Uçuşla bağlı təlimçilərə sertifikatın verilməsi qaydası təsdiqləndi

Uçuş və kabinə heyətinə təlim keçən təşkilatlara, uçuş və kabinə heyətinin bilik və bacarıqlarını yoxlayan təlimçilərə sertifikatın verilməsi qaydası təsdiq edilib.

Day.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qayda "Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanıb və təlimçilərin, imtahançıların, təlim təşkilatlarının və uçuşu imitasiya edən təlim qurğularının sertifikatlaşdırılması tələblərini müəyyən edir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, "Beynəlxalq Mülki Aviasiya haqqında" 1944-cü il 7 dekabr tarixli Konvensiyaya və Konvensiyaya 1 nömrəli Əlavə - "Aviasiya personalının sertifikatlaşdırılması" ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə uyğun olaraq həyata keçirilir.

Bu Qayda ilə müəyyən olunmuş səlahiyyəti təsdiq edən sənədlərin verilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.