Almaniya ilə Azərbaycan arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub - səfir
.jpg)
Almaniya ilə Azərbaycan arasındakı münasibətlər əməkdaşlıq və dialoqun yeni səviyyəsinə yüksəlib.
Day.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann Bakıda keçirilən qəbulda çıxışı zamanı bildirib.
Diplomat xatırladıb ki, bu ilin aprelində Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfər edib. Bu, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Almaniya Prezidentinin ölkəyə ilk səfəri olub.
"Bu tarixi hadisə ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu", - deyə səfir vurğulayıb.
Onun sözlərinə görə, ötən il ölkələr arasında iqtisadi əlaqələr xüsusilə dinamik inkişaf edib və bu proses ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi üzrə birgə yol xəritəsinə əsaslanıb.
"Bu sənəd enerji, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə daha fəal əməkdaşlıq üçün möhkəm baza yaradıb", - Hörlemann qeyd edib.
Səfir həmçinin bildirib ki, artıq konkret layihələr icra olunmağa başlayıb. Onların arasında Almaniyanın MAN şirkəti tərəfindən Azərbaycanda elektrik avtobuslarının yığılması zavodunun inşası xüsusi əhəmiyyət daşıyır. Bundan başqa, Almaniyanın SEFE şirkəti ilə Azərbaycanın SOCAR arasında bu il imzalanmış qaz müqaviləsi də mühüm addım kimi dəyərləndirilib. Müqaviləyə əsasən, növbəti on il ərzində Avropa istehlakçılarına hər il 1,5 milyard kubmetr qaz tədarük olunacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре