Qurban anlayışı" və "Qurban fəlsəfəsi" fikirlərimə hakim kəsildi. Görəsən biz insanlar qurbanın nə olduğunu anlayırıqmı? Bundan bir mənəvi dərs çıxara bilərikmi, yoxsa bunu bir dini fakt olaraq qəbul edib kifayətlənməliyik? İbrahim peyğəmbər haqda düşündüm... O, çox uzaqlarda idi. Mənə bir şeylər demək istəyirdi, amma həyəcanlı dünyamızın səsindən-küyündən heç nə eşidilmirdi.. Sonra mesajları göndərənlər haqda düşündüm... Onlar yaxında idi və səsləri daha aydın eşidilirdi, amma onlar tərəfindən göndərilən videolar və ənənvi qoyun şəkilləri mənə Qurban haqda çox az şey deyirdi.
Daha doğrusu heç nə demirdi. Bu arada qoyun şəkillərindən başqa, daha gözəl və müasir üslubda tərtib olunmuş "bayram şəkilləri" də göndərmişdilər. Hər zövqdə şəkillər var idi. Amma dərd burasındadır ki, bu şəkillərin və videoların heç biri Qurbanın nə olduğunu anlatmaq gücündə deyildi. Məni "Qurban bayramı"ndan daha çox, Qurbanın ortaya gəlmə səbəbi və mənası maraqlandırırdı. İbrahimin başına gələn bu hadisə amansız bir fakt kimi qarşımda durdu. Allah bu günə qədər heç bir bəndəsini bu qədər sınamamışdı, heç kimdən belə ağır şey istəməmişdi. O vaxt İbrahim peyğəmbərdən istənilən şey, heç kimin qaldıra biləcəyi yük deyildi...
Telefon əlimdə İbrahim peyğəmbər haqda düşünürdüm. Mesajların ardı-arası kəsilmirdi. Say artıq 40-ı keçmişdi. Bəli, hörmət əlaməti olaraq göndərilmişdi o mesajlar. Təbii ki, bir insan vaxt ayırıb sənə bir bayram mesajı atırsa, demək ki, sən onun üçün bir dəyər kəsb edirsən. Bu gözəl hisslərdir. Fikrən hamısına təşəkkür etdim. Onları bir bir canlandırdım. Xəyalən salamlaşdım hamısıyla. Onların içində yaxın dostlar da var idi, qohumlar da, çox yaxın olmayan tanışlar da...
Onlar hamısı "biz" idik. "Mən" və "biz" fərqli kayeqoriyalardır. Çünki mənim düşüncələrim sırf mənə aiddir və "bizim" ümumi düşüncəmizlə həmişə üst üstə düşməyə bilər. Hələ bəzən ziddiyyət də təşkil edə bilər. Bayram düşüncələri, bayram təbrikləri və müasir bayram ənənələri... Bu ənənələr günümüzdə sosial vərdişlərə çevrilmişdir. Artıq bayram vərdişləri həyatımızın bir parçasını təşkil edir. Biz bu gün bayramları sosial media ilə idarə edirik. Məlumdur ki, internetdə hər bayram üçün hazır mesajlar var. Ən çox qoyun şəkilləri isə "Qurban bayramı" mesajlarındadır. Amma mesajlar bir yana, bütün bu mesajları birləşdirən bir "biz" varıq. Biz və bizim düşüncələrimiz...
... Bu düşüncələr məni aparıb çox uzaqlara çıxarır. Dünya mədəniyyətinin yeni formalaşmağa başladığı çağlara nəzər salsaq, orda çox önəmli bir şəxsi görərik. Onun həyatı, davranışı və ürəyində olan Allah sevgisi böyük bir hadisəyə səbəb oldu. Kim idi o şəxs və hansı hadisədən söhbət gedir? Əlbəttə biz qarşımızda İbrahim peyğəmbəri görürük və onun bütün insanlığa göstərdiyi misilsiz örnəyin nə olduğunu 5000 il sonra anlamağa çalışırıq. Amma 21-ci əsr heç də Qurbanlıq əsri deyil. Texnoloji inkişaf insanın başını o qədər qatıb ki, Qurban haqda düşünmək çoxlarına qəribə gəlir. İnsanlığın bir hissəsi isə bunu məntiqsiz sayır. Allah İbrahim peyğəmbərə oğlunu qurban kəsməyi əmr edir. Necə ola bilər ki, görmədiyin Allaha görə gözünlə gördüyün, sevdiyin övladını aparıb qurbanlıq qoyun kimi kəsəsən.
Müasir əsrimizin hüquqi-qanuni qaydalarına və mənəvi meyarlarına görə bu addım heç cür təqdir olunmaz. Heç bir məhkəmə bu "ölüm cəhdinə" haqq qazandırmaz. Dünyada heç bir vəkil, övladını öldürmək üçün "cəhd göstərən" valideyni müdafiə etməz. Hələ məsələyə "insan haqları" çərçivəsindən baxanda, övladına belə bir "işgəncə" verən adam cinayət məsuliyyətinə cəlb olunmalıdır. Müasir insan fərqlidir və fərqli kateqoriyalarla düşünür. Hansı valideyin heç bir günahı olmadan öz övladının həyatına son qoymaq istəyər? Hansı valideyin öz oğlunun və ya qızının başını kəsmək istəyər? Nəticədə biz insanıq. Yəni zəif məxluqlarıq. Heç kim öz sevimli övladını belə bir ölüm riskinə atmaz. Xatırladım ki, İbrahimlə əlaqəli bəhs etdiyim o səhnə ölümlə nəticələnməliydi və hər şey ciddiyə doğru gedirdi. Əgər siz Allahı həqiqətən sevirsinizsə və bunun asan olduğunu düşünürsünüzsə, onda ən çox sevdiyiniz övladınızı düşünün, əlinizə evdə olan ən böyük və ən iti bıçağı alın və özünüzü bir anlığa İbrahimin yerinə qoyun...
Qurban bayramı! Bu gün Qurban bayramı bir yardımlaşma xarakteri daşıyır. İmkanı olan insanlar qurban kəsdirib insanlara paylayırlar və bununla bu bayram həyata keçirilmiş sayılır. Malından-mülkündən keçib heyvan almaq və onu kəsdirib bir ərzaq məhsulu olaraq qurban kəsdirmək imkanı olmayanlara paylamaq gözəl şeydir. Bunu edən insan təqdirə layiqdir. Amma ortaya bir neçə sual çıxır. Heyvana pul verib almaq, onu kəsdirib paylamaq və ya onun ətini bişirib yemək Qurbanın nə demək olduğunu başa düşməyə yol açırmı, ona kömək edirmi? İbrahim peyğəmbər o vaxt oğlunu qurban kəsmək istəyəndə hansı hissləri keçirirdi, onda bayram əhval-ruhiyyəsi var idimi? Qurban anlayışı ancaq ət yeməklə bitir, yoxsa "Qurban" daha geniş bir anlayışdır? Öz həyatını vətən uğrunda fəda edən və şəhid olan insan qurban vermirmi? Torpaq və dövlətçilik uğrunda həyatını təhlükəyə atan hər bir əsgər qurban verir təbii ki. Qurban çox vaxt bir "ölüm faktı" ilə dəyərləndirilir. Yəni guya ölüm faktı yoxdursa, o qurban sayılmır. Bu düzgün yanaşma deyil.
Qurban nədir? Hansı prinsiplərə dayanır? "Qurban" və "ölüm" sinonim sözlər deyillər. Məsələn, özünün olanı başqasına təmənnasız vermək də qurban deməkdir. Hətta özünə aid olan ən dəyərli, ən bahalı və ən çox sevdiyin bir şeyi başqasına vermək və ya verməyə hazır olmaq qurbandır. Qurban anlayışı bir fədakarlıq deməkdir. Amansız düşmənlə savaşa girən hər bir əsgər özündən qurban verir. O savaşdan sağ çıxsa belə, onun verdiyi qurban göz önündədir. Çünki, dünyada ən çox sevdiyi canını odun-alovun içinə atır, vətən uğrunda savaşaraq həyatını təhlükəyə məruz qoyur. Ən böyük qurban - ən çox sevdiyin şeydən imtina etməyi bacarmaqdır, ondan məhrum olmağa hazır olmaqdır. İbrahim peyğəmbərin də etdiyi məhz bu idi.
Allaha sevgisini və itaətini göstərmək üçün ən çox sevdiyi oğlunu qurban verməkdən qaçmadı. Qurban fəlsəfəsinin təməlində özünü unutmaq durur. Bunu isə ancaq fədakar insan bacarar. Bir az da açıq desək, fədakarlığın nə olduğunu anlamayan bir insan, qurban fəlsəfəsini anlaya bilməz. Fədakarlıq sözdə deyil, əməldə olur. Necə ki, insanlıq tarixinin ən dramatik səhnələrinin birində İbrahim peyğəmbəri əlində bıçaq, oğlunu kəsməyə hazır vəziyyətdə görürük. Fədakarlıq "mən varam və burdayam" deməkdir. Fədakarlıq sözlə "yola vermək" yox, bir şeyi etmək deməkdir. Fədakarlıq "özümü unudub səni düşünürəm" deməkdir...
Dövrümüzdə "söz fədakarları" çoxdur. Həddindən çox! Daha doğrusu "dil fədakarları". 21-ci əsrin insanları kənardan "səmimi" görsənmək xətrinə, özlərini şirin salmaq üçün sözün "qüdrətindən" məharətlə istifadə edirlər. Yəqin ki, "sənə qurban olaram", "qurbandır", "qurban olum, qadan alım", "can qurbandı", "quzu kəsim" və s. kimi sözləri hamı çox eşidib. Göründüyü kimi, insanlar "qurban" sözünü leksikonda tez tez istifadə edirlər. Amma nədənsə həyatımızın ən çətin və kritik anlarında bizə "qurban olmaq" istəyənlər, qadamızı-bəlamızı üzərlərinə almaq istəyənlər yoxa çıxırlar, göyə buxarlanırlar. Bunlar bir tərəfə, o "quzu kəsənləri" tapa bilmirsən. Demək ki, insanlar hələ də Qurbanın nə olduğunu anlamamışlar. İbrahim peyğəmbər isə o vaxt oğlunu qurban kəsmək istəyəndə özünü Allahın yanında şirin salmaq istəmirdi. Bu bir oyun deyildi. Allah ondan onun gücü yetməyən bir şey istəyirdi. Bunu təsəvvür etmək belə çətindir.
Belə bir istəyi reallaşdırmaq üçün dünyada ən böyük iman sahibi olmaq belə azdır. Burda iman kateqoriyası artıq arxa plana keçir. İmandan daha güclü bir hiss var ki, o da İbrahim peyğəmbəri bu addımı atmağa məcbur etdi. (Onu da qeyd edim ki, İbrahim peyğəmbər Allah tərəfindən məcbur edilmədi. Allahın niyyəti peyğəmbərini sinamaq idi, məcbur etmək deyildi). İbrahimi bu addımı atmaqda motivə edən hiss sevgi hissi idi. İmandan daha güclü olan bir hiss! İbrahimi bu addıma sövq edən və ona özünü unutduran hiss Allaha olan sonsuz sevgisi idi. Amma İbrahim peyğəmbər oğlunu da hədsiz dərəcədə sevirdi.
Bir insanın övlad sevgisindən daha üstün sevgi ola bilərmi? Müqəddəs yazılardan göründüyü kimi, İbrahim peyğəmbər sonsuz birisi idi, övladı olmurdu. Daha sonra Allah ona övlad verdi. (Onu da qeyd edim ki, İbrahim peyğəmbərin Allah yolunda hansı oğlunu qurban kəsmək istəməsi burda müzakirə mövzusu deyil. Mövzu Qurban anlayışıdır. Bir ata üçün hər bir övlad əvəzedilməzdir. Xristianlıq və islam bu mövzunu bir az fərqli şəkildə təqdim etsələr də, İbrahim üçün dəyişən bir şey yoxdur. Həm İsmayıl, həm də İshaq onun oğulları idi. O, birini digərindən az və ya çox sevmirdi. Hər ikisi üçün canını fəda etməyə hazır idi).
Allah İbrahimdən yeganə oğlunu qurban kəsməsini istəmişdi. Bu da o deməkdir ki, yeganə övladını qurbanlıq olaraq kəsmək, onu öz əlinlə ölümə məkhum etməkdir. Bu da İbrahim üçün həddindən artıq çətin idi. O həyatının ən dramatik anlarını yaşayırdı. Biz o vaxt İbrahimlə Allahın arasında keçən dialoqun tam məzmununu bilmirik. Bəlkə də o dialoqun hamısı müqəddəs kitablarda keçmir. Bəlkə də İbrahim Allaha bu barədə suallar verib və bu işin olmaması üçün Allaha yalvarıb. Biz bunu bilmirik. Biz sadəcə onu bilirik ki, İbrahim peyğəmbər həyatında ən çox sevdiyi bir övladını Allaha qurban verməyə tam hazırdır. Bizim tanıdığımız İbrahim fədakardır, özünü yox, Allahı düşünəndir. İbrahim özü peyğəmbər olsa da, bu işin nə ilə nəticələnəcəyini bilmirdi.
Çünki qarşısındakı Allah idi. Bəlkə də İbrahim bu işin bir cinayət olduğunu düşünüb Allaha bəhanələr gətirə bilərdi ki, bu iş ondan yan keçsin. Amma o bilirdi ki, əgər "öldürmə!" deyən Allah ondan bunu istəyirsə, demək ki, bu Qurban cinayət ola bilməz. O təslim olmağı və Allahın bu əmrini yerinə yetirməklə Ona sevgisini və sədaqətini göstərməyi seçdi. Hə, cinayət demişkən, bəzən biz özümüzü unudub sevdiyimiz başqa birisinə canımızı, vaxtımızı, malımızı, pulumuzu və hər şeyimizi qurban ediriksə, o anlarda bəlkə də özümüzə qarşı cinayət işlədirik. Çünki özünü düşünməmək də bir "cinayətdir". Bu işin ən acı tərəfi də odur ki, qarşı tərəf bizim etdiyimiz fədakarlığı anlamırsa və ona dəyər vermirsə, özümüzə qarşı etdiyimiz "cinayət" daha qabarıq şəkildə önümüzü kəsir. Amma "Qurban qanunu" dünyada olan bütün cinayət qanunlarından üstündür. Qurban imandan deyil, sevgidəndir. Sevgi yoxdursa, demək ki, qurban da yoxdur. Bir sözlə Qurban, özünü unudub sevdiyin başqa birini düşünmək, onun üçün fədakarlıq göstərmək, özünə etmədiyin şeyi ona fəda etmək deməkdir.
