Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında əsasnamə təsdiqlənib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı müvfiq sənədi Prezident İlham Əliyev imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətini və bu sahədə dövlət tənzimləməsini, eləcə də xarici əlaqələr sahəsində Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini həyata keçirən və diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.