Ermənistan hakimiyyəti sülh mesajlarında səmimi deyil

Ermənistan rəhbərliyinin sülh mesajları, sülh müqaviləsi ilə bağlı bəyanatları səmimi deyil, saxta və riyakar siyasətdir.

Day.Az xəbər verir ki, bu fikirləri ARB24 telekanalına müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O qeyd edib ki, Ermənistan rəsmiləri bu tip açıqlamalar verməklə manipulyasiya ilə məşğuldur.

"Faktiki olaraq hazırkı durumda sülh müqaviləsinin imzalanması real deyil. Çünki Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistan ATƏT-in Misk qrupunun ləğvi ilə heç bir addım atmır. Zəngəzur dəhlizinin açılması yubadılır. Bütün bunlar sülh əldə edilməsi yolunda ciddi maneədir və bütün məsuliyyət Paşinyan hakimiyyəti üzərində qalır.

Ermənistanda son günlər yenidən fəallaşan radikal qüvvələrin, revanşist meyilli qruplaşmaların cəzasız qalması da hazırkı hakimiyyətin riyakar simasını göstərir. Rusiya xarici işlər nazirinin Ermənistana son səfəri, səsləndirdiyi ziddiyyətli və bəzi hallarda təxribatçı bəyanatlar isə vəziyyəti daha da gərginləşdirir.

Görünən odur ki, həm Avropa, həm də Rusiya dairələri Cənubi Qafqaz üzərindən yeni planlar həyata keçirməyə çalışır, bu məqsədlər üçün Ermənistandan vasitə kimi istifadə edilir", - deyə S.Kərimli əlavə edib.