Azərbaycan və Gürcüstan arasında münasibətlər Cənubi Qafqazda sabitləşdirici rol oynayır - Sahibə Qafarova

Bu gün Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır.
Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın milli bayramı - Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Azərbaycanla Gürcüstan arasında əlaqələrin dərin tarixi kökləri olduğunu deyən spiker bildirib ki, əsrlər boyu xalqlarımız birlikdə olub, dostluq və mehriban qonşuluq şəraitində yaşayıb və daim bir-birini dəstəkləyiblər.
"XX əsrin əvvəllərində Gürcüstan Demokratik Respublikası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdu. Bu gün isə dost və qardaş dövlətlərimiz arasında münasibətlər strateji xarakter daşıyır və Cənubi Qafqazda sabitləşdirici rol oynayır.
Azərbaycan və Gürcüstan mehriban qonşuluq, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasəti yeridirlər və bu, digər dövlətlər üçün də nümunədir. Biz bütün bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf uğrunda çıxış edirik və bir-birimizin uğurlarına da sevinirik.
Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, müntəzəm görüşləri onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyinin bariz ifadəsidir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq münasibətlərimizin bütün sahələrdə daha da möhkəmlənməsinə və dərinləşməsinə təkan verir", - o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре