Əli Əsədov Rusiya Dəmir Yollarının baş direktoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib

26 noyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "Rusiya Dəmir Yolları" ASC-nin Baş direktoru - İdarə Heyətinin sədri Oleq Belozyorov ilə görüşüb.

Nazirlər Kabinetindən Day.Az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Bildirilib ki, üsusi diqqət nəqliyyat-logistika sahəsində, o cümlədən dəmir yolları arasında qarşılıqlı əməkdaşlığa yönəldilib.

Regionun tranzit potensialının artırılması istiqamətində birgə səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı üzrə işlərin sinxron şəkildə aparılmasının və bu marşrut üzrə yükdaşımalarının sabit artımının təmin edilməsinin vacibliyi qeyd edilib.

Görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.