Azərbaycanın təhsil sistemi inqilabi dəyişikliklər ərəfəsində - Detallar açıqlandı
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev kadr hazırlığı barədə danışıb.
Prezident "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib ki, biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik.
"Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir".
Məlumdur ki, cəmiyyət üçün tədris proqramında edilən dəyişikliklər ciddi əhəmiyyət daşıyır. Bu səbəbdən işlərin hansı istiqamətdə aparılacağı xüsusi önəm kəsb edir.

Azərbaycanda tədris proqramında hansı dəyişikliklər edilə bilər?
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu Day.Az-a açıqlama prosesin hansı istiqamətlərdə aparıla biləcəyini izah edib.
"Cənab Prezidentin də vurğuladığı kimi, rəqəmsal transformasiya qısa müddətli deyil, uzunmüddətli bir prosesdir və buna uyğun olaraq təhsil proqramlarında sistemli dəyişikliklər edilməlidir. Bu, zamanın, dövrün və inkişaf etmiş texnologiyaların tələbidir. Məktəblərdə müxtəlif istiqamətlərdə yeniliklər faydalı ola bilər. Məsələn, erkən yaşdan rəqəmsal savadlılıq - ibtidai siniflərdən başlayaraq rəqəmsal savadlılıq, təhlükəsiz internet istifadəsi və informasiya mədəniyyəti istiqamətində fənlərin tədrisi mümkündür. Şagirdlər texnologiyanı sadəcə istifadə etməyi deyil, onu anlayaraq istifadə etməyi öyrənməlidirlər."
Rizvan Fikrətoğlu deyib ki, əsas məsələlərdən biri proqramlaşdırma və alqoritmik düşüncədir.
"Orta siniflərdən etibarən proqramlaşdırmanın əsasları, məsələn blok əsaslı kodlaşdırma, daha sonra isə daha inkişaf etmiş proqramlaşdırma dilləri tədris edilə bilər. Burada məqsəd hər kəsi proqramçı etmək deyil, məntiqi və analitik düşüncəni inkişaf etdirməkdir. Üçüncü məsələ süni intellekt və məlumat savadlılığıdır. Yuxarı siniflərdə süni intellektin əsas prinsipləri, məlumatların analizi və rəqəmsal etika mövzuları əlavə oluna bilər. Şagirdlər süni intellektin imkanlarını və risklərini öyrənib dərk etməlidirlər."

Təhsil eksperti praktiki və layihə əsaslı tədrisin əhəmiyyətindən də danışıb.
"Nəzəri biliklərlə yanaşı layihə əsaslı dərslər, startap düşüncəsi və komanda işi təşviq edilə bilər. Məktəblərdə texnopark tipli laboratoriyalar və ya innovasiya klubları yaradılması faydalı olar. Ən əsas məsələlərdən biri isə müəllim hazırlığıdır. Proqram dəyişiklikləri ilə yanaşı müəllimlərin də ixtisasartırma kurslarından keçməsi vacibdir. Çünki rəqəmsal təhsilin keyfiyyəti birbaşa müəllim hazırlığının səviyyəsindən asılıdır."
Fənlərarası inteqrasiyanın önəmini vurğulayan mütəxəssis deyib ki, riyaziyyat, fizika, coğrafiya və hətta humanitar fənlərdə belə rəqəmsal vasitələrdən istifadə edilə bilər.
"Bizdə artıq STEAM istiqaməti mövcuddur. STEAM məhz bu formada qurulmuş yanaşmadır. Məsələn, tarix dərsində rəqəmsal xəritələrdən, biologiyada simulyasiyalardan istifadə etmək mümkündür. Qısacası, dəyişiklik yalnız bir fənnin əlavə olunması ilə məhdudlaşmamalıdır. Bu, təfəkkürün dəyişməsi ilə bağlı olmalıdır. Məqsəd rəqəmsal bacarıqlara malik, tənqidi düşünən və qlobal rəqabətə davamlı gənclər yetişdirməkdir."

Rizvan Fikrətoğlu məsələyə kompleks yanaşmanın tərəfdarı olduğunu bildirib və qeyd edib ki, burada söhbət təkcə yeni bir fənnin əlavə edilməsindən getmir.
"Məsələ düşüncənin inkişafıdır. Məktəblərdə erkən yaşdan rəqəmsal savadlılığa üstünlük verilməli, şagirdlər texnologiyadan yalnız istifadə etməyi deyil, onu düzgün və şüurlu şəkildə tətbiq etməyi öyrənməlidirlər. Proqramlaşdırma və alqoritmik düşüncə şagirdlərin məntiqi və analitik qabiliyyətlərini inkişaf etdirməlidir. Süni intellekt və məlumat savadlılığı da bu prosesin tərkib hissəsi olmalıdır. Yəni, Cənab Prezidentin dediyi kimi, bu sahədə kompleks tədbirlər görülməlidir. Biz dünyada gedən müasir texnoloji yeniliklərə adaptasiya olunmalıyıq. Məsələ məhz bundan ibarətdir."
Elvin Səxavətoğlu
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре