Gədəbəydə dağlıq ərazidə baş verən yanğın söndürülüb

Gədəbəy rayonunun Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Day.Az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə ilə bağlı "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş sahəyə yayılmasının qarşısı alınıb və yanğın tam söndürülüb.

Yanğın nəticəsində 5 hektar sahədə əsasən quru ot, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.