Biz bu günlərdə "Qurban bayramını" qeyd edirik, bayram münasibətilə bir-birimizi təbrik edirik. Və üstəlik bu bayram müqəddəs sayılır. Yəni adi bayramlardan deyil. Əslində bu müqəddəslik qoyunlarla deyil, İbrahim peyğəmbərin Allaha olan sevgisi ilə və bütün insanların o SEVGİni başa düşmək və həyatlarında tətbiq etməkləri ilə əlaqəlidir. Hinduizmdə inəklər müqəddəs sayılır, amma islam cöğrafiyasında qoyunlar heç vaxt "müqəddəs" elan edilməyib. Ənənyə görə insanlar Qurban bayramında əsasən qoyun kəsirlər. Amma İbrahim peyğəmbərin o gərgin səhnənin sonunda qoyunu qurban kəsməsi, necə deyərlər "zurnanın son dəliyidir". Allahın Qurbanla bağlı biz insanlara verdiyi dərsin qoyunlarla heç bir əlaqəsi yoxdur. Bir də bu bayramda qurbanlıq heyvan kəsənlə, kəsməyən arasında fərq vardır. Ona görə yox ki, qurban kəsən, kəsməyəndən üstündür. Yox. Bütün insanlar Allah qarşısında bərabərdir! Sadəcə qurban kəsən bir insan fərqli hisslər yaşayır. O qurbanlıq heyvandan tanıdığı (və ya tanımadığı) insanlara paylayır, savab qazanır və s. Bu məsələnin bir tərəfidir. Mən qurban kəsib ət paylamağa qarşı deyiləm. Bu gözəl şeydir. Sosial paylaşmaq bu dünyada insani hisslərin hələ də var olmasının təcəssümüdür. Amma əsas məsələ qurbanı kəsən və o qurbanlıq ətini evində pişirib yeyən insanın QURBAN prinsipləri haqda düşünməsidir. Əslində Allahın bizdən istədiyi də budur - Qurbanın nə olduğunu dərk etmək, qurban verməyi bacarmaq... Digər tərəfdən, Müqəddəs Qurban bayramı münasibətilə bir-birini təbrik edən insanlar QURBANın mahiyyəti haqda düşünürmü? Bir zaman İbrahim peyğəmbərin atdığı bu cəsarətli addım haqda düşünürükmü, onun yaşadığı hisslərin nə olduğunu fərq edirikmi? Məhz burda "mən" və "biz" çərçivələri üst üstə düşməyə bilər. Fikirlər fərqli çalarlarda ola bilər. Amma hər bir insan həyatının hər hansı mərhələsində Qurbanla qarşılaşır. Bu mütləqdir. Az və ya çox, hər kəs bu həyatda qurbanı dadır. Bu barədə bütün insanlar arasında ən böyük sınaq isə İbrahim peyğəmbərə düşmüşdür.
Qurban bayramdırmı, yoxsa dövlətin vətəndaşa tətil izni verdiyi o günlərdə oturub bu haqda düşünmə fürsətidir? Bunu hər birimiz bir şəkildə qəbul edir və bir şəkildə qiymətləndiririk. Qurban sadəcə bayram təbrikidirmi, yoxsa bir qoyun alıb kəsib paylamaqdırmı, yoxsa gedib "Qurban əti satılır" yazılan bir yerdən ət alıb axşam evdə Qurban əti bişirib yeməkdirmi, yoxsa başqa şeydir Qurban? Əgər bu dini ənənə bu günə qədər belə davam edirsə, yəqin ki, ALLAH bizlərə bir şeylər demək istəyir. ALLAH bizdən nə istəyə bilər ki? Hər şeyə qadir olan və bu boyda dünyanın sahibi olan ALLAHın bizə nə ehtiyacı var ki, bizdən də bir şeylər istəsin? Maraqlıdır... İbrahimlə Allahın arasında baş verən bu Qurban hadisəsi, orda yaşanan hisslər, həyəcan, münasibətlər və s. mənəvi varlığa aiddir. Ancaq biz qoyunu mənəvi varlığa aid edə bilmərik... Allahı maraqlandıran mənəviyyatdır. İnsanı isə maddi dünya maraqlandırır. Canlıların içində ancaq insan maddiyat üçün özünü oda alova atır, savaşır, vicdanını satır, başqasının haqqına girir, maddi çıxar naminə yalan da danışır, ona edilən yaxşılıqları bilərəkdən unutmaq və başqalarına unutdurmaq istəyir, hətta o yaxşılıqları danır... Nə üçün? Maddiyyat üçün. Çünki düşünür ki, Allahla qarşılaşmayacaq, Ona hesab verməyəcək. Bəli, insan maddiyyatın qurbanıdır. Amma bu artıq başqa qurbandır...
Hə, unutdum, Allah demişkən... Güclü Allah gücsüz insandan bir şeylər istəyir. Adətən dünyada gücsüz güclüdən bir şeylər istəyər. Amma görürük ki, Allahın da insandan istədikləri varmış. Məsələn, yuxarıda qeyd etdiyimiz səhnədə Allah İbrahimdən Onun üçün bir şey etməsini istəyirdi. Allahın insandan bir şey istəməsi bəzən anlaşılmaya bilər. Amma o bizdən QURBANın nə olduğunu anlamağımızı istəyir. İşlərimizi kənara qoyub, bir az vaxt ayırıb bu haqda oturub düşünməyimiz bizi Allaha daha da yaxınlaşdırar. Allah kimin qurbanı varsa qəbul etsin! Qurban kəsdirib insanlara paylamaq çox gözəl şeydir. Amma bir saat oturub QURBAN haqda oxumaq, onun nə olduğunu fikirləşmək, elə Qurban kəsdirməyə bərabərdir.. Çünki, Allahın məramı insanın başa düşməsi və unutmamasıdır. Allahı unutmayan insan ən dəyərli insandır. Allahı unutmamaq üçün isə özümüzü unutmağı bacarmalıyıq, fədakar olmağı bacarmalıyıq. Əgər fədakarlığı öyrənsək, Qurbanın da nə olduğunu anlayarıq.
Bu yazıda Qurban anlayışına fərqli baxışdan yanaşdım. Təbii ki, hər bir insanın Qurban və Qurban bayramı haqda öz fikirləri ola bilər. Sadəcə onu demək istəyirəm ki, Allahın insana anlatmaq və ya xatırlatmaq istədiyi Qurbanın simvolu qoyun ola bilməz! Allahın bir vaxt İbrahimə etdiyi "Qurban təklifinin" qoyunla heç bir əlaqəsi yox idi. O səhnədə qoyun ən sonda bir "çıxış yolu" kimi ortaya gəlir. Əsas məqsəd isə İbrahimin Allaha olan sədaqətini və sevgisini sınamaq idi. Allah bu gün də hər bir insanın sədaqətini və sevgisini sınayır. Bəzən evimizdə olan istifadə etmədiyimiz bahalı bir əşyanı başqasına verəndə onu özümüzdən böyük bir qurban kimi görürük. Amma əgər verdiyimiz o əşya məsələn, mobil telefondursa, onda özümüzün işlətdiyimiz və ən çox sevdiyimiz telefonu başqasına verəndə, o qurban olur. Yəni onda deyə bilərsən ki, qurban verdim. İşlətmədiyin köhnə telefonlardan birini başqasına verəndə ona yaxşılıq etmiş olursan, amma o qurban olmur. Ona qurban demək olmaz. Məsələn, iki böyrəyindən birini yoldaşına, valideyninə və ya övladına verməyə hazır olan insan qurbanın nə olduğunu anlayar. İbrahim peyğəmbərin düşdüyü vəziyyətdə olduğu kimi, verdiyin şey ən çox sevdiyin, ən çox önəm verdiyin və onsuz yaşaya bilmədiyin şey olmalıdır ki, o qurban sayılsın. Qurbanın əsas prinsipi də elə budur. Digər tərəfdən, bir insana etdiyimiz yaxşılıq da qurban sayıla bilər. Çünki o yaxşılığı edəndə biz zamanımızı, bacarığımızı, əməyimizi, başqası üçün gördüyümüz işi və çox zaman da malımızı-pulumuzu qurban veririk. Əsas məsələ Qurbanın ruhunu anlamaqdır.
Qurban bayramınız mübarək olsun!
...Mən bu yazını yazdıqca bayram mesajları gəlməkdə davam edirdi...
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре