Bakıda İqlim Fəaliyyəti Həftəsi keçirilib

Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week) keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Britaniya imperiyası ordeni (OBE) kavaleri, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunub:

COP29-un nəticələri və COP30-a gedən yol - Azərbaycanın iqlim sahəsində liderliyi;

COP29-dan BCAW2025-ə, yaşıl keçidin təmin edilməsi - Milli İqlim Planları (NDC və NAP), investisiya platformaları və keçid planları, yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi - kiçik və orta biznesə (KOB) diqqət.

Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londondakı tərəfdaşlıqla birgə ilk "Bakı İqlim Fəaliyyəti Həftəsi"ni uğurla keçirmişdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, hazırda biz birlikdə Bakı-Belen Yol Xəritəsini hazırlayırıq ki, bütün mənbələrdən illik 1,3 trilyon dollar səviyyəsinə qədər maliyyənin artırılmasını təmin edək.

O xatırladıb ki, bir il əvvəl Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı:

"O vaxt dünya diqqətini bizə yönəltmişdi. Çoxları kiçik bir ölkənin bu qədər böyük məsuliyyəti uğurla daşıya biləcəyinə şübhə edirdi. Həmçinin, beynəlxalq ictimaiyyətin dərin bölünmələr fonunda hələ də birgə qərar qəbul edə bilib-bilməyəcəyi də sual altına alınırdı. 2024-cü il seçkilər, müharibələr və iqtisadi böhranlarla beynəlxalq əməkdaşlıq üçün ən çətin illərdən biri oldu.

Lakin Prezident İlham Əliyevin aydın rəhbərliyi altında biz bu vəzifəni həm mənəvi borc, həm də strateji fürsət kimi qəbul etdik. Qarşımıza məqsəd qoyduq və uğurla nəticələndirdik. COP29-a ev sahibliyi etmək bizim üçün kiçik, lakin iddialı bir ölkə kimi çox mühüm idi. Bu, hər bir dövlətin liderlik edə və nəticə göstərə biləcəyini sübut etmək imkanı idi. Azərbaycan bu prosesdən böyük qazanc əldə etdi. 70 mindən çox iştirakçı və 80 dünya liderini qəbul edərək tarixdə ikinci ən böyük COP-u keçirdik və regionumuzu dünyaya tanıtdıq. İnsan kapitalımıza sərmayə qoyaraq yeni nəsil danışıqlar aparıcıları, siyasət ekspertləri və təşkilatçılar yetişdirdik. Beynəlxalq dostluqlar və tərəfdaşlıqlar qurduq, qlobal tədbirlərin və mürəkkəb diplomatik danışıqların uğurla idarəçisi kimi reputasiya qazandıq. Konfransın sonunda dünyaya sübut etdik ki, ən böyük çağırışların öhdəsindən gələ bilirik".

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isə qeyd edib ki, 2021-2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoru orta hesabla illik 6,7% artıb və hazırda milli iqtisadiyyatın 68%-ni təşkil edir.

O vurğulayıb ki, son illərdə qeyri-neft ixracı, demək olar ki, iki dəfə artıb və bu, Azərbaycanın artan rəqabət qabiliyyətini təsdiqləyir:

"Hazırda ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Eyni zamanda, fiskal göstəricilər də möhkəmlənib. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb. Strateji valyuta ehtiyatlarımız təxminən iki dəfə böyüyüb, dövlət borcu isə ÜDM-in cəmi 6,5%-nə enib ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.

Əlavə olaraq Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov çıxışında vurğulayıb ki, hökumət, bazar və cəmiyyət "yaşıl keçid"i irəlilədə bilər.

O qeyd edib ki, insan iqlim məsələləri ilə uzun müddət məşğul olduqda, bu sahədə müəyyən təcrübə qazanır:

"Sürətlə irəliləmək üçün bir neçə məqamı qeyd etmək istəyirəm. Birincisi, geosiyasət önəmlidir, çünki bu proses interhökumətlidir. Lakin geosiyasətlə bağlı çox mürəkkəb mexanizmlər var. Ümumiyyətlə, burada cəmiyyətin, xüsusən də gənclərin, övladlarımızın göstərdiyi təzyiq mühüm rol oynayır və bu, bütün dünyaya aiddir.

Dövlətlərin öz milli maraqlarını güddüyü bir dünyada, məsələ əsasən onların rəqabət üstünlüyünü necə irəlilətməsindən asılıdır. Hamımız qlobala necə qayğı göstərdiyimizi danışa bilərik, amma dövlətlərin təbiətinə görə, bu məsələnin müəyyən dərəcədə milli maraqlarla üst-üstə düşməsi vacibdir. Biz şanslıyıq ki, bir çox hallarda yaşıl keçid prosesini irəlilətmək bir çox ölkənin milli maraqlarına xidmət edir, xüsusən texnoloji innovasiya və iqtisadiyyata töhfəsi baxımından".

"EY" şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf Xidmətləri rəhbəri Viktor Kovalenko isə qeyd edib ki, dekarbonizasiya yalnız hökumətlərin işi deyil, o, hər bir müəssisənin gündəlik fəaliyyətindən irəli gəlir. Bizneslərin ehtiyacı olan, yalnız aydın çərçivə və istiqamətdir.

O qeyd edib ki, şirkətlər iqlim dəyişikliyinin əməliyyatlarına konkret risklər törətdiyini görəndə, bu məsələ risk idarəçiliyinin bir hissəsinə çevrilir:

"Risk idarəçiliyi isə hər bir biznesin başa düşdüyü bir anlayışdır. İqlim dəyişikliyi real maliyyə təsirinə, xərclərə, risklərə və imkanlara çevrildikdə şirkətlər hərəkətə keçir. Çünki o vaxt məsələ yalnız ətraf mühitlə bağlı deyil, bu, pul, rəqabət qabiliyyəti və uzunmüddətli dayanıqlılıq məsələsidir".

Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev də bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanları həlledici rol oynamalıdırlar.

Kamran Əliyevin sözlərinə görə, ətraf mühitin mühafizəsi və ekoloji cinayətlərə qarşı mübarizə məsələləri transmilli xarakter daşıyır və birgə səylər tələb edir.

"Azərbaycan davamlı olaraq hüquq-mühafizə orqanlarının iqlim gündəliyinə cəlb olunması mövzusunu beynəlxalq səviyyəyə çıxarır. Xüsusilə, COP29 çərçivəsində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və BƏƏ Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda yüksək səviyyəli sessiya təşkil olunub və sessiyanın yekununda Bakı Fəaliyyətə Çağırış Bəyannaməsi qəbul olunub",- deyə Baş prokuror bildirib.

BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still isə videomüraciətlə qeyd edib ki, Bakıda, COP29-da verilən vədlər insanların və icmaların görə biləcəyi real addımlara çevrilməlidir.

Onun sözlərinə görə, bu gün milli iqlim planlarını yerində investisiya edilə bilən həllərə çevirmək və həm dövlət, həm də özəl investisiyaları cəlb edəcək layihələr formalaşdırmaq vacibdir. Eyni zamanda, proqnozlaşdırıla bilən siyasi çərçivələrin və razılaşdırılmış biznes strategiyalarının yaradılması zəruridir.

"Milli iqlim planları razılaşdırılmış biznes strategiyaları ilə üst-üstə düşdükdə iqlim tədbirlərini genişləndirmək asanlaşır. Burada özəl sektor əsas rol oynayır. Burada biznes yalnız hədəflər qoymaqla deyil, artıq real investisiyalar edərək iddialarını göstərir,"- deyə S. Still vurğulayıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə isə öz növbəsində qeyd edib ki, Azərbaycanda banklar indiyədək "yaşıl layihələr" üçün 300 milyon manat kredit ayırıblar.

O əvvəlcə xatırladıb ki, bank sektoru 2030-cu ilə qədər 2 milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 tədbirində elan edilib: "Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrini dəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlı infrastruktur və digər layihələrə vəsait ayırmaq niyyətini nümayiş etdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklar təxminən 13,000 kredit, yəni təxminən 300 milyon manat ayırıblar".

"Nəticə olaraq, yaşıl keçid mürəkkəb və uzunmüddətli bir yolculuqdur, lakin bu gün yaratdığımız dinamika uzunmüddətli təsir göstərəcək. İnanıram ki, bu tədbir və həyata keçirilən təşəbbüslər iqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavan Azərbaycan yaratmaq üçün katalizator olacaq", - baş direktor vurğulayıb.